Həyatın dibi - Gənc xanımların evdən qaçması sıradan hadisə deyil - SOS

Nəzarətsiz qadınların müxtəlif dəstələrin, şəbəkələrin əlinə düşməsi təhlükəsi də realdır



Bu günlərdə əməkdaşımız Masazır dairəsində yanında körpəsi gənc bir qadının diləndiyini görüb. Yaxınlaşıb sədəqə verəndə qadın deyib ki, məcburiyyətdən dilənir. Deyib ki, Quba rayonundandı, qayınana, qayınatası ilə yola getmək mümkünsüzləşib, övladını da yanına alıb paytaxta üz tutub. Bakıda gecəsi 6 manata bir otaq kirayələyib. Axşamadək dilənir, qazandığını mənzil haqqına və nahara verir. Belələri az deyil. Bəlkə də keçidlərdə dilənən gənc xanımları danışdırsaq, bir çoxunun eyni taleyi yaşadığını görərik. Olmasın, ailədə söz-söhbət, şiddət.

Lap işsizlikdən də baş götürüb şəhərə gələnlər var. Amma burda heç də hamı axtardığını tapmır. İşsiz qaldığından məcburiyyət qarşısında – çörək pulu üçün dilənənlər də olur. Həmçinin, evini-eşiyini, hətta övladlarını da atıb, isti ocağının üzərinə su töküb paytaxta üz tutan və burada yüngül həyat keçirən qadınlara da rast gəlinir. Onların çoxu “itkin düşmüş”  kimi qeydiyyata alınır. Harada olduqları, əsl kimlikləri bəzən bilinmir. Paytaxtımızın mənzərəsi bu qədər “rəngarəng”dir. Bu günlərdə itkin düşən xanımın hekayəsi isə fərqlidir.   

29 yaşlı Şəki rayonu Böyük Dəhnə kənd sakini Fatma Allahverdiyevanın itkin düşməsi xəbəri yayılmışdı. Sonrasa məlum oldu ki, F.Allahverdiyeva rayonun Baş Küngüt kənd sakini ilə ailəli olub. Əri ruhi xəstə imiş. Ailədə söz-söhbətlər olduğu üçün Böyük Dəhnə kəndinə, ata evinə qayıdıb. Özü ilə apardığı qızından əlavə bir oğlu da var. Oğlunu isə özü ilə götürməyib. Onun hansı səbəblə və hara getdiyi bilinmir. Faktla bağlı hazırda araşdırma aparılır.
Gəlinlər niyə evdən qaçır? 



Problemi «Şərq»ə şərh edən psixoloq Narınc Rüstəmova son illərdə evdən qaçış hallarının populyarlaşdığını söylədi:

- Təəssüf ki, bu cür hallar artır və populyarlaşır. Evdən qaçış halları xüsusilə də yeniyetmə yaş dövrləri üçün xarakterik sayılır. Valideynləri ilə anlaşa bilməyən, ailədə problem yaşayan uşaqlar təhdid yolunu seçir, evdən qaçacaqları, intihar edəcəkləri ilə qorxudurlar. Belə hallarda bu təhdidlərə heç vaxt laqeyd yanaşılmamalıdır. Yeniyetməlik çılğın bir dövrdür və uşaq bu yaş dövründə düşündüyünü, beyninə gələni edə bilər. Valideynlər hədsiz diqqətli olmalı və uşaqları nəzarətsiz qoymamalıdırlar. Bölgələrdə erkən nikahlara hələ də tez-tez rast gəlinir. Ailələr birdəfəlik bilməlidir ki, nikah nə qədər erkəndirsə, boşanma riski də bir o qədər artıqdır. Bəzən gənc qızlar özləri evlənmək, sevdiklərini zənn etdikləri şəxslə ailə qurmaq, birgə yaşamaq arzusunda olur və buna görə də erkən nikaha daxil olmağa çalışırlar. Amma bir müddət sonra hisslər soyuduqda ortada sevginin olmadığı, bunun ötəri bir həvəs olduğu üzə çıxır və boşanma da qaçılmaz xarakter alır. Həmçinin istəmədən, arzulamadan nişanlanmaq, nikaha daxil olmaq da boşanmalara gətirib çıxarır. 



Ailə nə qədər böyük olarsa…


Son dövrlərdə belə dəb yaranıb ki, ana qızına elçi düşənlərin ailə tərkibi ilə maraqlanır. Elə ki bilir, evdə bacı – baldız var, daş atıb başını tutur ki, yox, baldız olan evə qız vermərəm. Eləcə də hələ evlilik baş tutmamış, “qayınana, qayınata olan evə qızım gəlin getməyəcək, mütləq ayrı mənzil alınmalıdır” şərti kəsənlər də var. Halbuki Azərbaycan ailəsi həmişə böyüklüyü, ailə üzvlərinin say çoxluğu ilə öyünüb. 

N.Rüstəmova Azərbaycan ailələrinin say tərkibinin aşağı düşməsinin boşanmalar və evdən qaçmaların bir səbəbi olduğunu dedi:

- 40-50 il əvvəlki ailələrin tərkibinə baxsaq, görərik ki, şəhər mühitində bir ailədə uşaqların sayı 2-4 arasıdır. Bölgələrdə isə 6-8, 11 uşaqlı və bəzən daha artıq saydadır. Artıq təsdiq olunub ki, ailədə uşaqların sayı nə qədər çoxdursa, o ailədə mənəvi sıxıntılar bir o qədər az olur. Mənəvi sıxıntı olmayan ailədə maddi sıxıntılara da önəm verilmir. Və demək olar ki, ailə çox rahat, sakit, uyumlu bir həyat tərzi keçirir. Ailədə uşaqların sayı azaldıqca problemlər də artır. Araşdırmalar sübut edir ki, sovet dövründə ailədə uşaqların döyülməsi, cəzalanldırılması halları daha artıq idi, indi isə uşaqlar daha artıq əzizlənir, sevilir, onlara diqqət aşırı dərəcədədir. Problemlər də buradan qaynaqlanır. Aşırı sevgi və diqqət görən uşaq özgüvənsiz böyüyür. Özgüvənsiz böyüdü üçün də çətinliklərə dözümsüz olur, kiçik bir çətinliyə düşən kimi, xəyal qırıqlığı yaşayır, həyatdan küsür, intihar yolunu seçir. Ya da bəzi gənc xanımlar kimi çıxış yolunu evdən qaçmaqda görür. Valideyn övladını başa salmalıdır ki, intihar və ya qaçış çıxış yolu deyil. Bununla problem həll edilmir. Evlilik təkcə fizioloji və ya maddi hazırlıqla məhdudlaşmır. Evliliyə psixoloji hazırlıq da olmalıdır. 



Evdən qaçanların paytaxtda tanışlarının olması da realdır 


N.Rüstəmova gənc xanımların evdən qaçmasına sıradan bir məişət hadisəsi kimi baxılmasının əleyhinədir:

- Qaçış fikri birdən-birə yaranmır. Bu, uzun bir prosesdir. Qaçış birtərəfli də olmur. Kimsə mobil telefona arxayınlaşıb Bakıya gəlməz. Qaçış planı «çantamı alım, evdən çıxacam» deyil. Bu prosesə öncədən hazırlıq aparılıb. Bəlkə də onların Bakıda tanıdıqları kimlərsə var. Onlarla danışıb, sözləşib gəlirlər. Harda qalacaqlarını əvvəlcədən müəyyənləşdiriblər. Paytaxta səhər gəlib, axşama ev kirayələmək elə də asan iş deyil. Böyük ehtimalla onların əvvəlcədən sözləşdikləri kimlərsə olur. Bəlkə də qohumları, bəlkə də tanışları, rəfiqələri. Hər halda bu məsələ hüquq-mühafizə orqanları tərəfindən də, ailə tərəfindən də ciddi araşdırılmalıdır. Çünki nəzarətsiz qalan xanımların müxtəlif dəstələrin, şəbəkələrin əlinə düşməsi təhlükəsi də realdır. Bilinməlidir ki, kimdir onlara təsir edən, onların paytaxtda yaşayışını təmin edən. Onlar harada işləyir, gündəlik tələbatlarını ödəmək üçün necə, hansı yolla pul qazanırlar. Ailədə problem, şiddət ola bilər. Amma bu xanımların evdən çıxdıqdan sonra üz tutacaqları sağlam məkanlar da olmalıdır. Təəssüf ki, bir çoxları kortəbii şəkildə evini, ailəsini atır və gəlib həyatın dibində yaşamağı seçir. Hesab edirəm ki, ailənin böyükləri, ağsaqqal, ağbirçəklər, analar, atalar da övladlarına düzgün öyüd-nəsihət verməlidir. İqtisadi problemlər ailə dağılmalarının yalnız bir səbəbi ola bilər. Qadınların ev-eşiyini atıb getməsi daha dərin səbəblərə dayanır. Burda arzulanmayan evlilik, məişət zorakılığı, ailə üzvlərinin bir-birini dinləməməsi, qarşılıqlı anlaşmanın olmaması da əsas səbəblərdir.