Könül Xasıyeva səhnəyə çıxdı: İki günlük konsert

Bir çox müğənnilər ona ifaları ilə dəstək oldular



Xalq artisti Könül Xasıyevanın solo-konserti baş tutdu.  Heydər Əliyev Sarayında keçirilən gecədə xanəndə sevilən mahnılarını səsləndirib. "Yaşamağa varmı güman" adlı konsert proqramında  Xasıyevanı sənət dostları da tək qoymayıb. Onlar tamaşaçılar arasında əyləşərək, onu dinləyiblər. İki gün davam edən konsert proqramında səhnəyə dəvətli qonaqlar da təşrif buyurublar. 

K.Xasıyeva konsertdə meyxanaçı Namiq Qaraçuxurlu ilə bir səhnəni bölüşəcəyini vəd etdiyindən bu duetin olmasını gözləyən tamaşaçılar intizarda qalıblar. Belə ki, konsertin birinci gecəsinə  Namiq Qaraçuxurlu qatıla bilməyib. Başqa bir mərasimdə olan Namiq Qaraçuxurlu konsertin bitməyinə bir neçə dəqiqə qalmış Saraya çatıb. Konsertin ikinci gecəsində isə tamaşaçılar meyxanaçı ilə Xalq artistinin duetini dinləmək imkanı əldə ediblər. 

İki günlük konsertdə bir çox müğənnilər Könül Xasıyevaya dəstək olmaq üçün səhnəni bölüşüblər. İki ildir oğlunu itirən və səhnədən uzaq düşən Zöhrə Abdullayeva da Könül Xasıyevanın könlünü sındırmayıb və səhnədə çıxış edib. Aşıq Zülfiyyə, aşıq Samirə, aşıq Əli və digərləri də tədbirə rəng qatıblar. Sona yaxın isə xanəndənin oğlu Kazım da davul ifa edərək anasına dəstəyini sərgiləyib. Kazımın çıxışı tamaşaçıların alqışını qazanıb.  Konsert boyu Könül Xasıyeva ifaları ilə yanaşı, başına gələn maraqlı hadisələri də lətifə şəklində pərəstişkarları ilə bölüşüb. Konsertin sonunda xanəndə may ayında da konsert verəcəyini bəyan edib.