Gənc ailələr nə ev ala bilir, nə də güzəştli kredit: ŞƏRTLƏR AĞIRDIR

“Çoxlu sayda gənc ailə güzəştli kateqoriyaya düşmədikləri üçün sosial ev ala və güzəştli ipoteka kreditlərinə müraciət edə bilmir”. 
Bunu “Şərq”ə açıqlamasında İqtisadi və Sosial İnkişaf Mərkəzinin sədri, iqtisadçı ekspert Vüqar Bayramov deyib.  İqtisadçı bəyan edib ki, sosial mənzil və eləcə də güzəştli ipoteka kreditinə müraciət hüququnun necə müəyyənləşdirilməsi son dövrlər müzakirə edilən məsələlərdəndir.

Ekspertin sözlərinə görə, mövcud problem evsiz gənc ailələrin bir qisminin məhz bu güzəştlərdən yararlanmasına imkan vermir:

“İSİM-in tədqiqatları göstərir ki, güzəştli kateqoriyaya daxil olan qrupların siyahısına yenidən baxılıb dəyişdirilməsinə ehtiyac var. Belə ki, bu güzəştli siyahı müəyyənləşdirilən zaman çatışmazlıqlara yol verilib. Məsələn, qaydalara əsasən ən azı 3 il dövlət qulluğunda və o cümlədən dövlət qulluğunun xüsusi növündə xidmət keçən şəxs sosial mənzilə müraciət edə bilər. Dövlət ümumtəhsil məktəbində müəllim işləyən şəxs isə yalnız 5 ildən sonra bu hüququ əldə edir. Bu o deməkdir ki, qüvvədə olan qaydalara görə, məmur 3, müəllim isə 5 ildən sonra güzəştli mənzil və ya ipoteka əldə etmək hüququ qazanır. Maraqlıdır, hansı meyarlar ilə məmurlar üçün 3 il, müəllimlər üçün daha uzun müddət müəyyənləşib? Məgər, cəmiyyət üçün müəllim məmurdan az faydalıdır?! Biz təklif edirik ki, müəllimlər üçün güzəşt hüququ 1 ilə endirilsin və onlara daha qısa zamanda güzəştli mənzil əldə etmək hüququ verilsin”. 



Ekspert təklif edir ki, sosial mənzil və güzəştli ipoteka kreditinin şərtləri yüngülləşdirilsin


V.Bayramov bildirib ki, 15 il məmur işləyən vətəndaşa gənc ailə olmasa da, güzəşt əldə etmək hüququ verilir. Amma müəllimlər üçün belə hüquq yoxdur:

“Bu o deməkdir ki, əgər müəllim ailəsində ailə başçılarının birinin yaşı 35-dən çoxdursa, o sosial mənzilə və güzəştli ipotekaya müraciət hüququna malik olmur. Buna görə də, 15 ildən çox müəllim işləmiş vətəndaşlarımıza belə hüququn verilməsi sosial ədalət baxımdan çox vacibdir. Daha yaxşı olardı ki, məcburi köçkünlər, şəhid ailələri və milli qəhrəman ailələrinin ev problemləri pulsuz mənzil təminatı çərçivəsində həll olunsun. İndiyədək məcburi köçkünlərə 34 min 591 mənzil verilib və onların sosial vəziyyətinin yaxşılaşdırılması üçün 7.1 milyard manat vəsait ayrılıb”.



İqtisadçı vurğulayıb ki, gələn il Mənzil İnşaat Dövlət Agentliyi Hövsanda 3 min mənzili satışa çıxarmaq niyyətindədir:

“Gəncə, Sumqayıt və digər bölgələrimizdə də sosial binalar inşa edilməkdədir. Belə olan halda müraciət hüququ verən siyahının genişləndirilməsinə ehtiyac var. Xüsusən, regionlarda müraciət hüququ daha çox vətəndaşlarımıza şamil olunmalıdır. Digər tərəfdən, bu gün qeydiyyatsız evlərdə yaşayanlar həyət evlərini inşa etmək üçün 40-80 min manat pul xərcləyirlər. Amma hələ də evləri qeydiyyata alınmayıb və mülkiyyət hüquqları tanınmır. Əgər 40-50 min manatlıq 3 otaqlı ekonom evlər təklif olunsaydı, onlar qeydiyyatsız evlər inşa edərdilərmi? Əksəriyyəti bu halda qeydiyyatlı və təmirli mənzillərə üstünlük verərdilər. Bu baxımdan, sosial evlər məhz həmin ailələrin də mənzil probleminin aradan qaldırılmasına ünvanlanmalıdır”.