Gülüş doğuran "dəyirmi masa" - RƏY

“Müsavat Partiyasının ev sahibliyi etdiyi müxalifətin "dəyirmi masa"sına qatılmış siyasətçilər və ekspertlər demək olar ki, hamısı köhnə simalar idi”.

Bunu Sherg.az-a açıqlamasında Demokratik Azərbaycan Dünyası Partiyasının sədri Əlisahib Hüseynov deyib. 

Partiya rəhbəri bildirib ki, müxalifətin yeni siması sayılan keçmiş səhiyyə naziri Əli İnsanov da əslində köhnə simadır: 

“Sözün hər mənasında köhnə simalardır. Zaman-zaman bir-birinin qanını içməyə hazır olan bu şəxslər, dünən bir masa arxasında bir araya gələrək “birlik və bərabərlik” görüntüsü sərgilədilər. Sağçısı-solçusu bəlli olmayan, ideoloji yönü bilinməyən və sadəcə praqmatik maraqlarına görə bir yerə yığışan müxalifət liderlərinin bu toplantısını cəmiyyət həm sükutla, həm də passiv etirazla qarşıladı. Əli İnsanovu müxalifət liderlərindən biri kimi legitimləşdirmək və cəmiyyətə sırımaq cəhdi, sıravi vətəndaşlarımızda neqativ reaksiya doğurdu. Çünki bu toplantı müxalif düşərgədə mənəvi dəyərlərin heçə sayılmasının əyani nümayişi idi. Odur ki, bu toplantı cəmiyyətin ənənəvi müxalifətə qarşı olan-qalan son inamını da büsbütün sarsıtdı”.