Bakının problemləri həll olunacaq: Paytaxt rayonlarının icra başçıları məsuliyyəti anlamalıdırlar

Prezident İlham Əliyevin Bakı Şəhər İcra Hakimiyyətinin başçısı Eldar Əzizovu qəbul etdiyi zaman verdiyi tapşırıqların icrası, Bakı şəhərində görülən abadlıq-quruculuq işlərinin vəziyyəti və qarşıda duran vəzifələrə həsr olunmuş müşavirə keçirilib.

Müşavirə Bakı Şəhər İcra Hakimiyyətinin başçısı Eldar Əzizovun başçılığı ilə keçirilib. Müşavirədə paytaxt rayonlarının icra hakimiyyətlərinin başçıları, şəhərin təsərrüfat xidmətlərinin rəhbərlərini  iştirak edib.

Tədbirdə çıxış edən BŞİH-in başçısı Eldar Əzizov ölkə başçısının qəbulunda olduğu zaman Prezident tərəfindən verilən tapşırıqlar, qeyd edilmiş nöqsanlar, görüləcək işlər və qarşıya qoyulan vəzifələr barədə məlumat verib. Toplantıda bəzi icra hakimiyyəti başçıları ciddi tənqid edilib:

“Şəhər icra hakimiyyəti və rayon icra hakimiyyəti başçıları cənab Prezidentin tutduğu iradlardan nəticə çıxarmalı, işimizi bu böyük insanın tələblərinə uyğun qurmalıyıq. Bu gün ölkədə sistemli dəyişikliklər, inqilabi islahatlar aparılır və buna uyğun olaraq iş, forma və metodları dəyişməlidir. Tənqid və özünə tənqid normaya çevrilməlidir”.

Eldar Əzizov icra başçılarına müraciət edərək, hər bir sakinin problemini öz problemimiz kimi qəbul edilməsinin vacibliyini vurğulayıb.
 
Müşavirədə qanunsuz tikintilərlə bağlı ölkə başçısının iradları çatdırılıb, yaradılmış park və məhəllələrin lazımi səviyyədə qorunması ilə bağlı tapşırıqlar verilib. Xüsusi olaraq vurğulanıb ki, daxil olan məlumatlara görə RİH-də və digər qurumlarda vətəndaşların müraciətlərinə bəzi hallarda lazımi diqqət göstərilmir, süründürməçilik hallarına yol verilir. 



Vüqar Tofiqli: "Eldar müəllim Prezidentin tapşırıqlarının dəqiq yerinə yetirilməsinə ciddi şəkildə nəzarət edəcək"


"Bələdiyyələrin fəaliyyətinin təbliği” İctimai Birliyinin sədri Vüqar Tofiqli Sherg.az-a açıqlamasında bildirib ki, Prezident tərəfindən kadr islahatı və ölkədəki sosial-iqtisadi durumun yaxşılaşdırılması ilə bağlı atılan addımlar yüksək dəyərləndirilməlidir:

“Prezidentin Eldar Əzizovu qəbul edərkən sahə təsərrüfatı müəssisələrinin fəaliyyəti, qanunsuz tikililər, vətəndaş qəbulu həmçinin korrupsiya məsələsi ilə bağlı irəli sürdüyü tələblər vacibdir. İnanıram ki, bütün bu işlər BŞİH tərəfindən yüksək səviyyədə icra olunacaq”.

V.Tofiqli qeyd edib ki, Eldar Əzizovun icra hakimiyyətlərinin başçıları ilə keçirdiyi görüşün də müsbət təsiri olacaq:

“Çünki Eldar müəllim digər icra başçılarından savadı və sözünün düzgünlüyü ilə seçilir. O gözütox məmurlarımızdan biridir. Düşünürəm ki, cənab Prezidentin onun qarşısına qoyduğu məsələlərə diqqətlə yanaşıb, həmin göstərişləri müvafiq kadrlara çatdıracaq. Həmçinin verilən göstərişlərin dəqiq yerinə yetirilməsinə ciddi şəkildə nəzarət edəcək. İnanıram ki, bu məsələlərin vaxtında qaldırılması effektiv olacaq. Məlumdur ki, artıq payız mövsümüdür və bu yaxınlarda qışa hazırlıq məsələlərinin həlli ilə bağlı addımların atılması yüksək dəyərləndirilməlidir. Əminəm ki, belə məsələlərin yerlərdə icrası təmin olunacaq. Cənab Prezident də qeyd edib ki, bu işləri icra etməyən kadrlar məmur statusundan azad ediləcək”.