Teleseriallar naşıların əlinə keçib: Özəl televiziya deyiriksə, bu, özbaşınalıq anlamına gəlməməlidir

"İş peşəkarlara tapşırılsaydı, sənət də inkişaf edəcəkdi, kinematoqrafiya da"



"Özəl televiziyalar da əxlaq kodeksinə əməl etməli, milli adət-ənənələrə hörmət etməlidir"



Milli Teleradio Şurasının sədri Nuşirəvan Məhərrəmli Azərbaycan radiosunun 93 illik yubileyinə həsr olunmuş tədbirdə yenə özəl telekanallardan və orada yayımlanan teleseriallardan narazılıq edib. Deyib ki, “özəl televiziyalarda yayımlanan seriallarda Azərbaycan ailəsi çox ciddi təhrif edilmiş formada təqdim olunur. Çox təəssüflər olsun ki, reytinq xatirinə fəaliyyət çox ciddi səhvlərə gətirib çıxarır.

Özəl televiziya kanallarında verilişlərin bayağılığı, süniliyi Milli Televiziya və Radio Şurasının sədri kimi məni çox narahat edir”. Görəsən, N.Məhərrəmlinin özəl televiziyalardan, teleseriallardan narazılığı neçənci dəfədir? Yəqin, heç özü də sayıb qurtara bilməz. N.Məhərrəmlinin dedikləri nöqtə-vergülünə qədər doğrudur. Amma... 

Nə əkiblər, onu da biçirlər...


Nə qədər şikayət etmək olar? Bir dəfə də MTRŞ televiziyalarımızı çulğamış problemin səbəblərini və daha vacibi – problemdən çıxış yolunu göstərsin. Nə edilməlidir ki, Azərbaycan ailəsi teleseriallardakı formada ciddi şəkildə təhrif edilməsin? Problemdən çıxış yolu yoxdurmu? Təəssüf ki, bu sualı N.Məhərrəmliyə ünvanlayan olmayıb.



Əvəzində biz sualı peşəkar bir insana – Əməkdar incəsənət xadimi, kinorejissor Hüseyn Mehdiyevə ünvanladıq. Cavabı belə oldu: 

- Bilirsiz ki, cənab Prezidentin sərəncamı ilə yerli teleserialların çəkilişinə dövlət büdcəsindən maliyyə ayrıldı və bu işin təşkili də Milli Teleradio Şurasına tapşırıldı. Gərək, Nuşirəvan müəllim hazırkı vəziyyətin səbəbini özündə axtarsın. Vaxtında işin özülü düzgün qoyulmadı. Yaxşı şərait yaranmışdı ki, yerli film istehsalı inkişaf etsin, amma ondan düzgün istifadə edilmədi. Peşəkar studiyalar vardı, “Azərbaycanfilm”, “Yeni film”, “Buta film”... kimi. O zaman maliyyə az idi, amma film sənayesi dayanmamışdı, filmlər çəkilirdi. Ancaq nə oldu? Bu studiyaların fəaliyyətini genişləndirmək, daha da inkişaf etdirmək əvəzinə, onları  kənarda saxladılar, yeni studiyalar açdılar, işi tapşırdılar naşılara. Naşılar da işi sıfırdan başladılar, ona görə də nəticə bu gün sıfırdır. Teleserial çəkmək sadə məsələ deyil. İş peşəkarlara tapşırılsaydı, sənət də inkişaf edəcəkdi, kinematoqrafiya da, ikinci rejissorlar, rejissor asisentləri, operatorlar və sairə. Bu illər ərzində nəyə nail olunubsa, görünən odur. Ona görə deyirəm ki, N.Məhərrəmli özünə tənqidi yanaşsın.
H.Mehdiyev bildirdi ki, bu gün teleseriallara münasibət fərqlidir:
- Burada həm səviyyə, peşəkarlıq məsələsi var, həm də maliyyə. Maliyyə mənbəyi yox dərəcəsindədir. Əksər rejissorlar teleserialları  öz təşəbbüsləri ilə çəkir. Bir növ özfəaliyyətlə məşğuldurlar. Kim nə istəyir çəkir. Yerli teleserialların ümumi maraqları təmin edəcək formada olmasını istəyiriksə, o zaman sistemli şəkildə iş aparılmalı və stabil maliyyə mənbəyi olmalıdır. 

“Özəl, özbaşınalıq deyil”

Peşəkar kinoşünas, nasir, publisist, senarist Nəriman Əbdülrəhmanlının fikirlərini öyrəndik. Fikirlərə yer verməzdən öncə, MTRŞ sədrinin narazılıq etdiyi mövzu ilə bağlı rəyini soruşduğumuz şəxsin həyatının kinematoqrafiya ilə əlaqəli dövrünü qısaca xatırlatmağı lazım bildik ki, deyilənlərdən incimək əvəzinə özlərinin səhv və qüsurlarını araşdırsınlar.     



Nəriman Əbdülrəhmanlı 1983-cü ildə Moskvada Ümumittifaq Kinematoqrafiya İnstitutunun nəzdində kinossenari kursunda təhsil alıb. C.Cabbarlı «Azərbaycanfilm» kinostudiyasının «Yaddaş» sənədli filmlər studiyasında, Dövlət Ədəbiyyat və İncəsənət Arxivində, Müdafiə Nazirliyinin kino-telestudiyasında,  «Lider» televiziyasında çalışıb. 

1980-ci illərin sonlarından kinopublisistika və kino tarixi ilə ciddi məşğul olub, 4 cildlik “Azərbaycan kino sənəti tarixi” monoqrafiyasını yazmaqla yanaşı, qələmə aldığı senarilər üzrə bədii və sənədli kinofilmlər çəkilib, 2001-2003-cü illərdə isə «Lider» televiziyasında silsilə sənədli filmlərin yaradılmasında iştirak edib. O, 1991-1993-cü illərdə “Gümüş Aypara” Beynəlxalq Aşqabad kinofestivalının Azərbaycan üzrə icraçı direktoru kimi fəaliyyət göstərib. 20-dən artıq sənədli filmin, 6 qısametrajlı filmin senari müəllifidir. Həmçinin “Əzablı yollarla” və “Qara "Volqa” bədii filminin senari müəllifidir. 
N.Əbdülrəhmanlı MTRŞ sədrinin narazılıqlarının artıq adi hal aldığını dedi:

Nuşirəvan müəllim neçə ildi bu sözləri deyir. Elə hey şikayət edir. Amma ciddi ölçü götürülmür. Bunun səbəbini aydınlaşdırmaq lazımdır ki, niyə ölçü götürülmür? Nuşirəvan müəllim kimə şikayətlənir? Telekanallara nəzarət ona tapşırılıb. O şikayət edirsə, bəs tamaşaçı kimə şikayət etsin, dərdini kimə desin? 

- N.Məhərrəmli dəfələrlə bildirib ki, MTRŞ özəl telekanalların proqram siyasətinə qarışa bilməz,  özəl telekanallar kommersiya strukturludur. 

- Demirik ki, telekanalları bağlasınlar. Yüzlərlə başqa təsir imkanları var. Məhkəməyə də verə bilməzlər? İctimai qınaq kampaniyası başlada bilərlər. Özəl televiziya deyiriksə, bu, özbaşınalıq anlamına gəlməməlidir. Özəl televiziyalar da əxlaq kodeksinə əməl etməli, milli adət-ənənələrə hörmət etməlidir. Hər şey peşəkarlıq və mənəviyyat çərçivəsində olmalıdır. Əxlaq, mənəviyyat çərçivələri aşılmamalıdır.

- Nəriman müəllim, telekanallardakı serialları izləyirsiniz?

- Mən 9 ildir Azərbaycan telekanallarını bağlatdırmışam. Baxmıram. Nəyə baxım? Səviyyəsiz verilişlərə, “tok-şou”lara? Türkiyə və Rusiya istehsalı seriallarla müqayisədə bizimkilər ağlamalı vəziyyətdədir. Çünki iş peşəkarlara tapşırılmayıb. Əksəriyyəti həvəskarlardı. Ömründə bir sənədli filmə senari yazmayıb, amma  teleserial çəkir. Mən peşəkar kinoşünasam. 3 cildlik Azərbaycan kino tarixini yazmışam. Belə şeyləri görəndə əlbəttə narahat oluram. Hesab edirəm ki, əgər MTRŞ-nin telekanallardan narazılığı bitmirsə, o zaman MRTŞ-nin öz statusuna yenidən baxmaq lazımdır. Ya bu şuraya hansısa səlahiyyətlər verilməlidir ki, telekanallara təsir imkanları olsun, ya da Nuşirəvan müəllim öz fəaliyyətinə nəzər salmalıdır.  

“Bəs nəyə baxaq?!”


Həqiqətən də, şit, bayağı teleseriallardan Azərbaycan tamaşaçısının canı nə vaxt qurtaracaq, bilinmir. Məsələ burasındadır ki, teleserial istehsalçıları çəkdiklərinin tamaşaçı tərəfindən sevildiyinə, ilk növbədə özlərini inandırıblar. Camaat baxırsa, deməli, xoşuna gəlir. Bu variantı tamamilə yaddan çıxarıblar ki, tamaşaçı başqa alternativi olmadığı üçün də gözünü ekrana dikə bilir. “Bu filmdi baxırsız?!” tənəsinə qarşılıq olaraq çox adamın “neyləyək? Nəyə baxaq?” cavabını eşitmişik. Yəni, bu o deməkdir ki, əlacsızlıqdan ekran qarşısında əyləşmişik. Bir halda ki, tamaşaçı əlacsızlıqdan ekran qarşısında əyləşir, heç olmasa, tamaşaçıya hörmət edib keyfiyyəti azacıq artırmaq da olar. Bir az zəhmət çəkmək, lap olsun öz mənafeyi naminə daha yaxşı çalışmaq da mümkündür axı. Necə olur ki, Türkiyə, Rusiya serialları, həmçinin tok-şouları, əyləncə proqramları rəğbət qazanır, baxılır və sevilir, amma bizimkilərin adı çəkiləndə hamı dodaq büzür? Hətta bəzilərinin zamanı keçmiş saydıqları hind teleseriallarından da örnək alınası çox məsələlər var. Hind seriallarında milliliyə, adət-ənənələrə bağlılıq çox güclüdür. Adət-ənənədən kənara çıxan şəxsin ailə tərəfindən qəbul edilməməsi, ilk baxışda köhnəlik, geridəqalmışlıq təəssüratı yarada bilər, amma hadisələr inkişaf etdikcə, ailə dəyərlərinə qarşı çıxan adamların çətinliklərlə üzləşdiyi, xoşbəxtliyə, firavan həyata nail olmadıqları görünəndə, hind fəlsəfəsinin gücü də ortaya çıxır. Adət-ənənə, ailə dəyərləri toxunulmazdı, onlara qarşı gələn məhvə məhkumdur. Bizim seriallarda bu xətt varmı?        



Məsələ ilə bağlı fikirlərini bölüşən Azərbaycan Respublikası Prezidenti yanında Dövlət İdarəçilik Akademiyasının professoru, sabiq millət vəkili Həvva Məmmədova yüngül məzmunlu teleserialların tamaşaçıda rəğbət oyatmadığını dedi: 

Bizim televiziyaların bir “arqumenti” var ki, tamaşaçı izləyir, guya bunların nə qədərsə pərəstişkarı var. Olsun. Amma söhbət əsrlərlə formalaşmış Azərbaycan ailə dəyərlərinə, milli adət-ənənələrimizə hörmətsizlikdən gedir. Problem o zaman həllini tapar ki, televiziyalara televiziya məkanını bilən peşəkarlar dəvət edilsin. Qoy xarici telekanallardan örnək alsınlar. Türkiyənin ATV telekanalında insan talelərindən bəhs edən proqram var. Bütün dünya türkləri ona baxır, izləyir. Niyə bizim telekanallarda bölgələrdə yaşayan əməksevər, zəhmətkeş insanlarımız, Qarabağ müharibəsinin iştirakçıları, Aprel döyüşlərinin şəhidləri, onların ailələri, anaları, bacıları göstərilmir? Ailə dəyərlərini qoruyub saxlayan fədakar qadınlarımız dəvət edilmir? Axı biz nə qədər eyni simaları görəcəyik? Telekanal rəhbərləri zəhmət çəkib kabinetdən çıxsınlar, bölgələrə getsinlər, əhalinin arasında olsunlar, görsünlər camaatın televiziyalardan tələbi, istəyi nədir. Televiziyalar təkcə Bakı əhalisi üçün nəzərdə tutulmayıb axı. Regionlardan bəhs edən proqramlar var, amma çox azdır. Hər şey elə bil paytaxt üçündür. Televiziya kütləvi yayım vasitəsidirsə, burada bütün təbəqələrin marağı nəzərə alınmalıdır.

H.Məmmədova Milli Teleradio Şurasına əlavə səlahiyyətlər verilməsi təklifini dəstəkləyir:

"MTRŞ-yə əlavə səlahiyyətlər verilməlidir. Çünki cəza olmayanda özbaşınalıq ayaq tutub yeriyir. Amma bununla da iş bitmir. Tutalım, hansısa telekanal cəzalandı, yaxud qapandı. Başqa birisini yenidən açacaqlar, eyni səviyyəsiz, bayağı, şit, xalqımızın əsrlərlə qoruyub saxladığı dəyərlərimizi təhqir edən, milli dəyərlərə təcavüz edən proqramlar yenə başlayacaq yayımlanmağa. O qədər belə hallar olub ki. Telekanallara çəki-düzən vermək üçün birinci növbədə gərək telekanal rəhbərləri də müzakirələrə dəvət edilsin, onlar da dinlənilsin, bəlkə bu insanların deyəcəkləri bir söz var, bir təklifləri var. Görək, onlar bu bayağılıqla bağlı hansı arqumentləri səsləndirirlər. Deməsinlər ki, reytinqli proqramdı, guya millət səviyyəsiz müğənniləri tələb edir, filan. Hamımız da yaxşı bilirik ki, şit, səviyyəsiz verilişlərə dəvət edilən bayağı müğənnilər, yalançı ekspertləri telekanal və proqram rəhbərləri özləri dəvət edirlər. Tamaşaçıya da onları zorla alqışladırlar".