"Xəyanət insanların ağrılı tərəfidir" - "SONUNCU PƏRDƏ"

"Tamaşaçılar mənə yazırlar ki, çox sağ olun ki, xəyanətə münasibətimi dəyişə bildi bu film, məsələyə ancaq öz rakursundan yanaşanların digər tərəfi görə bilmək imkanı ilə üz-üzə qoymuş olduq"



Kino bir millətin mədəniyyətini, həyat tərzini  sərgiləyəcək ən vacib sahələrdən biridir. Ancaq nə yazıq ki, bizdə kino sahəsində hələ də problemlər mövcuddur. Problemsiz sahə yoxdu deyə bilərsiz, ancaq kino sahəsində olan problemlərə ötəri baxmaq doğru olmaz. Çünki bu sahənin qüsurları aradan qalxmayınca mədəniyyətinin inkişafından danışmaq doğru olmaz. Azərbaycan kino məktəbinin özünün bünövrəsi olsa da, artıq o bünövrə dağılmaq üzrədir. Əslində, illərdir demək olar ki, ciddi  bədii filmlər çəkilmirsə, bu bünövrənin duruş gətirməsi də qeyri-real görünür. Sanki Azərbaycan kino sahəsini dağılmış bir xarabalığa bənzədənlər belə var. Hər halda  xarabalıqdan gülüstan yaratmaq üçün də iddia və istək vacib məqamdır. Azərbaycan gəncləri arasında da kino sahəsinə can atanlar, bədii filmlər çəkmək istəyənlərə rast gəlirik. Başqa bir məsələdir ki, hər kino çəkən kino sahəsindən xəbərdar biridirmi, ya da istedadı və potensialı buna imkan verərmi?

Hər halda vacib odur ki, "məhləmizə kinoçəkənlər gəlir". Necə kino çəkirlər, bu başqa məsələ. Çəkilən kinoların keyfiyyətini isə tamaşaçı rəyi təyin edə bilir. Elə bir müddət ki, «Pərdə»dən kino sahəsinə baxanlar var. Yəni gənc rejissor Emil Quliyevin çəkdiyi «Pərdə» filmindən söhbət gedir. «Pərdə»ni izləyən tamaşaçılar arasında «Pərdə-2»nin arxasınca gedənlər oldu. Və sıra gəldi «Sonuncu pərdəyə». Xeyli vaxtdır yerli kino bazarında bu filmlər barədə fikirlər, müzakirələr davam edir. Sosial şəbəkələrdə rejissor Emil Quliyevin bu 3 filmi əməlli-başlı müzakirə predmetinə çevrilib. Hə, yeri gəlmişkən, bir nüansı da diqqətdən qaçırmaq haqsızlıq olar. Rejissor Emil Quliyevin çəkdiyi filmlər bu və ya başqa şəkildə müzakirəyə səbəb yarada bilirsə, demək ki, maraqlı nəsə var. Tənqidlərə gəlincə, yaradıcılıq mühitində tənqidlərdən qaçmaq olmur, ən mükəmməl bir ekran əsəri, yaradıcılıq işi tənqidlərlə üzləşə bilir. Vacib odur ki, sənin ərsəyə gətirdiyin yaradıcılıq məhsulu müzakirə üçün maraqlıdır.



Elə bu marağı nəzərə alıb, ötən gün «Sonuncu pərdə»ni izləmək üçün kinoteatra üz tutdum. Həm film izləmək həfəsimi təmin etmiş oldum, həm də filmi izləyən tamaşaçıların reaksiyasını müşahidə etmək istədim. Gecə seansı olmasına baxmayaraq filmi izləməyə gələnlər az deyildi. Cütlüklərin də olduğunu nəzərə alsaq, Azərbaycan tamaşaçısının yerli Azərbaycan filminə münasibəti maraqlı məqamlarla diqqətimizi çəkdi. Əvvəla onu qeyd edək ki, film komediya janrında olmadığından, bədii yükü də ağır idi. Yerli filmlərdə adətən eşitmədiyimiz söyüşlər də, insanların adətən məhəllə arasında danışıq tərzləri də olduğu qədərində, necə deyərlər, bəzəksiz-düzəksiz təqdim edilirdi. Film başlayandan jarqon sözlərə, məhəllə təfəkkürü və bu kimi gündəlik həyatımızda adət etdiyimiz elementlərdən və ifadələrdən də bolluca istifadə olunmuşdu. Öyrəşmədiyimiz bir tərz… adətən Azərbaycan filmlərində bu kimi ifadələr və sözlərdən bu qədər çılpaq, korrektəsiz istifadə olunmurdu. Ən azı Sovetlər dönəmində çəkilən Azərbaycan filmlərində bu tərzə rast gələ bilməzsiz. Yeri gəlmişkən, həmin Azərbaycan filmləri bu gün də maraqla izlənir ki, bu da başqa bir mövzunun müzakirə predmeti sayıla bilər. Əlqərəz, film başlayandan 15 dəqiqə sonra zalda tamaşaçıların bəziləri narahatlıqlarını hiss etdirməyə başladılar. Bəziləri isə çox normal reaksiya verərək, yeri gələndə gülüşlərini də əsirgəmirdilər. Bir az keçmişdi ki, bir-iki cütlük zalı tərk edib filmi izləməkdən vaz keçdilər. Kinoteatrı tərk edərkən də, turanlara reaksiyalarını yansıtmaq məqsədilə, "ailə ilə bu filmə baxmaq olmaz, ayıbdı" deyib çıxdılar. Filmi isə sona qədər izlədim, deyə  «Sonuncu pərdə» ilə bağlı yarımçıq fikrim qalmadı. Təbii ki, izləyici olaraq filmdə məni qane etməyən məqamlar da oldu, rejissor işinə müsbət yanaşdığım tərəflər də. Filmin ideya yükü ağır olduğundan baş verən hadisələrin sonluğu da müəyyən mənada bu temporitmə uyğun olmalı idi. Sadəcə rejissor işində bəzi məqamlar hələ rejissorun professional olmadığını işarələmiş oldu. Filmdə həddindən artıq söyüşdən istifadə də bir az tamaşaçı olaraq yorucu təsir bağışladı. İndi bəziləri deyəcəklər ki, necə olur ki, xarici filmləri izləyəndə bunu normal qəbul edirsiz, bizdə çəkiləndə yorucu olur. Səbəbi çox sadədir.



Emil Quliyev: "Mənə yaxın olan insanların taleyini görmüşəm, onların acısını ekrana gətirmək istədim"


Yerli filmlərdən fərqli olaraq, xarici filmlərdə, Hollivud, hətta türk filmlərində rejissor ekran əsərinin estetik yükünü o qədər düzgün hesablayır ki, tamaşaçıda ikrah hissi yaratmır. Hər halda bir reallıq danılmazdı. Hər 3 ekran əsərinin rejissoru olan Emil Quliyevlə əlaqə yaratdıq. «Şərq»in suallarını cavablandıran rejissorun maraqlı açıqlamaları oldu. ..

- «Pərdə» və "Sonuncu Pərdə". Bu filmi çəkməkdə məqsədiniz nə idi?

- Hər bir ekran əsəri bir senaristin və ya rejissorun təfəkküründən süzülərək yaranan yaradıcılıq məhsuludur. Filmi çəkməkdə məqsədim var idi. Ağrılarım var idi, bu filmi çəkməklə o ağrılarımı bədii dillə ifadə etməyə çalışdım. Ətrafımda olan, mənə yaxın olan insanların taleyini görmüşəm, onların acısını ekrana gətirmək istədim. Niyə də bu problemlər bükülsün. Bəlkə bu filmi izləyən yüz tamaşaçıdan beşi bu filmin təsirindən özünə nəticə çıxara bilər. 

- «Pərdə 2» daha maraqla qarşılandı. Səncə, bu filmin digərlərindən üstünlüyü nə oldu?

- Bəli, razıyam. "Pərdə 2" daha böyük tamaşaçı marağı qazandı. Mənə yazırlar ki, sizi tənqid etdiyimiz üçün utanırıq, filan, "Pərdə"dən sonra "Pərdə 2"ni izlədim, fikirlərim dəyişdi. Yəni  filmin senarisi, ideya xətti  tamaşaçıya daha yaxın idi. Xəyanətdən bəhz edən film idi. Bu gün həyatımızda hər gün az qala xəyanətlərlə üzləşirik. İnsanların ağrılı tərəfidir xəyanət. Ona görə də maraq yaratdı. Filmdə xəyanət mövzusuna toxunarkən sanki aysberqin görünməyən tərəfini də göstərməyə çalışdıq. Tamaşaçılar mənə yazırlar ki, çox sağ olun ki, xəyanətə münasibətimi dəyişə bildi bu film, məsələyə ancaq öz rakursundan yanaşanların digər tərəfi görə bilmək imkanı ilə üz-üzə qoymuş olduq. Bəlkə də filmin uğuru bunda idi. Yenə deyirəm, filmi çəkərkən məqsəd cəmiyyətin təfəkkürünə təsir edə bilməkdi. Əgər bir nəfərə belə bu film təsir edə bilibsə, onu cinayətdən, xəyanətdən çəkindirə bilibsə, deməli, mən istədiyimə çatmışam. Bu mənim üçün ən böyük uğurdu.

- Azərbaycan tamaşaçısının filmə baxış bucağı fərqlidir. Yəqin razılaşarsan. Bizlər xarici filmləri izlərkən açıq-saçıq səhnələri, söyüşləri normal qarşılasaq da, yerli filmlərdə bu kimi kadrları görəndə reaksiyamız sərt olur. Ötən gün filmi izləyərkən zaldan bir neçə cütlük çıxaraq zalı tərk etdi ki, ailə ilə baxmaq olmur.

- Çox qəribə və çözülməz bir paradoks vəziyyətdir, necə olur ki, sən xarici filmlərə, türk filmlərinə baxanda  normal qarşılayırsan, yerli filmlərdə o səhnələri, kadrları görəndə deyirik ki, bu nə filmdi, bu nə səhnədi, bu nə biabırçılıqdı. Axı həmin kadrları türk filmlərində də izləyirsiz, əla film də deyib baxırsız. Niyə biz çəkəndə daş-qalaq edirsiz, söyüş eşitmək üçün kinoteatra gəlməmişik deyirsiz. 

- Mən əminəm ki, filmi yarımçıq tərk edib guya söyüş eşitmək istəməyən həmin tamaşaçılar həyatda artistlik edən adamlardı. Guya onlar real həyatda söyüş söymürlər, ya söyüş eşitmirlər. Mən əminəm ki, zaldan filmdə söyüş eşitdiyinə görə çıxan o dar düşüncəli insanlar həyatda daha çox söyüş söyən, qadınına işgəncə verən, həyat yoldaşını döyən, söyən, ailəsinə xəyanət etməyi kişilik hesab edən insanlardı. Həmin insanların efirdə, ailəsində daha böyük problemlər var, onlar sadəcə cəmiyyət içinə çıxanda artistlik edib nümunəvi ailə modeli təqdim edən təlxəklərdi. Söyüşə görə zaldan çıxan insanlar olub ki, sonra filmimdə çəkilmək istəyənləri də olub. 

- Bütün  bu tənqidləri nəzərə alıb ekran əsəri çəkməyə iddialısan?

- Əlbəttə. Mən çəkməyə başlayanda bilirdim ki, məni tənqid edənlər olacaq. Mən özümə tənqidlə də yanaşmağı bacaran insanam. Özümə adekvat yanaşmağı da bacarıram. Məqsədim odur ki, bu sahədə təcrübəmi çoxaldım.

-  Təbii ki, hər bir yaradıcı insan özü təxəyyül məhsulunu qorumağa və müdafiə etməyə haqqı çatır. Amma gəlin bir etirafı da edək ki, filmdə rejissor işində qüsurlar da az deyil.

- Razıyam. Birinci filmdən də çox ikinci film maraqla qarşılanıb. Şkala ilə ölçsək, birinci film 40 faiz idisə, ikinci film 60 faiz məni qane etdi. Bir də vacib olan odur ki, mən axtarışdayam. Səhvlərimi bilirəm, yeniliyə maraqlıyam.



 - Rejissor olaraq film çəksəniz də rejissor təhsiliniz yoxdu? Bu sizə narahatlıq yaratmır ki?

- Bəli, bu sahədə təhsilim yoxdu. Təbii ki, savad, təhsil məsələsində problemlərim var. Bir var bir sahənin təhsilini alıb çalışasan, bir də var ki, həvəskar olaraq. Mən çalışıram ki, internet vasitəsilə bilgilər əldə edim. Amma yenə də təhsil və təcrübə vacibdi. 

- Təhsil almaq məqsədiniz varmı?

- Təbii ki, təhsilsiz olmaq narahatlıq yaradır. Qaldı təhsil almaq istəyinə, istəklə imkanlar üst-üstə düşmür.  Təhsil almaq üçün nə maddi imkanım, nə də vaxtım var. Başqa bir sahədə də çalışıram. Ona görə də başqa ölkəyə gedib təhsil almaq, master klasslara qoşulmağa imkanım yoxdu. 

 - Qadınların həyatı, onlara qarşı zorakılıq cəmiyyətin yaralı yeridir. Bu mövzuda film çəkməyi düşünmürsüz?

- Bu dəfə çəkəcəyim film qadınların həyatından bəhs edəcək. Onlara qarşı zorakılıq, mənəvi işgəncələrlə bağlı ağlımda olan narahatlıqları ekrana gətirməyi düşünürəm. Qadın maraqlı dünyadı. Bizim o dünyadan film çəkmək üçün isə yetərincə səbəblərimiz var.