MDB Müdafiə nazirlərinin iclasından gözlənti - ŞƏRH

Sabah Bakıda MDB Müdafiə Nazirləri Şurasının iclası keçiriləcək. İclasın gündəliyi açıqlanıb.  Şura üzvləri MDB ölkələrinin 2025-ci ilədək hərbi əməkdaşlıq konsepsiyalarının layihələrini, radiasiya, kimyəvi və bioloji vəziyyətə dair birgə sistemin hazırlanmasını müzakirə edəcəklər.

Bundan əlavə, MDB ölkələrinin ortaq hava hücumundan müdafiə sisteminin 2020-ci ildə həyata keçirəcəyi birgə fəaliyyəti ilə bağlı fikir mübadiləsi aparılacaq. İclasda hərbi-humanitar mütəxəssislərin hazırlanması və çoxtərəfli hərbi əməkdaşlığın birgə tədbirlərinə informasiya dəstəyinin təşkili sahəsində fəaliyyətlərinin müzakirə edilməsi planlaşdırılır.

İclasla bağlı fikirlərini Sherg.az-la bölüşən politoloq Azər Rəşidoğlu MDB-nin hər hansı bir tədbirindən Dağlıq Qarabağla bağlı heç bir müsbət addım gözləmədiyini deyib:

“Biz çox zaman belə tədbirlərə ümid edirik, sonra xəyallarımız puç olur. MDB amorf bir qurumdur və onun münaqişələrin həllində heç bir rolu yoxdur. Əgər söhbət Rusiyanın təsirindən gedirsə, Kreml istəsə, MDB olmadan da bu problemi həll edər. İnanmıram ki, Moskvanın belə bir istəyi olsun. Bu problemi ruslar yaradıb və özləri də "məsləhət" biləndə həll edəcəklər”.