Halal olsun sənə Arzu: Təkcə Poznerə yox, ermənipərəstlərin hamısına dərs oldu

"Vladimir Pozneri cağdaş rus jurnalistikasının zirvəsi və hətta vicdanı sayanlar çoxdur. Amma azərbaycanlı gənc qız göstərdi ki, Pozner "o, əl uzadılıb salam veriləsi adam deyil" - dediyi Vladimir Solovyovdan elə də çox fərqlənmir".

Sherg.az-ın xəbərinə görə, bunu deputat Sahib Alıyev Amerikada yaşayan Arzu Məmmədovanın ermənipərəst Vladimir Pozneri öz sualı ilə aciz qoymasına münasibət bildirərkən deyib. 



S.Alıyev vurğulayıb ki, Pozner də Solovyov kimi haylara muzdlu xidmət edir, etdiyi üçün də Qarabağı onların adına çıxır:

"İndi Amerikada yaşayan, amma əslən Qarabağdan olan Arzu Məmmədova hayların bol olduğu Kaliforniyadakı toplantılardan birində həyasızcasına "Qarabağın rəsmən Ermənistanın torpağı" olduğunu bildirən Pozneri cox mədəni şəkildə, amma sərrastlıqla yerində oturdub. Böyük bir auditoriya qarşısında bu hay muzdlusuna BMT qətnamələrini xatırlatmaqla üzünə deyilməsi ki, "Qarabağ rəsmən Ermənistan torpağı " deyil, Qarabağ rəsmən Ermənistanın işğalı altındadır və siz belə davranışla uşaq, qadın cəlladlarını dəstəkləyir, minlərlə azərbaycanlının haqqını tapdayırsınız - bu, sözün hər anlamında ona verilən dərs idi. Dərs idi ki, sən çox təcrübəli və hazırlıqlı jurnalist ola bilərsən, amma satılmısansa, satıldığın üçün də qərəzlisənsə, illlərlə yaratığın imici nəvən yaşda bir qızcığaz darmadağın edər. Haladır əziz Arzu, əslində sən bununla təkcə Poznerə yox, xaricdə hakimiyyəti tənqid adı altında dövlətimizi gözdən salan, söyüş söyən, böhtan və təhqir yağdıran "azərbaycanlı"lara da dərs verdin, göstərdin ki, əsl vətənpərvərlik necə olur".

Qeyd edək ki, Ermənipərəst mövqeyi ilə tanınan rusiyalı jurnalist və aparıcı Vladimir Pozner Kaliforniyada çıxışı zamanı Dağlıq Qarabağdan olan azərbaycanlı Arzu Məmmədovanın sualı qarşısında çıxılmaz vəziyyətdə qalıb.



Qarabağ bölgəsindən olduğunu deyən Arzu Azərbaycanda bütün xalqların sülh şəraitində yaşadığını və heç bir xalqa, o cümlədən İsrail vətəndaşlarına qarşı ayrı-seçkilik olmadığını deyib. O qeyd edib ki, Vladimir Pozner kimi səviyyəli jurnalist qərəzsiz olmalıdır:

"Dağlıq Qarabağ- Ermənistanın rəsmi olaraq işğal etdiyi ərazidir. Azərbaycanın işğal olunmuş ərazilərinin qeyd-şərtsiz qaytarılması barədə BMT qətnamələri var. Dünyanın heç bir ölkəsi, o cümlədən Ermənistan Dağlıq Qarabağı müstəqil dövlət kimi tanımır".

A.Məmmədova bildirib ki, azərbaycanlılar və ermənilər uzun illər Dağlıq Qarabağada birlikdə yaşayıb, hətta indiyədək Bakının mərkəzində erməni kilsəsi yerləşir.

"Siz Ermənistanı dəstəkləməklə qadın və uşaqların qatillərini alqışlayır, mən və ailəm də daxil olmaqla məcburi köçkün düşmüş minlərlə azərbaycanlıya qarşı ayrı-seçkilik edirsiniz. Sizcə, söz azadlığı ilə nifrət hissi arasındakı xətt haradan keçir?", - deyə Arzu soruşub.

Nə deyəcəyini bilməyən Vladimir Pozner Dağlıq Qarabağın Ermənistanın rəsmi olaraq tanınan ərazisi adlandırıb. Bu zaman Məmmədova onun sözünü kəsərək Dağlıq Qarabağın Azərbaycanın rəsmi ərazisi olduğunu bildirib.