Ombudsman kim olsun, qadın yoxsa kişi? - Daha çox hüququ pozulan qadınlardır

Bu günlərdə Azərbaycanın İnsan Hüquqları üzrə Müvəkkili (Ombudsman) Elmira Süleymanova sosial şəbəkələrdə yaşlı nəslin nümayəndəsi olduğu üçün onun da istefa verməsinin məqsədəuyğun hesab edilməsi ilə bağlı yayılan məlumatlara münasibət bildirib.

Ombudsman  bildirib ki, işdən azad olunması ilə bağlı Prezident İlham Əliyevin rəsmi qərarını gözləyir: 

“Sosial şəbəkələrdə adımın hallandırılması başqa bir məsələdir, bu haqda danışmaq istəmirəm. Çünki görürəm ki, kimsə səmimi bir söz deyəndə ona don geyindirirlər. Yaşlı şəxslərdən biri bu məsələ ilə bağlı danışanda “rəsmi qərarı gözləyirəm” dedi. Mən bu yanaşmanı və fikri çox bəyəndim. Mən də qısa olaraq deyə bilərəm ki, cənab Prezidentin rəsmi qərarını gözləyirəm”.

E.Süleymanovanın bu açıqlamasından sonra Ombusdman Aparatının yeni rəhbərinin kim olmasına dair müxtəlif fikirlər səsləndirilir. Bəziləri qadınların Ombudsman vəzifəsində çalışmasını məqsədəuyğun hesab edirlər. Bir qisim isə düşünür ki, kişilərin də Ombudsman olmasında heç bir problem yoxdur.



Əliməmməd Nuriyev: "Bu proseslərlə bütövlükdə qadınlar məşğul olarsa daha yaxşı nəticələr əldə etmək mümkündür"


Məsələni dəyərlənirən Konstitusiya Araşdırmaları Fondunun prezidenti, hüquq müdafiəçisi Əliməmməd Nuriyev Sherg.az-a bildirib ki, Ombudsman Aparatının rəhbərliyində qadın və ya kişilərin çalışmasının heç bir fərqi yoxdur. Çünki hər şeydən əvvəl peşəkarlıq olmalıdır:

Onun sözlərinə görə, ölkədə gender bərabərliyinə əməl edilməsi çox yaxşı haldır:

“Amma ümumilikdə Ombudsman Aparatında xanımlarımızın çox olmasının heç bir ziyanı yoxdur. İşin daha səmərəli və keyfiyyətli aparılması üçün orada kimin işləməsinin heç bir təsiri yoxdur. İndiki halda Ombudsman Aparatında qadınların sayı kişilərə nisbətən daha çoxdur. Məlumdur ki, Ombudsman Aparatı pozulmuş hüquqların müdafiəsi ilə məşğuldur. Ona görə də bizdə daha çox hüquqların pozulmasında qadınların sayı üstünlük təşkil edir. Qadına qarşı şiddət, məişət zorakılığı və.s məsələlər var. Əlbəttə bu proseslərlə bütövlükdə qadınlar məşğul olarsa daha yaxşı nəticələr əldə etmək mümkündür. Çünki bir çox hallarda qadınlar baş vermiş hadisə ilə bağlı həmcinsləri ilə daha ətraflı təmasda olmağa meyilli olurlar, nəinki kişilərlə. 

Hesab edirəm ki, Ombudsman Aparatında əsas məsələ peşəkarlıqdır. Təbii ki, ölkəmizdə gender bərabərliyi haqqında qanun var. İdarəetmə proseslərində bütövlükdə müxtəlif qurumlarda qadınların sayının çox olması arzuediləndir. Bu, normal tendensiyadır. Düşünürəm ki, bütövlükdə ölkəmizdə hüquq və azadlıqların daha etibarlı qorunması baş verməlidir. Ombudsman da bu məsələdə mühüm alətlərdən biridir. Ombudsman Aparatı bu işləri rasional və səmərəli şəkildə həyata keçirir. Ona görə də burada əsas diqqət peşəkarlığa yönəlməlidir”.