Ankaradan Bakıya növbəti Qarabağ dəstəyi... - ŞƏRH

Türkiyə Azərbaycanın dərdini, problemini həll etmək istəyir



«Çavuşoğlunun dediyi kimi, Rusiya istəsə, münaqişənin həllinə nail ola bilər»



Türkiyənin Xarici İşlər naziri Mövlud Çavuşoğlu Dağlıq Qarabağ münaqişəsi ilə bağlı açıqlama verib. Türkiyə rəsmisi bildirib ki, Rusiya səylərini artırsa, Qarabağ münaqişəsi həllini tapar.

“Biz hər zaman qardaş Azərbaycanın yanındayıq. Azərbaycanın kədəri kədərimiz, sevinci sevincimizdir. Azərbaycanın işğal edilmiş torpaqlarının azad edilməsi üçün əlimizdən gələni edəcəyik. Türkiyə Prezidenti cənab Rəcəb Tayyib Ərdoğan nə vaxt Rusiya Prezidenti Vladimir Putinlə görüşsə, Qarabağ məsələsini müzakirə edir. ATƏT-in Minsk Qrupunun həmsədrlərinin işi nəticə vermədikdə, Türkiyə Prezidenti rusiyalı həmkarına dolayısı ilə bu münaqişəni Rusiyanın həll edə biləcəyini vurğulayıb. Biz münaqişənin həll edilməsi üçün səylərimizi artıracağıq. Cənab Ərdoğanın da Putinə dediyi kimi, Rusiya səylərini artırsa, bu problem həll olunar. Bu, Ermənistanın da xeyrinə olar. Çünki onlar regiondan təcrid olunublar”.



Mövzu ətrafında fikirlərini “Şərq”lə bölüşən “Atlas” Araşdırmalar Mərkəzinin sədri, politoloq Elxan Şahinoğlu bildirib ki, belə çağırışlar Türkiyə tərəfindən ilk dəfə səsləndirilmir:

“Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan da bir neçə dəfə bu fikirləri söyləyib. Hətta bir dəfə açıqlama da verdi ki, “Rusiya Prezidenti məsələnin mürəkkəb olduğunu mənə bildirib”. Türkiyə münaqişənin həllini sürətləndirmək istəyir. Bunu Türkiyə rəsmiləri hər zaman qeyd ediblər. Təəssüf ki, Türkiyə Minsk Qrupunun həmsədri deyil. Ankara Bakının strateji müttəfiqidir, Azərbaycanın dərdini, problemini həll etmək istəyir. Biz bu açıqlamaları ara-sıra eşdirik. Təəssüf ki, Rusiyadan adekvat cavablar yoxdur. Türkiyə rəsmiləri belə açıqlamaları niyə verirlər? Çünki bilirlər ki, Rusiyanın Ermənistana təzyiq imkanları kifayət qədərdir. Çavuşoğlunun dediyi kimi, Rusiya istəsə, qısa müddətdə bu münaqişənin həllinə nail ola bilər. Düşünürəm ki, Suriya məsələsində Türkiyə-Rusiya əməkdaşlığı varkən, bu əməkdaşlığı gələcəkdə Dağlıq Qarabağ münaqişəsinin həllində də inkişaf etdirmək mümkün olsun. Yetər ki, Rusiya bunu istəsin”.