Qoşulmama Hərəkatı Azərbaycan üçün kifayət qədər önəmli tribunadır

“Qoşulmama Hərəkatının Zirvə Görüşünün Bakıda keçirilməsi diplomatiya tarixində çox mühüm siyasi hadisədir”.  Bunu Sherg.az-a açıqlamasında “İslahatçı Gənclər” İctimai Birliyinin sədri Fərid Şahbazlı deyib. 

Gənc fəal bildirib ki, 120 ölkənin təmsil olunduğu Qoşulmama Hərəkatı BMT-dən sonra dünyada ən nüfuzlu platformadır: 

“Belə bir təşkilatın öz tədbirini Bakıda keçirməsi və sədrliyin Azərbaycana keçməsi şübhəsiz ki, ölkəmizin artan siyasi nüfuzundan xəbər verir. Torpaqları işğal altında olan bir ölkə üçün Qoşulmama Hərəkatı kifayət qədər önəmli tribunadır. İlk toplantıda bunun əhəmiyyətini gördük. Hərəkatın yekun sənədlərinə diqqət yetirsək, görərik ki, sənədlərdə Dağlıq Qarabağla bağlı mühüm məqamlar var. Hərəkat üzvlərinin hamısı Azərbaycanın ərazi bütövlüyünü və ədalətli mövqeyini tanıdıqlarını bəyan etdilər. Bu platforma Azərbaycan həqiqətlərinin dünya ictimaiyyətinə çatdırılmasında da mühüm rol oynadı”. 

F.Şahbazlı vurğulayıb ki, yekun sənədlərdə rasizm və nasizmə qarşı vahid mövqe də ortaya qoyuldu: 

“Sammitdə vurğulandı ki, bir çox ölkələrdə, xüsusən işğalçı Ermənistanda nasistlərə abidə ucaldılması kimi hallara qətiyyən yol vermək olmaz. Bu fikirləri Aşqabadda dövlət başçısı İlham Əliyev də gündəmə gətirmişdi. Nəticə etibarı ilə Zirvə Görüşündə Ermənistanın işğalçılığı bir daha qeyd olundu”.