"O, Türkiyəyə gerçək bir Cümhuriyyət verdi" - Fransız siyasətçi Atatürklə görüşündən yazıb


  Fransız siyasətçi Eduard Herriot, Cümhuriyyətin 10-cu ilində Türkiyəyə gəlib və Atatürklə görüşüb. Sonra "Orient" adlı kitabında gənc Türkiyə Cümhuriyyəti və Atatürkə təriflər yağdırıb.

 Sherg.az türk mediasına istinadən xəbər verir ki, Herriot kitabında "Qazinin əsəri heyran edir. Atatürk Türkiyəyə gerçək bir Cümhuriyyət verdi. Səthi tənqidlər və böhtanlar onun əsərinin müvəffəqiyyətini əsla örtə bilməz" deyə yazıb.

 

Fransız siyasətçi Eduard Herriot (1872-1957) ölkəsində Baş nazir, Məclis sədri, nazir, senator və Lyon bələdiyyəsinin başçısı olub. Cümhuriyyətin 10-cu ilində Türkiyəyə gəlib Atatürk və İnönü ilə görüşən Herriot, Fransaya döndüyü zaman tam bir Türkiyə və Atatürk pərəstişkarı idi. Fransada 1933-cü ildə təşkil etdiyi konfranslarda Cümhuriyyət möcüzəsini izah edir, 1934-cü ildə çap olunan "Orient" adlı kitabında gənc Türkiyə Cümhuriyyəti və Atatürkdən təriflə danışırdı.

 "Məktəblər təsir etdi"

 Herriot  1933-cü ilin 16 avqustunda İstanbula ayaq basdığı zaman Cümhuriyyətin 10-cu ilini qeyd etməyə saylı günlər qalmışdı. Ankaraya gedən Herriot o dövrün Baş naziri İsmət İnönü və Xarici işlər naziri Tofiq Rüştü Aras  ilə görüşür. Herriot sonra jurnalistlərin "Ən çox nələrdən təsirləndiniz?" sualına, "Hər yerdə gördüyüm məktəblərdən" cavabını verib. Fransız siyasətçinin "məktəb" sözünü türkcə söyləməsi hər kəsi çaşdırmışdı. Bunu, "Mustafa Kamalın gənc Cümhuriyyətinin təhsil sistemindən çox təsirləndim, bu səbəblə məktəb sözünü əzbərlədim" deyə açıqlayırdı.

  Herriot ilə görüşən jurnalistlərdən biri də Abidin Dino idi. Dino, Fransalı  siyasətçiyə Türkiyəyə marağının nə vaxt başladığını soruşanda, Herriot bu cavabı verib:

"Türkiyəyə 25 il əvvəl gəldim. O zamandan bəri türk - fransız dostluğuna xidmət etməyə çalışdım. Bu dəfə Türkiyəni çox dəyişmiş gördüm. İzmirdəki maarif fəaliyyətləri heyrətlidir. Tikilən məktəblər bitmək üzrədir. 

"Heyran qaldım"

Jurnalistlərə heyranlığını bu sözlərlə izah edən Herriot deyib: "İstiqlalınızı yaxından izləmişdim. Türkiyəyə hara gəldiyimi bilərək gəlirdim. Lakin gözlərimlə gördükdən sonra heyran oldum. Bir lider milləti ilə birlikdə möhtəşəm bir əsər yaratmışdı. Mən dünyəviyəm, sol cinaha mənsubam. Buna görə də Türkiyədə olduğum günlərdə gənc bir Cümhuriyyət havasının yaşadığımı hiss etdim. Qazinin və yoldaşlarının qurduqları bina hansı tərəfdən baxılsa, gözəldir. Türklüyün keçmişinə aid aparılan araşdırmalar, milləti böyük keçmişinə bağlamaq baxımından mükəmməldir. 1909-cu ildə, Mahmud Şövkət Paşanın zamanındakı Türkiyə ilə bu günkü Türkiyənin fərqi, gecə ilə gündüz fərqi kimidir. Bu gün İstanbula gedirəm, Qazi Həzrətlərindən müsahibə alacam. Türk millətinə məndən salam deyin." 

"Zəkasıyla böyük iz buraxdı"





 Ankaradan sonra qatarla İstanbula gələn Herriot, 21 avqust 1933-cü ildə, Dolmabahçe Sarayında Atatürk tərəfindən qəbul edilir. Görüş təxminən üç saat çəkir. Bu görüşdə xarici işlər naziri Tofiq Rüştü Aras  da iştirak edir. Atatürk, Herriota imzalı bir "Nitq" hədiyyə edir, fransız siyasətçi görüşdən sonra jurnalistlərə belə açıqlama verir:

"Qazi həzrətləri ilə üç saat görüşdük, doğru və uzaq görən gözlər gördüm. Ankaranı gördükdən və Qazi həzrətləri ilə görüşdükdən sonra sizə təsüratlarımı bölüşə bilərəm: Türkiyədə Cümhuriyyəti özünə xas bir yolunu tutub. Hökumət adamları Cümhuriyyət prinsiplərini millətin xarakterinə uyğunlaşdırmağa müvəffəq olub. Hər şey tam vaxtında edilmiş və müvəffəqiyyətlə edilmişdir.  Ankarada mənə ən çox təsir edən nöqtə, hər şeyin mənə səmimi və açıq deyilməsi idi, mən də eyni sadəlik və səmimiyyətlə cavab verdim. Tənqidlərim olsaydı, onu bəlkə üstüörtülü   şəkildə edərdim, lakin tənqid edəcək bir nöqtə görə bilmədiyimi söyləyə bilərəm. Ankara ziyarətimdən çox məmnunam. Maarifə çox əhəmiyyət verilib.  Ankarada gördüyüm İsmət Paşa İnstitutu, Fransada belə tayı- bərabəri olmayan bir məktəbdir; bu müəssisənin müəllimlərini Lyona dəvət etdim. Ankara Muzeyini və Ankara Qalasını ziyarətim də çox işimə yaradı, faydalı bir çox qeydlər götürdüm. Cümhuriyyət lideri olaraq Qazi Mustafa Kamal ilə müsahibələrin ən faydalısını, ən diqqətə səbəb olanını götürməklə öyünürəm. Ciddiliyi və zəkasının dərinliyi məndə  dərin bir təəssürat yaratdı. Hərbçi, sözün bütün mənasıyla bir hökumət adamı olmuşdur. O, Türkiyəyə gerçək bir Cümhuriyyət verdi. Səthi tənqidlər və böhtanlar onun əsərinin müvəffəqiyyətini örtə bilməz!"

 Hazırladı: Yusif Nəzərli