"Qulp qoşmayın" - Alim Van Dammın heykəlinə lağ edənlərə səsləndi

Qəbələ rayonunun Vəndam kəndində məşhur amerikalı aktyor Jan Klod Van Damma abidə qoyulub. Bu barədə jurnalist Şakir Eminbəyli öz feysbuk səhifəsində status paylaşıb. O, bildirib ki, abidənin müəllifi məşhur heykəltaraş Azad Əliyevdir. 

Abidə sosial şəbəkə istifadəçiləri tərəfindən birmənalı qarşılanmayıb. Bir qisim insanlar Qəbələ rayonunda heykəlin qoyulmasını düzgün hesab etmirlər. Onların sözlərinə görə, Vəndam kəndinin amerikalı aktyorla heç bir əlaqəsi yoxdur və yaradılan abidə mənasızdır. Digər qisim isə burada qeyri-adi bir məqam olmadığını, əksinə bu hadisənin ölkəmizdə turizmin inkişafı üçün səmərəli olacağını düşünür.

Mövzu ətrafında fikirlərini Sherg.az-la bölüşən sosioloq-alim Əhməd Qəşəmoğlu bildirib ki, Qəbələdə Van Dammın heykəlinin qoyulmasında qeyri-adi hal yoxdur.



Əhməd Qəşəmoğlu: "Burada pis heç nə görmürəm"


Sosioloqun sözlərinə görə, bu hadisəni tamamilə normal qəbul etmək lazımdır:

“Adam belə halları görəndə təəssüf hissi keçirir. Bu kimi heykəllər dünyanın hər yerində yayılıb. Hansısa tanınmış adama heykəl qoyurlar və yaxşı qarşılanır. Belə hadisələr xüsusilə Avropada geniş yayılıb. Bu, həmin adama hörmət mənasındadır, həm də bir qədər reklam xarakteri daşıyır. Burada pis nəsə yoxdur. Amma bizim camaat nəyəsə qulp qoşmaq üçün məqam axtarır. Qulp qoşma ölkəmizdə kifayət qədər çoxdur. Bunun özü o qədər də yaxşı göstərici deyil, hər işə qulp qoşmaq nəyə lazımdır? Əgər heykəl adət-ənənələrimizə zidd olsaydı, pornoqrafik xarakerli abidə yaradılsaydı və ya xalqımızın düşməni olan şəxsin heykəli qoyulsaydı buna etiraz etmək olardı. Amma Qəbələdəki abidə yarı yumoristik olan və reklam  üçün istifadə edilən texnologiyadır. Burada pis heç nə görmürəm”.