Fikrət Qoca gənc şairə məsləhət verdi: "Bu yekəxana..." 

"Şərq"in 29 oktyabr 2019-cu il tarixli sayında gənc şair Mənsur Həsənzadənin ədəbiyyatla bağlı geniş müsahibəsi dərc olunub. Müsahibədə bəzi məqamlarla barışmayan Xalq şairi Fikrət Qoca redaksiyaya məktub ünvanlayıb. Məktubu olduğu kimi dərc edirik.

«Şərq» qəzetində (29 oktyabr 2019) Mənsur Həsənzadənin «Borcum çox olanda yaxşı sevgi şeirləri yazıram» başlıqlı müsahibəsi dərc olunub. Müəllif özünün öz yazdıqlarını «yaxşı sevgi şeirləri» adlandırması əlbəttə şəxsi işidir, amma bu «yaxşı şeirlərin» borclarla nə əlaqəsi olduğu aydın deyil. «Azərbaycan Yazıçılar Birliyinin üzvüsənmi, deyilsənsə niyə» sualına isə belə cavab verir: «Hesab edirəm ki, lazım bilsələr özləri dəvət edərlər. Mən etiraz etmərəm» (?!)

Yazıçılar Birliyi 85 illik tarixində hələ heç kəsi üzv olmağa dəvət etməyib. Üzv olmaq istəyənlər ərizəylə müraciət edir, əsərlərini təqdim edirlər və qəbul komissiyası onların qəbul olunub-olunmaması barədə qərar verir.

Bu yekəxana müsahibəyə o qədər də əhəmiyyət verməyə dəyməzdi, əgər Mənsur Həsənzadə sərbəst şeir haqqında sərsəm fikirlər söyləməsəydi. Suala cavab verərək sərbəst şeiri qəbul etmədiyini belə əsaslandırır ki, «Tanrı özü də kainatı müəyyən qanunauyğunluq içində yaradıb, təbiətdə simmetriya vizual görünür. 2 qulaq, 2 göz, 2 əl... və s. nizamlar ritmi, qafiyəsi, hecası olmayan bir yazıya şeir demək ayıbdır sadəcə».
Əgər sərbəst şeirin şeir olmadığını insanın 2 qulağı və 2 gözü olmasıyla əsaslandırırsa, bəs onda insanın 1 burnu olması «vizual simmetriyanı» pozaraq hansı şeirə haqq qazandırır? Sonra daha qəribə bir söz söyləyir: «Qardaş, mən qafiyəsiz, hecasız yazını şeir hesab etmirəm. Bu yanaşma özlərinə əziyyət vermək istəməyən «ver yeyim, ört yatım» deyənlərin, tənbəl zəka sahiblərinin işidir».

Görəsən, bu avam sözləri deyən «yaxşı sevgi şeirlərinin» müəllifi dərk edirmi ki, gəncliyində gözəl sərbəst şeirlər yazan Səməd Vurğunun, ömürləri boyu sərbəst vəzndə də dəyərli əsərlər yaradan Osman Sarıvəllinin, Vaqif Səmədoğlunun, Nüsrət Kəsəmənlinin ruhlarını incidir. Belə iddialı və çiy fikirlər bəyan edən gənc əvvəlcə nə dediyini əməlli-başlı düşünsəydi, daha yaxşı olardı.