Ərdoğanla başladı: Türkiyədə 11 milyon ağac əkiləcək


Noyabrın 11-də yerli vaxtla saat 11:11-də Türkiyədə “Gələcəyə nəfəs ol!” şüarı altında ümumrespublika ağacəkmə kampaniyasına start verilib.



Türkiyə Respublikasının Prezidenti Rəcəb Tayyib Ərdoğan və ailə üzvləri Ankarada ağac əkiblər.

Kampaniya çərçivəsində ölkənin bütün bölgələrində ümumilikdə 11 milyon ağac əkiləcək. Ağacəkmə kampaniyası 81 vilayət üzrə 2023 məntəqədə həyata keçiriləcək. Dövlət və hökumət rəsmiləri, hakim Ədalət və İnkişaf Partiyasının (AKP) məsul şəxsləri və AKP-dən olan deputatlar bölgələrdəki ağacəkmə kampaniyasına qatılıblar.



Rəsmi məlumata görə, bu ildən etibarən hər il noyabrın 11-i Türkiyədə Milli Yaşıllaşdırma Günü kimi qeyd olunacaq. Türkiyə Respublikasının 100 illik yubileyinin qeyd olunacağı 2023-cü ilədək ölkə ərazisində ümumilikdə 7 milyard ağacın əkilməsi planlaşdırılır. (azərtac)