Qənirə Paşayeva: "Prezidentin sərəncamını icra edin" 

Milli Məclisdə 2020-ci ilin dövlət büdcəsi layihəsinin səhiyyə, əmək və sosial siyasət, elm və təhsil, mədəniyyət, ailə qadın və uşaq məsələləri komitələrində müzakirəsi zamanı çıxış edən millət vəkili Q.Paşayeva bir sıra təkliflər irəli sürüb.

Sherg.az xəbər verir ki, Q.Paşayeva çıxışında dövlət başçısı İlham Əliyevin rəhbərliyi altında ölkəmizdə həyata keçirilən islahatları dəstəklədiklərini deyərək, 2020-ci ilin büdcə layihəsinin də yüksək səviyyədə tərtib olmasını, sosial yönümlü olduğunu xüsusi vurğulayıb. O, regionlarda yaşayan insanların da bir sıra təkliflərini səsləndirərək, onların da gələn ilin büdcəsində nəzərə alınmasına çağırıb.

Q.Paşayeva ölkəmizin ən qədim tarixi abidələrindən biri olan Göytəpə qədim yaşayış məskəni ilə bağlı da danışıb.

Prezident İlham Əliyevin 2012-ci ildə Tovuza səfəri zamanı Göytəpəyə baş çəkdiyini, bu ziyarətdən sonra Göytəpə arxeoloji parkının yaradılması ilə bağlı sərəncam imzaladığını xüsusi vurğulayan millət vəkili müvafiq qurumları bu sərəncamı icra etməyə çağırıb. Millət vəkili bildirib ki, işlərin ləngiməsi abidəyə mənfi təsirini göstərir.

Təhsilə, məktəblərin tikintisi və təmirinə ayrılan vəsaitlərin daha da artırılmasına ehtiyac olduğunu deyən millət vəkili qeyd edib:

“Mənim millət vəkili seçildiyim dairədəki məktəblərin bir çoxu normal tədris üçün yararlı deyil. O məktəblərin bəzilərinin ciddi təmirinə, bəzilərinin yerində yeni məktəb binasının, bəzi kəndlərdə isə yeni məktəb tikintisinə böyük ehtyac var. Mən təhsil işçilərinin, valideyn və şagirdlərin çağırışını burada səsləndirərək, Tovuz rayonunda məktəblərin tikintisini və təmirinin sürətlənməsi üçün daha çox vəsaitin ayrılmasına, müvafiq qurumları qısa zamanda bu istiqamətdə daha çox işlər görməyə çağırıram”.

Kasıb ailələrdən olan tələbələrin təhsil ala bilməsində önəmli rol oynaya biləcək təhsil kreditləri ilə bağlı məsələlərin öz həllini tapmasına ciddi ehtiyac olduğunu xüsusi vurğulayan Q.Paşayeva dövlət universitetlərinin yataqxanalarının artmasının vacibliyini xüsusi vurğulayıb.

Q.Paşayeva fiziki imkanları məhdud uşaqlara verilən müavinətlərin artırılmasının vacibliyi barədə də danışıb:
“Autizmli uşaqların müavinəti onların ayda cəmi 3-4 dəfə peşəkar mütəxəssislərdən dəstək almasına ancaq çatır. Bu uşaqların müalicəsini, təhsil və təlimini yüksək səviyyədə həyata keçirə bilmək üçün onlara və ailələrinə dəstək proqramları olmalıdır. Ona görə də müvafiq qurumları autizmli uşaqların müalicəsi, təhsili, təlimi və onların ailələrinə dəstək proqramı hazırlayıb qəbul etməyə səsləyirik. Autizmli uşaqların sayının ilən ilə artmasını nəzərə alaraq, bu məsələyə xüsusi diqqət yetirməliyik”.

Aliment fondunun yaradılmasının vacibliyi barədə danışan millət vəkili deyib ki, bu sahədə artıq həyəcan siqnalı çalınmalıdır.

Millət vəkili çoxuşaqlı ailələrə yardım edilməsi ilə bağlı məsələyə qısa zamanda baxılması və bu məsələnin həllini tapmasının vacibliyi barədə də danışıb.