Bu gün "Şərq" qəzetinin nəşrə başlamasından 23 il keçir

Bu gün "Şərq" qəzetinin 23 yaşı tamam olur. 1996-cı il noyabrın 1-dən etibarən oxucularının görüşünə gələn "Şərq" qəzeti Azərbaycanda "Ən çox oxunan qəzet" tituluna sahib nəşrlərdən biridir.  

Müstəqilliyimizin ilk illərində nəşrə başlayan "Şərq", hadisə və proseslərə məxsusi yanaşması ilə təkcə qəzetçilik ənənələrinə söykənən missiya yerinə yetirmir, həmçinin hər zaman aktual əhəmiyyət daşıyan söz azadlığının, plüralizmin dəyər qazanmasına özünün layiqli töhfəsini bu gün də verməkdədir. Nəşrin təqdimatları bu dəyərlərin sərhədlərini təkcə ayrı-ayrı jurnalistlərin yaradıcılığı müstəvisində genişləndirməyib, sözün qüdrətini bütövlükdə ictimai şüur və düşüncə sistemimizə hopdurub. Bu, cəhət "Şərq" qəzetinin son dərəcə böyük nailiyyətidir.



Bu gün də "Şərq" yenə də öz dəst-xəttinə sadiqliyi ilə seçilir. Bu, əsası Həsən bəy Zərdabi tərəfindən qoyulan klassik mətbuat ənənələrimizə sadiqlik ruhudur. "Şərq"i geniş oxucu kütləsinə sevdirən də elə klassik mətbuat ənənələrinə sadiqlik və milli dövlətçilik prinsiplərindən çəkilmədən, maraqlı xəbər və analitik yazılarla çıxış etməsidir. "Şərq" Vətənə, torpağa, doğma yurda, el-obaya bağlılıq, Vətən övladına sonsuz sevgini jurnalistikanın tələbləri ilə çulğalaşaraq peşəkarlıq keyfiyyəti ortaya qoyur. "Şərq" bu gün həm də peşəkar jurnalistlərin yaradıcılıq məbədidir. 



Bununla yanaşı "Şərq" baş redaktor Akif Aşırlının zəhməti və səyi nəticəsində redaksiyasında yaradılmış Azərbaycanın Mətbuat Tarixi Muzeyi ilə, milli mətbuatımızın tarixini də yaşadan bir qurumdur. 23 il zaman kəsiyində nəşr qarşısında qoyduğu ideya və prinsiplərdən, doğru xəbərin ünvanı, ciddi media ənənələrindən, milli dövlətçilik xəttindən bir addım da geri çəkilməyib. "Şərq" bundan sonra da uyğurlu fəaliyyətini davam etdirəcək və onu sevən oxucularının görüşünə gələcək. Redaksiya olaraq 23 yaşımız münasibətilə həm də sadiq oxucularımızı təbrik edirik! Gününüz mübarək əziz "Şərq"çilər və "Şərq" sevərlər!