Güclü külək ağacı qırdı: Tanınmış yazarın maşınının üstünə aşırdı - FOTO

Dünəndən başlayan hava şəraiti ilə bağlı olaraq paytaxt ərazisində iki ağac aşıb. Bu barədə Oxu.Az-a Bakı Şəhər Yaşıllaşdırma Təsərrüfatı Birliyinin Bitkilərin Mühafizəsi Şöbəsinin rəisi Orxan Məmmədov məlumat verib.

Onun sözlərinə görə, bu gündən ağacların aşması ehtimalı daha çoxdur:

“Aşan ağaclardan biri kökündən qopub. Digərinin isə budağı sınıb. Hadisələrdən biri Nərimanov rayonunda baş verib. Ümumiyyətlə, hələlik sakitlikdir. Amma Ekologiya və Təbii Sərvətlər Nazirliyinin xəbərdarlığına əsasən, güclü külək günortadan sonra başlayacaq.

Küləyin sürəti 28, 30, 32 və 35 m/s olarsa, hadisələrin sayı çoxlacaq. Hesab edirəm ki, əvvəlki aylara nisbətən daha çox ağac aşacaq. Çünki artıq yağış yağıb, torpaq, hətta ağacların oduncaqları belə yumşalıb. Ağacların qırılma və kökündən qopma ehtimalı çoxdur”.

Orxan Məmmədov vətəndaşlara diqqətli olmaları ilə bağlı xəbərdarlıq edib.

Dünən paytaxt ərazidə aşan ağaclardan biri jurnalist, yazar Pərviz Cəbrayılın avtomobilinin üstünə düşüb. Maşına ziyan dəyib.