Niyə icazə verilən yerə getmirlər?  - "Bu davranışın bir adı var - təxribat"

“Radikal müxalifət yenidən 2 noyabr tarixində qeyri-qanuni aksiya keçirməyə hazırlaşır. Bu məqsədlə bütün dezinformasiya üsullarını işə salıblar”.  Bunu Sherg.az-a açıqlamasında millət vəkili, siyasi elmlər doktoru Elman Nəsirov deyib. 

Deputat bildirib ki, həm Azərbaycan, həm də Avropa İttifaqı bir-birinin qarşılıqlı maraq dairəsində olan strateji tərafdaşdırlar. Ancaq təəssüflər olsun ki, təşkilat çərçivəsində qarşılıqlı münasibətlərimizin artan dinamikasına xələl gətirmək istəyən müəyyən siyasi dairələr də yox deyil: 

“Həmin dairələr beynəlxalq hüququn dövlətlərin daxili işlərinə qarışmamaq kimi fundamental prinsipinə məhəl qoymur. Ölkəmizə qarşı münasibətlərimizin səviyyəsinə yaraşmayan və ona zərbə vuran bir davranış ortaya qoyurlar. Həmin dairələr arasında Avropa Parlamenti ənənəvi olaraq neqativ fəallığı ilə seçilib. Xüsusilə, 2015-ci ildə Avropa Parlamentinin Azərbaycana qarşı məhz “ikili standartlar”dan qaynaqlanan qərəzli və qeyri-obyektiv mövqeyi bir il müddətində əlaqələrimizin kəsilməsinə səbəb olub. 2016-ci ilin payızından başlayaraq münasibətlərin bərpa olunması prosesi Prezident İlham Əliyevin Avropa Parlamentinin Azərbaycana qarşı qərəzli və ədalətsiz mövqeyini kəskin tənqid etdikdən və qarşı tərəfin öz səhvlərini başa düşdüklərini və onlardan nəticə çıxaracaqlarını etiraf etdikdən sonra baş tutub. Görünür, Avropa İttifaqının tərkibində bu reallıqla barışmayan anti-Azərbaycan siyasi qruplaşmalar məqam axtarır və ya onu sünü olaraq yetişdirirlər ki, ölkəmizə qarşı təzyiq elementlərini işə salsınlar. Onların qərəzli canfəşanlığı radikal müxalifətin 19 oktyabr tarixində metronun şəhərin mərkəsində - “28 may” metrosu ətrafında keçirməyə cəhd göstərdiyi qeyri-qanuni aksiyaya verdiyi reaksiyada da özünü biruzə verdi”. 



Deputat: "Radikal müxalifət 2 noyabr tarixində “19 oktyabr ssenarisi”ni təkrarlamaq istəyindədir"


Parlament üzvününü sözlərinə görə, radikal kəsimin bu antikonstitusion aksiyası öz məntiqi sonluğuna-fiaskoya uğrasa da, Avropa İttifaqının bir sıra təmsilçilərinin müəmmalı davaranışı haqlı olaraq çoxsaylı suallar doğurdu: 

“Xüsusilə guya ki, polisin mitinq iştirakçılarına qarşı qeyri-adekvat güc tətbiq etməsi və s. bu kimi ittihamlar həqiqəti nəinki əks etdirmir, həm də heç bir tənqidə dözmür. Maraqlıdır, Avropa İttifaqı nəyə görə öz burnunun ucunda - İspaniyada, Kataloniyada polisin nümayiş iştirakçılarına qarşı şiddətli davranışı və qeyri-adekvat güc tətbiq edərək dinc əhaliyə qarşı rezin güllələrdən istifadə etməsi kimi hallara göz yumur? Hansı səbəbdən Avropa İttifaqı Fransada “Sari jiletlilər” hərəkatında 11 nəfər dinc vətəndaşın polis tərəfindən qətli və onlara qarşı amansız davranışa görə rəsmi Parisə öz etirazını bildirmir? Bu nə selektiv yanaşmadır? Bu nə “ ikili standart”lardır? Radikal müxalifət 2 noyabr tarixində “19 oktyabr ssenarisi”ni təkrarlamaq istəyindədir. Bakı şəhər İcra Hakimiyyəti onların mitinqi üçün icazə verib. Özü də Bakı şəhərinin ərazi baxımından 51 faizini təşkil edən Qaradağda müvafiq yer ayırıb. Radikallar isə yenə qanunun imkan vermədiyi ərazidə mitinq keçirməkdə israrlıdırlar. Bu, davranışın bir adı var - təxribat. Onlar polisin ictimai asayişin keşiyində dayanıb, radikal kəsimin qanunazidd addımlarına imkan verməyəcəklərinə yüz faiz əmindirlər. Deməli, onlara iğtişaş, toqquşma, qarşıdurma mühiti lazımdır. Sonra dünyaya car çəkəcəklər ki, “azadlığımız əldən getdi, bizə kömək edin!”. Onlar üçün “azadlıq” xaos və anarxiya sözlərinin sinonimi statusuna enib”.