Valeh Əhmədov: "Nuşirəvan müəllim ağsaqqalımızdı, tənqidlərdən nəticə çıxarmağa çalışırıq"

"Ailələrimizin möhkəmliyi üçün xidmət göstərməyə də hazırıq"



"İnanın, ailələr var, qurban deyiblər ki, sabahkı seriyada filan qəhrəman ölməsin"



"Bizim də atamız, anamız, ailəmiz var. Düşünürük ki, çəkdiklərimizə valideynlərimiz, övladlarımız baxacaq. Onların qəbul etməyəcəyi məsələni tamaşaçıya da rəva bilmirik"




Valeh Əhmədov. Bilirsiz bu kimdir? “Xəzər” televiziyasında yayımlanan bütün teleserialların senaristi!.. Bəli, Milli Teleradio Şurasının sədri Nuşirəvan Məhərrəmlini “bezdirən”, ictimaiyyətin, həmçinin biz jurnalistlərin də hədəfinə çevirən o teleserialların senaristi. Nuşirəvan müəllim ötən dəfə belə demişdi: “özəl televiziyalarda yayımlanan seriallarda Azərbaycan ailəsi çox ciddi təhrif edilmiş formada təqdim olunur. Çox təəssüflər olsun ki, reytinq xatirinə fəaliyyət çox ciddi səhvlərə gətirib çıxarır”. Maraq üstün gəldi və qısa araşdırma aparıb telekanallarda hansı serialların yayımlandığını və onları kimlərin çəkdiyini bilmək istədik.

Qarşımıza çıxan məlumatlar bu oldu ki, 2011-ci ildən günümüz də daxil “Aramızda qalsın”, “Qayınana”, “Bir ailəm var”, “Həyat sən nə qəribəsən”, “2 ömür”, “Ata ocağı”, “İmtahan” “Xəzər” TV-də yayımlanır (daha nə qaldı?! Serialların hamısı elə bu telekanala yığışıbmış ki!). Və bu teleserialların senari müəllifi də Valeh Əhmədovdur. İndi belə çıxır ki, Nuşirəvan müəllimin iradları bu oğlana ünvanlanıb? Belə konkret ittiham da etməyək. Danışmamış, soruşmamış. “Həm də bu oğlana ünvanlanıb?” yazsaq daha doğru olar. Görək, özü nə deyəcək. 
   
-Valeh bəy, bəri başdan deyim ki, mən sizin filmləri izləməmişəm. Ona görə dedim ki, siz də mənə irad tutmayasınız ki, filmlərə baxmamısınız, onlar haqqında fikir bildirməniz düz deyil. Mən sadəcə, N.Məhərrəmlinin iradları üzərindən sizinlə danışıram.  

(Heç bir etiraz, umu-küsü eşitmədim. Mədəni və sakit şəkildə həmsöhbət oldu. Səbirsizlik etmədi, əsəbiləşmədi, azarlamadı). 

-O nə sözdü?! Buyurun... 

-MTRŞ sədrinin iradlarını qəbul edirsiniz? 

-Nuşirəvan müəllim dəyərli ziyalımızdı. Bir neçə dəfə onunla görüşümüz olub. Söhbət etmişik, müzakirələr aparmışıq. Nuşirəvan müəllimin açıqlamasından xəbərdarıq. Tənqidləri normal qəbul edirik. Efir məkanında hazırda çox seriallar yayımlanır. Mən hazırda “Xəzər” telekanalında yaymlanan “Ata ocağı” və “İmtahan” serialının senarisini yazıram. “Qələm” qrupu ilə birgə. Biz həmişə iradlara həssas yanaşırıq. Kommentlərə baxsanız, görərsiniz ki, bir çox təbəqənin insanları, onlar arasında polis rəisi, həkim, müəllim var, bu teleseriallarla bağlı xoş sözlər yazır, bəyəndiklərini bildirirlər. Yazırlar ki, ailə məsələlərinə həssas yanaşırsınız. Təşəkkür edirlər. Biz həmişə bu məsələlərə diqqət etməyə çalışırıq. Sadəcə, qayda belədir ki, teleseriallarda konfliktlər olur. Konflikt olmasa sənədli film çəkilər də. Filmlər, seriallar həmişə konfliktlər üzərində qurulur. Və bu konfliktləri seçərkən qarşımıza məqsəd qoyuruq ki, ailə dəyərlərinə zidd olmasın. Reytinq xatirinə dəyərlərimizi zədələməyək. Seriallarda xalq artistləri iştirak edir. Həmidə xanım Ömərova, Qurban İsmayılov, Sənubər İsgəndərli, Rasim ... Rəşad Bəxtiyarov - bu yaxınlarda əməkdar artist adını aldı. Bir çox belə tanınmış və sevilən aktyor və aktrisalar çəkilir. Serialların mövzusu ailədaxili münasibətlərdir. Atanın oğula münasibəti, evin gəlini, gəlin deyil, evin qızıdır və sairə. Bizim çəkdiyimiz seriallarda milli musiqimiz təbliğ olunur, muğamlar səsləndirilir. Neqativ sayıla biləcək nəsə yazmamışıq, bu günə qədər. İntihara cəhd ola bilər, amma intihar heç vaxt gerçəkləşmir. Bugünədək 3000 seriya yazılıb, intihar səhnəsini heç bir seriyada görə bilməzsiniz. “Qələm” qrupunun iş prinsipi budur. Dəyərlərimizə qarşı çıxmağı özümüzə qadağan etmişik. İnsanların önəm verdiyi məsələlərdə diqqətli olmağa çalışırıq. Məsələn, avtobusun qatara çırpılması hadisəsi baş vermişdi, biz o səhnəni seriala əlavə etdik. “İmtahan” serialı da gənclərin həyatından bəhs edir. İki mənası var – həm həyat imtahanı, həm də bildiyimiz tədrislə bağlı imtahan. Bu serialda tələbə-müəllim münasibətlərini ideal şəkildə təqdim etməyə çalışırıq. Serialda müəllimlər, dekanlar var. Tələbələrə yardım edirlər, onlara öz övladları kimi yanaşırlar. Bu, bizim fəaliyyətimizdə tutduğumuz yoldur. İrad bildirilən məsələlərə biz özümüz də həmişə diqqət edirik ki, bacardığımız qədər dəyərləri qoruyaq. Bir film çəkmişəm. Həm senarist, həm də rejissoruyam. “Kişi ol” filmi. Yaxın zamanlarda yayımlanacaq. Filmin qəhrəmanı jurnalistdir. Jurnalistlər arasında, müğənnilər arasında neqativ hallar olur. Nuşirəvan müəllimin baxdığı və qüsurlar gördüyü seriallar var, özü bilir hansılardı. Nöqsanları görüb və deyir. Mən “bu deyilənlər bizə aid deyil” demirik, biz yenə də tənqiddən nəticə çıxarmağa çalışırıq. 



- Məsəl var, heç kim öz ayranına turş deməz. Öz çəkdiklərinizi əlbəttə müdafiə edəcəksiz. Bunu da təbii qarşılayıram. “Mən pis senari yazmışam” deməyəcəksiniz. Bu iradlar kimə ünvanlanıb, o zaman?

-Mən həmişə demişəm ki, biz də cəmiyyətimizin bir üzvüyük. Bizim də atamız, anamız, ailəmiz var. Düşünürük ki, çəkdiklərimizə valideynlərimiz, övladlarımız baxacaq. Onların qəbul etməyəcəyi məsələni tamaşaçıya da rəva bilmirik. Konkret olaraq hansı serialların nəzərdə tutulduğunu bilmirəm. Hər sahədə çatışmazlıq olur. Bir filmdə nöqsanlar varsa, o demək deyil ki, bütün seriallar zəifdi... 

-Nuşirəvan müəllim konkret ad çəkməyib. Amma dediniz ki, sizin də qüsurunuz  ola bilər, iradları qəbul edirsiniz... Məsələn, bir misal çəkə bilərsiniz, düşünmüsünüz ki, bu hissəni belə yox, başqa cür yazmalıydım...

-İndi tələsik düşünə bilmirəm... Amma məsələ belədi. Hər hansı uğur qazanmış, hətta mükafatlara layiq görülmüş filmi də bir neçə dəfə izləsəniz, orada bir nöqsan, qüsur tapılacaq. Oturub diqqətlə izləsəm, bəlkə də səhvlər taparam. “İmtahan” serialında, inanırsınız, Azərbaycan yazıçılarından, şairlərindən sitatlar vermişik. Halbuki 13 senarist var. Deyə bilərdik ki, bizim başqasına ehtiyacımız yoxdur. Amma biz həmişə çalışırıq ki, gənc yazarlardan, tanınan, sevilən şairlərin yazdıqlarından nümunələr verək. Onların adları da çəkilir serialda. İnanın, ailələr var, qurban deyiblər ki, sabahkı seriyada filan qəhrəman ölməsin (yadıma “Qurdlar Vadisi” düşdü. Məmatinin övladının, sonra da özünün ölümünə gerçəkdən yas tutulması. Bəzən filmlər – seriallar insanları bu dərəcədə təsir altına ala bilir. Fürsətçillər də bundan məharətlə bəhrələnirlər – M.R). Kimsə övladına serial qəhrəmanının adını qoyub. 2011-dən senari yazırıq. Bu müddət ərzində artıq bir nəsil yetişib. Mən təşəkkür edirəm dövlətimizə, Cənab Prezidentə. Prezidentin sərəncamından sonra yeni bir sektor açıldı. Xarici seriallar dayandırıldı və milli istehsala üstünlük verildi, maliyyə vəsaiti ayrıldı. “Aramızda qalsın” serialından sonra bu sahədə artıq bir canlanma yarandı. Professional studiyalar fəaliyyət göstərməyə başladı. Bu işə ilk dəfə böyük məbləğlər sərf olundu. Bizim məqsədimiz o deyildi ki, reytinq qazanaq, üstün olaq. Çünki biz başlayanda serial bazarında heç kim yox idi. Biz bu gün də reytinq davası aparmırıq. İstəyirik ki, teleseriallar çəkilsin. Başlanğıcda məqsədimiz nə olubsa, indi də eynidir; ailələrə gözəl mesajlar vermək. İnsanlar xətalarını görsün və düzəltməyə çalışsınlar.  “Qayınana” serialında bir səhnə vardı, əslində o, həyatda olmuş hadisədi; ata-ana ailədə qız övladı olacaq deyə, gəlini həkimə aparıb körpəni tələf etdirməyi düşünürlər. Biz bunu eşidəndə pərişan olduq və bu hadisəni seriala “gətirdik”. Sonra bizə xəbər çatdı ki, o ailə axşam bizim seriala baxıb, onun təsiri ilə bu işdən əl çəkiblər. Bu bizim üçün hər hansı reytinqdən qat-qat  artıqdı.  

-Bununla yanaşı iradları qəbul edirsiniz...

-Mən hansısa filmlərdə xəta tapa bilirəmsə, kimsə də mənim qələmimdə xəta, nöqsan tapa bilər. İndiyədək 2011-dən bugünədək 3000-nə yaxın seriya yazmışıq. 



-Yəni hər seriya bir senaridir?

-Bəli. Hazırda bir teleserialda 460-cı seriyadı, birində də 465-ci seriya. İnsanlar baxır ki, bu filmlər çəkilir. “Ata ocağı” və “İmtahan” artıq 3-cü mövsümdür.  

-Valeh bəy, ixtisasınız nədi?

-Mən Texniki Universiteti bitirmişəm. İxtisasca mühəndisəm. 

-Deməli, ixtisasınız kinematoqrafiya deyil, ixtisasca rejissor deyilsiniz... 

-Prodüserlərdən master-klass almışam. “Xəzər” TV xarici mütəxəssislər dəvət etmişdi, onlar master-klass keçirdilər. Onlardan çox şeylər öyrənmişəm. Türkiyədə “Plato” mərkəzlərdə çəkilən teleserialların set-çəkilişlərində iştirak etmişəm. Senarist, rejissor və prodüser kimi. 

-Sizdə film çəkilişinə həvəs haradan yaranıb? 

-Uşaqlıqdan həvəsim olub bu sənətə. Universitetdə KVN komandasının üzvü idim. Senarilər yazırdım.  Sonra rejissorluqla maraqlandım, “Xəzər” TV-nin rejissorlarından öyrəndim. “Xəzər” Televiziyasına minnətdaram ki, istedadlı insanlara yol açıb həmişə. Məmnunam ki, öyrənmişəm bu sənəti.  

-Təsirləndiyiniz hansısa film, ya teleserial olub? 

-Meksika rejissoru İniyarittunun yaradıcılığını çox sevirəm. Bu rejissor 2 il ard-arda “Oskar” mükafatı alıb. Onun “Babil” (“Babilon”) filminə heyranam. Sonra “Beautiful” filmi (“Gözəl”) dəyərli sənət əsəridir. 

-Sirr deyilsə, senari yazmaqdan qazancınız nə qədərdi?

-Serial çəkmək indi artıq asandı. Struktur oturuşub. Biz ilk zamanlar bu işə başlayanda çox əziyyət çəkmişik. Olub ki, günlərlə evə getməmişik. Qazancım məni qane edir. Narazı deyiləm. Çəkilişlərdə küçə səhnələri çətin olur. Günlük serial olduğu üçün çətindir. Amma artıq professionallaşmışıq. Çəkiliş varsa, çətinlik də var. Set-çəkilişləri izləyəndə görürdüm ki, məşhur aktyorlar, aktrisalar 2-3 dəqiqəlik çəkiliş üçün bəzən saatlarla gözləyirlər. Yəni bütün bunlar işin çətin tərəfləridir. Amma tamaşaçı baxır. Və görəndə ki, tamaşaçı çəkdiklərimizi bəyənir, çətinliklər də yaddan çıxır. 

-Deyəsən, siz həm də aktyor kimi çıxış edirsiniz?  

-Bəli, aktyor kimi də iştirak edirəm.  

-Elə gözəl danışdınız ki, seriallar barədə, yenə də sual qaldı ki, görəsən, Nuşirəvan müəllim nədən narazılıq edir?

-...Etirazım yoxdu. Nuşirəvan müəlllim ağsaqqalımızdı. Deyilən tənqidlərdən nəticə çıxarmağa çalışırıq. Ailələrimizin möhkəmliyi üçün xidmət göstərməyə də hazırıq.