ABŞ Nümayəndələr Palatasının qərarı 907-ci düzəliş kimi qərəzli və ədalətsizdir

"ABŞ Konqresinin Nümayəndələr Palatasının uydurma "erməni soyqırımı" haqqında qəbul etdiyi qətnamə demək olar ki, 1984-cü ildəkinin təkrarıdır".

Sherg.az-ın xəbərinə görə, bu sözləri deputat, tanınmış politoloq Sahib Alıyev ABŞ Nümayəndələr Palatasının "erməni soyqrımı" ilə bağlı qəbul etdiyi qətnamə ilə bağlı danışarkən deyib. 

Millət vəkili xatırladıb ki, o zaman ABŞ senatı və Prezidenti təsdiqləmədiyi üçün qətnamə qanun şəkli almadı: 

"Yəni heç bir təsir qüvvəsi olmayan sənədlər içində itib-batdı. Amma onda Türkiyə-ABŞ və Türkiyə-İsrail əlaqələri indiki kimi gərgin deyildi. Yəni indi bu qətnamənin qanuna çevirilməsi təhlükəsi var. Yəhudi lobbisinin Türkiyəyə yanaşmasını nəzərə alsaq, hər halda onun Senatdan keçməsi mümkün görünür.
Bütün hallarda ABŞ Konqresinin aşağı palatasının atdığı bu addım "Azadlığa dəstək" aktına edilən 907-ci düzəliş kimi qərəzli və ədalətsizdir. Eyni zamanda da Birləşmiş Ştatların Minsk Qrupunun həmsədri olaraq obyektivliyini şübhə altına qoyur".