Səməd Seyidov: "Erməni soyqırımı" ilə bağlı qərarın qəbul edilməsi təsadüfi deyil"

"ABŞ Konqresinin Nümayəndələr Palatasında qondarma "erməni soyqırımı" ilə bağlı qərarın qəbul edilməsi təsadüfi deyil". Bunu Milli Məclisin (MM) Beynəlxalq münasibətlər və parlamentlərarası əlaqələr komitəsinin sədri, AŞPA-da Azərbaycan nümayəndə heyətinin rəhbəri Səməd Seyidov keçirdiyi brifinqdə bildirib. Komitə sədri deyib ki, bu, qeyri-obyektiv və ikili standartlarla müşahidə olunan qərar kimi qiymətləndirilməlidir. Onun sözlərinə görə,  Azərbaycan həmişə Türkiyənin yanındadır.

Siyasiləşmiş qərarların qəbul edilməsi regionda vəziyyəti daha da gərginləşdirməyə xidmət edir. S.Seyidov qeyd edib ki, qondarma "erməni soyqırımı" barədə qərar layihəsini Nümayəndələr Palatasına təqdim edənlər və dəstəkləyənlər "Dağlıq Qarabağın xarici işlər naziri" ilə Konqresdə görüşlər keçirib, dinləmələr təşkil edənlərdir: "Bu məsələlər bir-biri ilə bağlıdır. Bütün bunlar həm Türkiyə, həm də Azərbaycana ciddi təsir göstərən məsələlərdir. Konqresdə "Artsax" adı altında dinləmələrin təşkil edilməsi ABŞ-ın ATƏT-in Minsk qrupunun həmsədri kimi nüfuzuna mənfi təsir göstərir. ABŞ Azərbaycanla münasibətlərdə özünü obyektiv tərəf kimi göstərir və Konqres tərəfindən belə addımların atılması ABŞ-ın regiondakı maraqlarına ziddir. Milli Məclisin Beynəlxalq münasibətlər və parlamentlərarası əlaqələr komitəsinin sədri kimi Nümayəndələr Palatasında qəbul edilən qərarı pisləyirəm. Düşünürəm ki, bu, erməni lobbisinin Azərbaycan-ABŞ münasibətlərinə zərbə vurmaq cəhdidir. Həmin dinləmələrə gələn də yox idi, 10-15 nəfər iştirak edib. Konqresdə "Artsax" adı altında dinləmələrdə iştirak edənlər də Nümayəndələr Palatasına qondarma "soyqırımı" barədə layihə təqdim edənlərdir". Komitə sədri qeyd edib ki, Azərbaycan və ABŞ münasibətləri yüksək səviyyədədir, ABŞ-ın Azərbaycanın enerji layihələrinə dəstəyi göz qabağındadır: "Amma Konqresdə fəaliyyət göstərən ermənipərəst qüvvələr Azərbaycan və Türkiyəyə zərbə vurmağa çalışmaqla bərabər, ən böyük zərbəni ABŞ-ın regiondakı maraqlarına vururlar". S.Seyidov yaxın vaxtlarda Azərbaycan nümayəndə heyətinin ABŞ-a səfər edəcəyini də bildirib.

Brifinq zamanı  S.Seyidov həmçinin bildirib ki, Azərbaycanın beynəlxalq münasibətləri inkişaf etdikcə, dünyadakı rolu artdıqca, mövqeyi möhkəmləndikcə ölkəmizə qarşı destruktiv qüvvələrin təzyiqi də artır: "Təəssüf ki, bu münasibət beynəlxalq təşkilatlarda, hansısa ölkələrdə fəaliyyət göstərən qurumlarla kifayətlənmir, o cümlədən, daxildən də bu cür qüvvələr çalışırlar ki, ölkəmizin münasibətlərinə xələl gətirsinlər. Xüsusilə, Azərbaycanın Avropa İttifaqı ilə inkişaf etdirdiyi münasibətlərinə xələl gətirmək istəyən qüvvələr göz qabağındadır".  Komitə sədrinin dediyinə görə, Azərbaycan danışıqlar prosesini ən yüksək səviyyədə aparır və Avropa İttifaqına daxil olan ölkələrlə birbaşa strateji əməkdaşlıq müqavilələri imzalayır: "O cümlədən, Avropa İttifaqının özü ilə də münasibətlər ən yüksək səviyyədə təşkil olunub. Qeyd edilən destruktiv qüvvələr səfirliklərə, beynəlxalq təşkilatların Bakıda fəaliyyət göstərən nümayəndəliklərinə müraciət edərək müxtəlif görüşlər keçirir, həmin təşkilatların və səfirliklərin mövqelərini təhrif edərək öz maraqları baxımından təqdim edirlər. Bu qüvvələr belə təxribatçı addımlar atmaqla Azərbaycanın həm beynəlxalq təşkilatlarla, həm də ayrı-ayrı ölkələrlə münasibətlərini gərginləşdirmək məqsədi güdürlər. Bu, açıq-aydındır".

S.Seyidov vurğulayıb ki, Azərbaycanda fəaliyyət göstərən səfirliklər və beynəlxalq təşkilatlar obyektiv mövqe nümayiş etdirmək və düzgün fikir söyləmək üçün kifayət qədər imkanlara malikdirlər:

"Amma bu destruktiv qüvvələr beynəlxalq təşkilatların və səfirliklərin adlarından bəyanatlar verməklə və onların mövqelərini öz mövqelərinə süni şəkildə uyğunlaşdırmaqla Azərbaycan vətəndaşlarında ölkəmizin beynəlxalq əlaqələri ilə bağlı yanlış fikir formalaşdırmağa, onları çaşdırmağa çalışırlar. Həmin qüvvələr bilməlidirlər ki, bütün bunlar təxribatdır və biz buna qarşı çıxırıq. Görünən odur ki, destruktiv qüvvələr yeni taktika seçiblər. Həmin qüvvələr qanunun aliliyi və demokratiyanın, insan haqlarının beynəlxalq təşkilatlarda və müxtəlif qurumlarda ali dəyərlər kimi müdafiə olunması zəminindən istifadə edərək öz mövqelərini ölkəmizdə fəaliyyət göstərən səfirliklərin və beynəlxalq təşkilatların mövqeləri kimi təqdim etməyə cəhd göstərirlər. Onlar Azərbaycan vətəndaşını çaşdırmaqla qeyri-qanuni addımlar atırlar. Azərbaycan ilə Avropa İttifaqı arasında münasibətlər yüksələn xətlə inkişaf edir. Azərbaycan beynəlxalq təşkilatlarda getdikcə öz mövqeyini möhkəmləndirir. Destruktiv qüvvələr də məhz həm Avropa İttifaqında, həm Avropa Parlamentində, həm də Avropa Şurasında bu münasibətlərin daha da inkişaf etdirilərək yeni müstəviyə qaldırılmasını görərək və bunu qəbul etməyərək bu cür təxribatlara əl atırlar. Həmin beynəlxalq təşkilatlar və ölkəmizdəki səfirliklər onların adlarından çıxış edən, mövqelərini təhrif edən destruktiv qüvvələrin bu cür təxribatçı addımlar atmaqla Azərbaycanın münasibətlərinə xələl gətirməyə cəhd göstərdiklərini nəzərə almalı və buna qarşı çıxmalıdırlar".