Girovların dəyişdirilməsi gözləniləndir - ÜMİD VAR

Nikol Paşinyan buna müəyyən dərəcədə razıdır. Amma “Qarabağ klanı”nın ona qarşı kampaniya başladacağından çəkinir




“Azərbaycan və Ermənistan xarici işlər nazirlərinin növbəti görüşü gözlənilir.  Görüşdə əsir və girovların “hamının hamıya” prinsipi üzrə dəyişdirilməsi müzakirə olunacaq”. Bunu “Şərq”ə açıqlamasında Sülh və Münaqişələrin Həlli Mərkəzinin rəhbəri Məhəmməd Əsədullazadə deyib. Ekspert bildirib ki, Ermənistan rəhbərliyi ilin axırına kimi razılaşmaya gedərsə, münaqişənin həllində yeni dönəm baş verə bilər: “Ermənistan baş naziri Nikol Paşinyan əsirlərin dəyişdirilməsi məsələsində müəyyən dərəcədə razıdır.

Amma “Qarabağ klanı” və Xankəndindəki separatçı rejimin bundan istifadə edərək ona qarşı hərəkətə keçəcəyindən və kampaniyaya başlayacağından çəkinir. Paşinyan “Qarabağ klanı”na qarşı olan terrorçu “Sasna Tsrer” təşkilatının sədri Safilyanla görüşüb danışıqlar aparıb. Baş nazir əsirlərin dəyişdirilməsində ondan dəstək almağa çalışır. Əsirlərin dəyişdirilməsinə nail olaraq Qərb qarşısında özünü “sülhpərvər” kimi göstərməyə cəhd edir. Hər şey Ermənistan hökumətinin tutacağı mövqedən asılıdır. Girovlar Şahbaz Quliyev və Dilqəm Əsgərovun azad olunması üçün aparılan danışıqların müsbət sonlanması gözlənilir”.  



Politoloqun sözlərinə görə, hazırda Ermənistanda daxili siyasi vəziyyət mürəkkəb olaraq qalır:

“Paşinyan “Qarabağ klanı”nın üzvlərinə və eks-hakimiyyətdə təmsil olunanların təqibini davam etdirir. Baş nazir ona qarşı hər hansı bir çevriliş cəhdindən ciddi narahatdır. Çünki “Qarabağ klanı” Rusiyanın dəstəyi ilə separatçı rəhbərliyi əlində saxlamağa çalışır. Paşinyan gələn il işğal olunmuş Azərbaycan ərazilərində keçiriləcək qondarma seçkilərə kimi “Qarabağ klanı”nı tamamilə zəiflətmək istəyir”.