Azad İsazadə: "Sosial şəbəkə bir reallıqdır, ondan qaça bilmərik" - MÜSAHİBƏ

"Küçədə, işdə aqressiya göstərə bilməyənlər, hiddətlərini  sosial şəbəkəyə tökürlər. Bu da təbii prosesdir"



"Məktəblərdə psixoloq məktəb direktorunun katibəsi kimi çalışmamalıdır"



"Biz uşaqları psixoloqların yanına aparırıq, amma özümüz getmirik. Ailə ilə bağlı problem və ya gərginlik yarananda ailə çərçivəsində həll etməyə çalışırıq"



Tanınmış psixoloq Azad İsazadə “Şərq”in suallarını cavablandırıb. Onunla Azərbaycanda psixologiya sahəsindəki vəziyyət,  “Psixoloji xidmət haqqında” qanunun faydası, məktəblərdə psixoloq ştatı və tədris proqramı, ailə psixoloqlarına maraq, sosial şəbəkələrin insan psixologiyasına təsirləri və başqa mövzular ətrafında söhbət apardıq. 

- Ölkəmizdə psixologiya ilə bağlı vəziyyət necədi?

- Son 20-30 il ərzində Azərbaycanda bu sahədə böyük dəyişikliklər baş verib. Yada salım ki, sovet dönəmində  Azərbaycanda, ümumiyyətlə, psixoloqlar hazırlanmırdı. Həmin dönəmdə Azərbaycanda fəaliyyət göstərən psixoloqlar ya Moskvada, ya Leninqradda, ya da Kiyevdə təhsil alıblar. Azərbaycanda psixologiya fakültəsi ilk dəfə 1989-1990-cı illərdə açılıb. İndi psixoloq hazırlayan kifayət qədər fakültə var. Azərbaycan Dövlət Pedaqoji Universiteti, Bakı Dövlət Universiteti və Xəzər Universitetində bu fakültələr yaradılıb. 15-20 il ərzində say baxımından psixoloqların sayı çoxalıb. Sadəcə, bütün sahələrdə psixoloqlar olmalıdır. Bu gün rəsmi dövlət orqanları olan - Təhsil Nazirliyi, Səhiyyə Nazirliyi, Fövqəladə Hallar Nazirliyi, Daxili İşlər Nazirliyində psixoloqlar var. Onlar psixoloji məsləhətlər verirlər. Getdikcə proseslər genişlənir. 

- Bu sahəyə diqqəti, marağı artırmaq üçün psixologiya ilə bağlı treninqlər təşkil edilə bilərmi? 

- Son 4 il ərzində dövlət qurumları öz əməkdaşları üçün psixoloji treninqlər keçirirlər. Vaxtilə bu işi ASAN xidmət başlamışdı. Faktiki ASAN xidmətin bütün əməkdaşları psixoloji treninqlər keçiblər. Digər dövlət strukturlarında da bu işə başlanıb. Proses gedir. Sözsüz ki, sayın çoxalmasına baxmayaraq bu, kifayət etmir. 

- İddialara görə, bu sahə ilə bağlı regionlarda vəziyyət ürəkaçan deyil...

- Regionlarda psixoloqlar çox azdır. Yəqin ki, bu  istiqamətdə proseslər davam edəcək. 

- Bu işin regionlarda gücləndirilməsi üçün hansı addımlar atılmalıdır? 

- Bakıda insanlara yardım göstərən çoxlu sayda özəl mərkəz var. Regionlarda belə mərkəzlər açmaq, kommersiya cəhətdən əlverişli deyil. Regionlarda əhali psixoloqlara çox getmir. Bu, problemdi və ona görə də rayonlarda insanlara yardım göstərən psixoloqlar azdır. Məsələnin həlli uzun çəkə bilər. Gəncədə bu istiqamətdə fəaliyyət göstərən mərkəz var. Yəqin ki, yavaş-yavaş belə mərkəzlərin sayı çoxalacaq. Onu da qeyd edim ki, Bakıda da psixoloqların və ya psixoloji mərkəzlərin sayı yetərli deyil. 

- Ötən il “Psixoloji xidmət haqqında” qanun qəbul olundu. Bunun hər hansı bir töhfəsi, faydası olacaqmı?

- Əlbəttə, qanunun qəbul olunması, psixoloji işin qanun çərçivəsinə salınması, bu sahənin inkişafına təkan verəcək. 

- Qeyd etdiniz ki, son illər psixoloqların sayı artıb. Kəmiyyətin artması keyfiyyətin aşağı düşməsinə səbəb olmayacaq ki? Çünki son zamanlar sosial şəbəkələrdə 5-6 ay müddətində kurs keçən adamlar özlərini peşəkar psixoloq kimi təqdim edirlər. Və bu hal bəzən ürəkaçan sonluqla nəticələnmir. Sizcə, məlum tendensiyada hansısa təhlükəli bir məqam yoxdur ki?

- Birincisi, keyfiyyət istəyiriksə, psixoloqların sayı artmalıdır ki, onlar arasında rəqabət mühiti yaransın. Və daha istedadlıları üzə çıxsın. Başa düşürəm, istedadlı psixoloqlar azdır. Amma olmayan yerdə 6 ay ərzində psixologiya kurslarında nəyisə öyrənib, kiməsə kömək etməyi bacarırlarsa, burada pis bir iş yoxdur. Vaxtilə böyük kəndlərdə həkim olmayanda feltşerlərə müraciət edirdilər. Onlar ilkin yardım göstərərək insanlara köməklik edə bilirdilər. Bu mənada həmin tendensiyaya normal yanaşmaq lazımdır. Qanun qəbul olunub, orada kimin bu işlə məşğul olub-olmaması konkret olaraq göstərilib. Yəqin gələcəkdə bu işi tənzimləyən hansısa qurumlar formalaşacaq. Söhbət lisenziyadan və nəzarətdən gedir. Sadəcə, nə vaxt olacağını demək çətindir. İstərdik ki, tez olsun.

- Psixologiyanın özünün bir neçə qolu var. Amma bildiyim qədəriylə bu sahədə konkret ixtisaslaşma yoxdur... 

- Psixologiya anlayışı genişdir.  Psixologiyanın kliniki psixologiya, sosial psixologiya, reklam psixologiyası, idman psixologiyası və başqa qolları var. Reklam və idman psixologiyası ilə məşğul olan adam əhaliyə kliniki psixologiyadan yardım göstərə bilməz. Kliniki psixologiyanın tərkibində də ayrı-ayrı qanadlar var. Amma bizdə belə bölgü yoxdur. Zənnimcə, proses gec və ya tez həllini tapacaq. 

- Ölkəmizdə ordu psixoloqu institutunun formalaşması məsələsi də gündəmə gəlib. Bu, mümkündürmü? 

- Öncə deyim ki, bu çox vacib məsələdir. Yəni biz hərbi psixologiyanı institut şəraitində yaratmalıyıq. Söhbət hərbi psixoloqların yetişməsindən, hərbi-psixoloji üsulların və texnikaların işlənməsindən gedir. Məlumdur ki, hərbi psixoloji texnikaların bir hissəsi qapalı olmalıdır. Psixoloqun bu sahədə öz araşdırması da vacibdir. Hərbi psixoloqların hazırlanması adi psixoloqlara nisbətən müəyyən vaxt tələb edir. Yəqin ki, bu istiqamətdə hələ çox işlər görülməlidir. Ümid edirəm ki, hərbi psixologiya sahəsində yeni işlər olacaq və müvafiq addımlar atılacaq.

- Orta məktəblərdə psixoloq ştatlarının artırılması ilə bağlı məsələlər zaman-zaman gündəmə gəlir. Bu sahədə vəziyyət necədi? 

- Məktəblərdə pis-yaxşı bir-iki psixoloq fəaliyyət göstərir. Amma bu çox azdır. Elə məktəblər var, orada min nəfər şagird təhsil alır. Fiziki baxımdan 1-2  nəfər psixoloqun min nəfərlə işləməsi mümkün deyil. Deməli, məktəblərdə psixoloqların sayı artmalıdır. Hər bir məktəbdə ən azı 5-10 psixoloq çalışmalıdır.

- Psixoloqların statusu ilə bağlı da müəyyən problemlərin olduğu deyilir. Bu, haqlı yanaşmadırmı? 

- Bəli, psixoloqların statusu artmalıdır. Məktəblərdə psixoloq məktəb direktorunun katibəsi kimi çalışmamalıdır. Elə məktəb var ki, məktəb psixoloqu  direktorun katibəsi kimi fəaliyyət göstərir, katiblik edir. Onların statusu artırılmalıdır. 

- Məktəblərdə çalışan psixoloqlar vahid proqram üzrə fəaliyyət göstərirlər, yoxsa hər kəs işini öz proqramı əsasında aparır?

- Hazırda məktəblərdə hansı psixoloq kurslarda və ya təhsil aldığı müəssisədə nəyi öyrənibsə, onu tətbiq edir. Halbuki, məktəblər üçün vahid proqram işlənməlidir. Nazirlik tərəfindən vahid proqram və ya metodika tətbiq edilməlidir. Bütün məktəblərdə də həmin proqramdan və testlərdən istifadə olunmalıdır. İndi isə psixoloq harada nə öyrənibsə, uşaqlara onu öyrədir. Deməli, vahid proqram qəbul olunmalıdır. Onu qəbul etsələr, 1-2 psixoloqla o proqramı həyata keçirmək müşkül məsələ olacaq. Psixoloqların  sayını, maaşını və statusunu artırmaq gərəkir. Hələlik bu istiqamətdə hansısa effektiv addımın şahidi olmuruq. 

- Ailə psixoloqlarının olmaması da müzakirə olunan məsələlər sırasındadır. Sanki insanlar psixoloqlara müraciət etməkdən çəkinirlər. Ailə psixoloqu anlayışı beyinlərdə yetərincə oturuşmayıb. Bu nə ilə bağlıdır?

- Haradasa 20-25 il öncə ailələr psixoloqlara müraciət etmirdilər. Amma bu gün Azərbaycan ailəsi psixoloqlara müraciət edir. Mənə və digər həmkarlarıma müraciət edənlər var. Amma belə ailələrin sayı çox deyil. Digər tərəfdən əhali buna tam alışmayıb. Düzdü, psixoloqlara müraciət edən ailələrin sayı çoxalıb, amma bu, kifayət etmir. Fikir verirsinizsə, uşaq psixoloq mərkəzləri çoxdur. Deməli, biz uşaqları psixoloqların yanına aparırıq, amma özümüz getmirik. Ailə ilə bağlı problem və ya gərginlik yarananda ailə çərçivəsində həll etməyə çalışırıq. Amma çıxılmaz vəziyyətdə psixoloqlara müraciət edirik. 

- Qonşu ölkələrlə müqayisədə Azərbaycanda psixologiya institutu hansı yerdə qərarlaşır?  

- Gürcüstanla müqayisədə xeyli geridəyik. Xatırladım ki, sovet vaxtından Gürcüstanda formalaşmış psixologiya məktəbi var idi. Bizdə isə bu sahə yenicə formalaşır. Bu sahədə geri qalmışıq. 

- Son illər cəmiyyətdə insanlar arasında gərginlik, aqressiya şiddətli şəkildə artıb. Bunu nə izah etmək olar? 

- Ümumiyyətlə, cəmiyyətdə aqressiya artıb. Söhbət təkcə Azərbaycan cəmiyyətindən getmir. Fikir versək görərik ki, bütün dünya qaynayır. Bu hansısa qlobal, sosial bir dalğadır. Gec-tez sönəcək. Amma bu gün bütün dünya aqressiya içərisindədir. Silahlı konfliktlər yaşanır. Sadə, sivil vətəndaş görəndə ki, bütün dünyada dövlətlər aqressivləşib, onlar məsələləri aqressiya ilə həll edirlər, bu vəziyyət insanda şüuraltı belə bir fikir formalaşdırır: yəqin, aqressiv davranış daha  adekvatdır. Üstəgəl, telekanallar və internetdən alınan informasiyalar da gərginliyin artmasına səbəb ola bilir. Gün ərzində neqativ məlumatlar alırıq. Ona görə də aqressiv davranış bir norma kimi qəbul olunur. Hansısa bir dövlət bombalaya, öldürə bilirsə, bu, normal davranış kimi qəbul olunur. Buna oxşar aqressiya ötən əsrin 30-cu illərində müşahidə olunub. Daxili və qlobal proseslər aqressiyanı gücləndirir. O aqressiyanı harasa tökmək üçün yerlər azdır. Biz daha çox işdə yığılan aqressiyanı ailədə, ictimai nəqliyyatda, məhlədə boşalda bilirik. Ona görə vəziyyət belədir. 

- Bu psixoloji gərginliyin artmasında sosial şəbəkələrin təsiri nə qədərdir? 

- Şübhəsiz ki, sosial şəbəkələrin də bu işdə rolu böyükdü. Bunun özü də imkan verir ki, küçədə, işdə aqressiya göstərə bilməyənlər, hiddətlərini  sosial şəbəkəyə tökürlər. Bu da təbii prosesdir. Sosial şəbəkə bir reallıqdır. Biz ondan qaça bilmərik. XXI əsrdə yaranmış şəraitə uyğunlaşmalıyıq. Son aylar isə sosial şəbəkələrə uyğunlaşma prosesi gedir. 

- Sosial şəbəkələr və internet oyunlarına azyaşlıların böyük marağı var ki, bu da çox zaman yaxşı nəticələr vermir. Azyaşlıları necə qoruya bilərik? 

- Kompüter və internet oyunları artıq həyatımızın reallığına çevrilib. Bu reallığı dəyişmək olmaz. Doğrudur ki, o oyunların içində periodik olaraq mənfi təsir göstərənləri də var. Buna görə də, valideynlərin uşağın internetdən istifadəsinə nəzarəti vacibdir. Valideyn bilməlidir ki, uşaq internetdə nə oynayır, kimlərlə ünsiyyətdə olur, hansı informasiyaları qəbul edir. Bu baxımdan uşaqların internetdən istifadəsi nəzarət altında olmalıdır.