Özümüz deyib, özümüz eşitməməliyik: Əcnəbi dillərdə media quruluşlarının olması vacibdir

Qoşulmama Hərəkatına üzv ölkələrin dövlət və hökumət başçılarının XVIII Bakı Zirvə Görüşü Azərbaycanı yenə dünyanın mərkəzinə gətirdi. Zirvə Görüşündə dünyanın 158 ölkəsindən nümayəndələr iştirak etmişdi. Bu isə Azərbaycana 158 nöqtədən baxış deməkdir. Ölkəmizin dünyanın diqqət mərkəzində olduğu hazırkı dönəmdə düzgün və dolğun informasiyalara daha çox zərurət yaranır. Bu məsələdə informasiya resurslarımızın üzərinə düşən vəzifənin öhdəsindən gələ bilirmi? Vəzifənin icrası dedikdə, dövlət agentliyi, rəsmi mətbuat və informasiya saytlarının fəaliyyətini çözələmək fikrində deyilik.

Bu resursların vəzifəsini layiqincə yerinə yetirdiyi məlumdur. Söhbət müstəqil mediadan, internet resurslarından gedir. Məsələ, ölkədə baş verən hadisələrin real və operativ şəkildə məhz ölkə xaricinə çatdırılmasıdır. Daxildə informasiya bolluğundan şikayətlənə bilmərik. Amma özümüz deyib özümüz eşitməməliyik. Üstəlik, cərəyan edən hadisələr ölkəmizin beynəlxalq imicinin yüksəlməsinə xidmət edirsə. Bu halda informasiyaların, əvvəlcə yaxın, sonra uzaq qonşulara çatdırılması və davamlı olaraq da ölkə hüdudlarını aşması vacib şərt kimi qarşıya qoyulmalıdır. 

Qonşulardan başlayaq


Sovet illərində Azərbaycan radiosunda rus, erməni, fars dillərində verilişlər olardı. Məşhur lətifə də vardı ermənilərlə bağlı. Erməni qadın oğlunu axtarır, radioda eşidir ki, “xosuma Baku”, qadın sevinir: “oğlum Bakıdadı!”. Məlumdur ki, ermənicə deyilən ifadənin tərcüməsi “Danışır Bakı” idi. Sadəcə, belə bir lətifə qoşulmuşdu. Dediyimiz bu ki, o zamanlar erməni dilində veriliş yayımlanırdı və sovet Azərbaycanında baş verən hadisələr qonşu Ermənistana bu şəkildə çatdırılırdı. Həmçinin fars dilində də proqram vardı, güneyli soydaşlarımıza bu vasitə ilə yaxınlıq duyur, sanki uzaqdan-uzağa da olsa onlarla danışır, ünsiyyət yaradırdıq. Güney Azərbaycan redaksiyası əlbəttə, tamam başqa mövzudur. Biz hələ ki, rəsmi informasiyaların yaxın qonşularımıza çatdırılmasını xatırladırıq. İndi imkanlar daha böyük, sovet illəri ilə müqayisəyəgəlməz dərəcədə genişdir. Dünya internet üzərindən danışır. İnternet üzərindən ünsiyyət saxlayır. Belə vaxtda əldə olan imkanlardan lazımi dərəcədə bəhrələnə bilirikmi? 
       
Azərbaycan Televiziyası və Radiosu Qapalı Səhmdar Cəmiyyətinin peşəkar diktoru, özünün dediyi kimi, ömrünün 47 ilini sevimli peşəsinə həsr etmiş Eldost Bayram bizimlə söhbətində mövcud vəziyyəti anlatdı: 

- Hər gün saat 15:00-da rus dilində 10 dəqiqəlik “Xəbərlər” proqramı yayımlanır. Azərbaycan Radiosunun rus dili, fars dili redaksiyaları var. Məncə, erməni dili redaksiyası da var, sadəcə, mənim iş qrafikim o redaksiya əməkdaşları ilə üst-üstə düşmədiyindən onları görmürəm. Bundan başqa, ləzgi, kürd, gürcü dilində də respublikada baş verən hadisələr barədə informasiyalar verilir. Ölkəmizdə yaşayan bu xalqların dilində ayrıca informasiya bloku var. Əvvəllər ingilis dilində də informasiyalar verilirdi. Son vaxtlar bu barədə məlumatsızam. Əlbəttə, ölkəmizdə baş verən hadisələrlə bağlı qonşu ölkələrin məlumatlı olması vacibdir. Hazırda Azərbaycan dünyanın mərkəzinə çevrilib. Bu, dövlətimizin yürütdüyü düzgün siyasi xəttin nəticəsidir. Bu, həm də tolerantlığın, balanslaşdırılımış siyasətin bəhrəsidir. Biz Azərbaycanın hər uğuruna sevinməliyik. Mənim də bir vətəndaş kimi narazı qaldığım məsələlər ola bilər, amma harda ki, dövlət maraqları yüksəkdə dayanır, o məsələdə biz hamımız dövlətimizin yanında olmalıyıq. Şəxsən mən Qoşulmama Hərəkatına üzv dövlətlərin Bakıda keçirilən Zirvə Görüşündə zalda əyləşmiş qonaqlara baxanda gözlərim doldu, çox təsirləndim. Görün, Azərbaycan dünyada necə tanınır, necə nüfuz sahibinə çevrilib. Bu dövlətini sevən hər bir vətəndaşı qürurlandırmalıdır. 47 ildir mən Azərbaycan radiosunda çalışıram. Azərbaycan televiziyası və radiosu ölkənin mənəviyyat mərkəzinə çevrilib artıq. Çatışmayan cəhət bircə dinamiklik, sürət idi, o da yeni rəhbərlik sayəsində həllini tapdı. Bu sürət və dinamikliyi bütün informasiya yayımçılığına şamil etmək lazımdır. Xəbər siyasətinin dövlətin nəzarəti altında olması yaxşıdır. Azərbaycanın xeyrinə olan xəbərlərin dünyaya operativ və dolğun çatdırılması işində rəsmi xəbər agentlikləri, onlayn media cəldlik nümayiş etdirməlidir. Narahat edən məsələ xəbər saytlarına nəzarətin olmamısıdır. Son dövrlərdə çoxalan internet media dilimizi bərbad günə qoyduğu kimi, xəbər yayıcılığında da peşəkarlığa istinad etmir. “Hamıdan önə düşmək” prinsipi ilə hərəkət etmək istəyirlər, amma peşəkarlığa diqqət etmirlər. Çalışmaq lazımdır, əvvəlcə peşəkarlıq, xəbər yayımı şərtləri qorunsun. Əcnəbi dillərdə informasiya saytlarının olmasına da ehtiyac var. Biz informasiyaların timsalında səsimizi nə qədər uzağa çatdıra biləcəyiksə, demək, bir o qədər əraziləri əhatələmiş, həqiqətləri dünyaya yaymış olacağıq.                  

Xarici media quruluşları arasında əlaqələr vacibdir


Uzaqlardan danışırıq, amma bəzən, lap yaxın qonşularımız – Rusiya, Gürcüstan, hətta qardaş Türkiyədə Azərbaycan haqqında informasiya qıtlığı yaşandığını görürük. Eləcə də bu ölkələrdə baş verən hadisələr barədə Azərbaycan insanı məlumatsız olur. Məsələn, Rusiyada baş verən hadisələrlə bağlı Azərbaycan informasiya yayımçılarından xəbər tutmaq olmur, Rusiyada baş verən hadisələri digər ölkələrin, tutalım, fransız mediasından öyrənirik. Xəbərin ilk qaynağını itirmiş oluruq. Halbuki Rusiya ən yaxın qonşularımızdandı və orada baş verən hadisələrin hər hansı formada bizə daha çox aidiyyəti vardır. Amma bu gün ölkədə neçə rusdilli sayt, xəbər portalı fəaliyyət göstərir və onların fəaliyyəti qənaətbəxşdirmi? 
Xatırlayırsınızsa, bir müddət öncə Bakıda həm islam ölkələri media nümayəndələrinin iştirakı ilə beynəlxalq konfrans keçirildi, həmçinin türk dövlətlərinin media platformasının yaradılması çağırışları səsləndi.   

Azvision.az saytının baş redaktoru Vüsal Məmmədov hesab edir ki, istər islam ölkələri, istərsə də türk dünyası  jurnalistlərinin əməkdaşlığının genişləndirilməsi nə qədər vacibdirsə, əcnəbi dillərdə xəbər saytlarının fəaliyyətinin genişləndirilməsi də bir o qədər zəruridir: 

- İslam ölkələrində Azərbaycan haqqında, eləcə də bizdə islam ölkələri haqqında məlumatlar azdır. Məsələn, bizim jurnalistlər Fələstin problemi haqqında sizcə, nə qədər biliyə sahibdir? Bu suala cavab tapmaqla, qarşı tərəfin də Azərbaycan haqqında nə qədər bilgiyə sahib olduğunu, aşağı-yuxarı, təxmin edə bilərik. Ona görə də məncə, xarici ölkələrin media nümayəndələri Azərbaycana nə qədər çox səfər etsələr, bir o qədər yaxşıdır. Bu səfərlərdən, yaxud da keçirilən geniş tərkibli görüşlərdən, konfranslardan həmən hansısa yüksək nəticə gözləməməliyik. Əlaqələr zamanla genişlənəcək. Səfərlər davamlı olmalıdır. Uzun müddət lazımdır ki, islam ölkələrinin media nümayəndələri biri-birini tanısın, yaxın ünsiyyət yaransın, dostluq münasibətləri formalaşsın. Tanışlıq birinci mərhələdir, işin başlanğıcıdır. Görüşməliyik, danışmalıyıq, tanış olmalıyıq. Sonrakı mərhələlərdə artıq media quruluşları arasında da əlaqələr qurula bilər, şəxsi münasibətlər də formalaşa bilər. Belə olduqda  zaman-zaman birgə layihələr də ortaya çıxacaq. Artıq biri-birimizə inam yaranmış olacaq. Münasibətlər sıxlaşdıqca əlaqələr də genişlənəcək, möhkəmlənəcək.  O zaman artıq informasiya mübadiləsinə də başlaya bilərik. Azərbaycana aid xəbərlərin ərəb, həmçinin türk dünyası kütləvi informasiya vasitələrində, onların məlumatlarının bizdə yayılması, belə qarşılıqlı xəbərləşmələr, əcnəbi televiziyalarda Azərbaycanla bağlı süjetlərin, reportajların verilməsinə çalışmalıyıq. Bunlar hamısı gercəkləşməsi vacib məsələlərdir. 
Jurnalistlər arasında canlı ünsiyyət, görüşlər ikitərəfli əlaqələrin daha tez möhkəmlənməsinə şərait yaradır. Əlaqələrin qurulması üçün canlı ünsiyyətə, görüşlərə üstünlük verilməlidir. Görüşlərdə fikri daha açıq, daha dolğun ifadə etmək mümkündür. Doğrudur, müasir dünyada internet resursları böyük əhəmiyyət kəsb edir, bu, danılmazdır. Bu saat hamı internet imkanlarından geniş bəhrələnir. Onlayn xəbərləşmə, paylaşımlar, hamı üçün əlçatandır, xüsusilə də media nümayəndələrinə. Amma qarşılıqlı səfərlər, görüşlər və canlı ünsiyyəti heç nə əvəz edə bilməz. Bu addımlar çərçivəsində islam ölkələri media nümayəndələri və media quruluşları arasında dostluq qrupunun yaradılması çox yaxşı olardı. Məsələn, ortaq bir informasiya saytı yaratmaq olar. İnternet resurslarında əməkdaşlığın genişləndirilməsi üçün bu da vacibdir. Hər ölkənin öz dilində informasiyalarını yaymasına imkan tanınmalıdır. 

Ortaq media platformaları gözlənilən nəticələr verə bilər 


Əməkdar jurnalist Azər Həsrət hesab edir ki, ortaq media platformalarının yaranmasından hədəflərimizi aydın bilməliyik:  

- Əsas məsələ informasiya mübadiləsidir. Açığı, bizim türk dünyası mediası ilə əlaqələrimiz zəifdir. Türk dünyası dedikdə, yalnız Türkiyə dövləti nəzərə gəlməməlidir. Bu, ümumi işin ziyanına olar. Türk dünyası çox geniş bir arealdır. Bunun Özbəkistanı var, Qazaxıstanı, Qırğızıstanı, Türkmənistanı var. Güney Azərbaycan var. Biz niyə Güneydə yaşayan 40 milyon soydaşımızı unuduruq?! Bilməliyik, öyrənməliyik ki, Azərbaycanın güneyində mətbuatın, medianın, internet mediası hansı durumdadır. Niyə biz güneyli jurnalist həmkarlarımızla, media quruluşları ilə əlaqələr yaratmayaq? Eləcə də, xarici ölkələrdə media quruluşlarında fəaliyyət göstərən türk həmkarlarımızla əlaqələrimiz qurulmalı və birgə fəaliyyətə meyil etməliyik. O zaman bizim ortaq informasiya siyasətimiz, bizə lazım olan, xeyrimizə olan informasiyaların yayılmasını da təmin edə biləcəyik. Deməli, türk dünyasının ortaq Media Platformasından gözləntimiz ilk növbədə ortaq informasiya mübadiləsidir. İkincisi, türk coğrafiyasına aid məsələlərin beynəlxalq aləmə çatdırılması, gündəmə gətirilməsi məsələsidir. Bunun üçün də mütləq sıx əlaqələr qurulmalı, jurnalist şəbəkəsi fəaliyyət göstərməlidir. Üçüncüsü, bizim ümumi problemlərin tanıdılması, çatdırılmasıdır. Tarixi günlərdə, əlamətdar hadisələr zamanı, unudulması yasaq olan faciələrimizin anım günlərində birgə layihələr həyata keçirilməli, görüşlər, media körpüləri təşkil edilməlidir. Ən əsası da bunlar barədə məlumatların dünya mediasına çıxışı təmin edilməlidir. 

A.Həsrət özümüzü nə qədər yaxın hesab etsək də, türk dünyası jurnalistlərinin biri-birini yaxşı tanımadığını da bildirdi:

- Biz hələ biri-birimizi tanımırıq. Elə bilirik, tanıyırıq, amma yox, belə deyil. Mən özüm də şahidi olmuşam ki, Qarabağ problemi, Ermənistanın Azərbaycana hərbi təcavüzü, torpaqlarımızın işğalı, qaçqınlarımız, yurd-yuvasından didərgin düşmüş soydaşlarımız barədə türk dünyası jurnalistləri məlumatsızdırlar. Media quruluşlarında bu barədə məlumat ya ümumiyyətlə yoxdur, varsa da, çox az, bəzən hətta yanlış informasiyalardır. Ona görə də gərək əvvəlcə biri-birimizi tanıyaq, hansı problemlərlə üz-üzə olduğumuzu, hansı tarixi gerçəkliklərlə yaşadığımızı, siyasi-ictimai mühiti öyrənək. Belə olduğu təqdirdə, bəli, media platformaları da effekt verəcək, birgə layihələr də uğurlu alınacaq.