Əliməmməd Nuriyev: "İcra başçılarından rayon sakinlərinə layiqli xidmət tələb olunur"

“Cənab Prezidentin sərəncamı ilə icra başçısı təyin olunan hər bir şəxs başa düşməlidir ki, zaman yeni çağırışlar tələb edir”.  Bunu Sherg.az-a açıqlamasında “Konstitusiya” Araşdırmalar Fondunun sədri, hüquqşünas Əliməmməd Nuriyev deyib. 

Birlik rəhbəri vurğulayıb ki, vətəndaşlara çox diqqət ayrılmalıdır: 

“Bütün icra başçıları insanlarla birbaşa təmasda olmalıdır. Prezident özü şəxsən bunu həyata keçirir və səfər etdiyi hər rayonda əhalinin bütün təbəqəsi ilə sıx təmaslar qurur. Əgər həyata keçirilən siyasətin təməlində vətəndaş dayanırsa, o halda vətəndaşın bütün qayğı və istəklərini bilmək lazımdır. Bunu ilk növbədə məmurlar və icra hakimiyyətlərinə rəhbərlik edən şəxslər həyata keçirməlidir. Xüsusən, konkret hansısa rayona təyin olunmuş icra başçısı həmin rayondakı problemləri araşdırmalı və vaxtında həll etməlidir. Müasir idarəetmədə ən vacib məqam proseslərdə vətəndaş iştirakçılığını artırmaq və sıx təmas yaratmaqdır”. 

Ə.Nuriyevin sözlərinə görə, dövlət başçısı icra başçılarını qəbul edərkən korrupsiyaya qarşı mübarizənin kəskin və amansız aparılması ilə bağlı xəbərdarlıq edib:

“Hətta bir sıra hallarda yerli icra hakimiyyətlərinə ayrılan vəsaitlərin mənimsənilməsinin yolverilməz olduğunu söylədi. Hər bir dövlət qurumu öz səlahiyyətləri çərçivəsində korrupsiyaya qarşı mübarizə aparmalı, işini şəffaf qurmalı, hesabatlı olmalıdır. İcra hakimləri və məmurlar mütəmadi hesabat verməlidir. İndi icra başçılarından tələb olunan odur ki, rəhbərlik etdiyi rayon sakinlərinə layiqli xidmət etsinlər. Bəzi hallarda icra hakimləri vətəndaşlarla münasibətdə fərqli yol tuturlar, onları qəbul etmirlər, iş qurmaq istəyən insanlara mane olurlar. Halbuki, icra başçıları media və vətəndaş cəmiyyətləri ilə sıx əlaqədə olsalar, işləri daha uğurlu nəticələr verər”.