Nuriyyə Hüseynova: "Kim fəxri ad alıbsa, onları təbrik edirəm"

"Yəqin mənim də zamanım gələcək, o ada məni də layiq görəcəklər"



Əməkdar artist, tanınmış xanəndə Nuriyyə Hüseynovanın Röya Ayxan, Tünzalə Ağayeva və Miri Yusifin “Xalq artisti” fəxri adı almasına etiraz etdiyi iddia olunur. Buna səbəb Əməkdar artistin xalq artisti adına layiq görülən həmkarları barədə paylaşımı olub . Xanəndə bununla bağlı açıqlama da  verib. O, günahın xalqda olduğunu bildirib: “Üç gündür, sosial şəbəkələrdə bir çox xoş olmayan ifadələrlə rastlaşıram. Bilirsiniz ki, nə qədər vətənimə, elimə, millətimə və dəyərlərimizə bağlı bir insanam. Dedi-qodu, kiminsə haqqına girmək mənə görə deyil.  

Başımı aşağı salıb, öz işlərimlə məşğulam. Halal əməyi ilə gücü çatacaq qədər mədəniyyətimizin keşiyində dayanıb, ona xidmət edirəm.  
Heç kim inciməsin, reallığı deyəcəm. Heç kimdə günah axtarmayın. Milli musiqiyə xidmət edən müğənnilərimiz, sizlərin xeyir işlərinizdə, 7-8 saat canlı ifaya görə bir az artıq pul istəyəndə deyirsiniz ki, çoxdur, endirim edin. Endirim etməyəndə də “sağ olun lazım deyilsiniz” deyirsiniz.  

Sual verirəm: ay mənim dəyərli millətim, 10 min manatdan yuxarı, fonoqram ifaya, özü də yarım saata gözünüzü qırpmadan xərcləyən, məclislərinizin başında otuzduran, şəkil çəkdirib paylaşım etmək üçün növbəyə dayanan da sizlərsiniz.  

İndi niyə təhqir edirsiniz? Bu, çox pis haldır. Ya layiq olanın qiymətini bilib, layiq olduğu yerlərə qaldırın, ya da layiq olmayanı göylərdə ulduza çevirməyin. Kimsəni müzakirə edib, artıq-əskik, təhqiramiz sözlər yazmayın. Günahı özünüzdə axtarın”. 
Xatırladaq ki, sosial şəbəkələrdə hər üç müğənninin Xalq artisti adına layiq görülməsinə fərqli yanaşanlar olub.

 Məsələyə aydınlıq gətirmək üçün  Nuriyyə Hüseynova ilə əlaqə yaratdıq. Xanəndənin nədən qıcıqlandığını soruşduq. «Şərq»ə açıqlama verən xanəndə «Mən heç vaxt real olmayan nədənsə danışmağı sevmirəm. Bəziləri kimi də pafoslu danışmaq tərzim yoxdu. Fikirlərimi açıq şəkildə dilə gətirməyi sevən insanam.

Mənim açıqlamamı niyə qıcıq olaraq qəbul edirlər, bunu anlamıram. İllərdir Azərbaycan musiqisinə, mədəniyyətinə xidmət edən insanam. Sənətim də, sənətə olan dəyərim və sevgim də göz önündədir. Allah mənə elə bir səs, istedad verib ki,  mənim kiminsə uğuruna qıcıqlanmağa ehtiyacım yoxdu. Mən xalqın sevgisini qazanan sənətkaram. Kim fəxri ad alıbsa, onları təbrik edirəm. Heç kimə də paxıllıq edəcək mədəniyyətə sahib deyiləm. Onları sevən insanlar olmasa, onlar bu qədər tanınmazlar, sevilməzlər. Ayrı-ayrı janrlarda ifa tərzi olan sənətçilərik. Onlar estrada səhnəsində olanlardı. Mən onlara niyə qıcıq olum ki? Sadəcə, sosial şəbəkələrdə onları təhqir edənlərə sözümü ünvanladım. İstəmirəm səhnədə olan dostlara, xüsusilə qadınlara artıq kimsə nəsə desin. Özünüz də müşayiət etməmiş deyilsiniz ki, onları təhqir edənlər var, şəkillərini paylaşıb müzakirələr aparırlar. Mən bu məqama qıcıqlanıb etirazımı dilə gətirmişəm ki, niyə onları təhqir edirsiz. Siz onları məclislərinizə dəvət edirsiz, konsertlərinə gedib alqışlayırsız. Bu bir reallıqdır. Bu yaxınlarda bir toy məclisinə dəvət almışdım. Çox təmtəraqlı toy idi. Həmin toya Röya da dəvət olunmuşdu. Mənim ifama mane  oldular, hiss etdim ki, toyda olanlar əylənmək istəyir, mən çıxışımı, ifamı demək olar yarımçıq kəsməli oldum. Çünki hamı Röyanın səhnəyə çıxmağını gözləyirdi. Bunların şahidi olduğum üçün deyirəm ki, siz onları bu qədər ulduz etmisizsə, ad almaqları niyə  insanları qıcıqlandırır? Mən paxıllıq edəcək qədər zəif sənətçi deyiləm. Qaldı mənim Xalq artisti almaq istəyimə. İnanın, tam səmimi deyirəm. Mən sənətimə, səhnəyə, milli musiqimizə təmənnasız xidmət edən insanam. Fəxri ad, mükafat almaq üçün səhnəyə çıxmıram. Mənim sənətimə dəyərim və sevgim var. Nə qədər də varam millətimə xidmətimdə qüsur etmərəm. Mən xalqın gözündə Xalq artisti adını qazandığımı düşünürəm. Versələr də sağ olsunlar, verməsələr də. Yəqin mənim də zamanım gələcək, o ada məni də layiq görəcəklər. Amma yenə deyirəm, o ad üçün sənətə xidmət etmirəm. Alanların gözü aydın olsun, halal xoşları olsun».