Yol qazılıbsa, bərpa olunmalıdır: Günahı bir-birinin üzərinə atmaq lazım deyil

“Azərsu” ASC sosial şəbəkələrdə “Azərsu” gəlir yolu qazır, boruları təmir edir, yol təmirsiz qalır” məsələsinə aydınlıq gətirib. Qurumun sədri Qorxmaz Hüseynov YAP-ın İcra Katibliyində keçirilən mətbuat konfransında bildirib ki, cəmiyyətdə bu fikir haqlı şəkildə formalaşıb:

“Biz qəza olursa, mütləq oranı qazmalı və təmir işləri aparmalıyıq. “Azərsu” yolu qazdı, təmir etmədi və getdi” demək düzgün yanaşma deyil. Bizim qurumun asfalt təsərrüfatı yoxdur.  Biz 2-3 kvadrat metr yol qazırıq. AAYDA-nın da o imkanı yoxdur ki, biz deyən kimi dərhal gəlib ərazini düzəltsin. Ərazinin bərpası üçün bir neçə gün vaxt lazım olur. Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyi ilə müqaviləmiz var. Biz iş aparırıq ki, belə hallar minimuma çevrilsin”.

“Artıq AAYDA da bu işlərin həyata keçirməsi üçün lokal qurğular alıb”, - deyə sədr qeyd edib.



Yol-nəqliyyat problemləri üzrə mütəxəssis Fərhad Eyyubov “Şərq”ə açıqlamasında rəsmi qurumların günahı bir-birinin üzərinə atmasını məsuliyyətdən yayınma adlandırdı: 

"Günahı bir-birinin üzərinə atmaqdan əl çəksinlər. Yol hərəkətinin təhlükəsizliyinə dair 2019-2023-cü illəri əhatə edən Dövlət Proqramı var. Orada “Azərsu”, “Azəravtoyol”, Bakı Nəqliyyat Agentliyi... yol təsərrüfatı ilə bağlı bütün qurumların vəzifələri konkret göstərilib. Vətəndaşlar çox zaman bunun şahidi olur ki, yol qazılır, günlərlə o vəziyyətdə qalır, gediş-gəliş çətinləşir, tıxaclar yaranır, yolda yeyilmə gedir, yol təsərrüfatı dağılır. “Azərsu” bildirir ki, AAYDA ilə müqavilələri var, Agentlik qazılan yolu təmir etməlidir. Amma onların da ərazini dərhal təmir etmək imkanları yoxdur. “Azərsu”ya milyonlarla pul ayrılır. Mənim təklifim var: “Azərsu”nun nəzdində operativ təmir briqadası, xüsusi şöbəmi, ya idarə, adını nə qoyurlar, qoysunlar, cari təmir işlərini operativ, vaxt itirmədən həyata keçirəcək ayrıca qurum yaradılsın, özlərinin işçi briqadası olsun, su xətləri təmir edildikdən sonra yolun qazılmış hissəsini də özləri təmir etsinlər, bununla da iş bitsin. Niyə gözləməliyik ki, “Azəravtoyol” nə vaxt gəlib yolu təmir edəcək, yolda hərəkət normallaşacaq?! “Azərsu”nun özünün bu işləri görəcək xüsusi briqadası olsa, yolların mühafizəsi daha da asanlaşar və yaxşılaşar.