Siyavuş Novruzov müxalifəti qınadı: "BMT-nin ofisi qarşısında piket keçirsəydilər, başa düşərdim"

"Azərbaycan Prezidentinin rəhbərliyi ilə ölkə iqtisadiyyatının inkişaf etməsinin, dövlət büdcəsinin daha geniş şəkildə artmasının şahidiyik. 2020-ci ilin dövlət büdcəsi müstqəiliyimiz tarixində ən böyük büdcədir. Sosial sahəyə ayrılan vəsait büdcənin çox böyük hissəsini əks etdirir. Bu baxımdan büdcəni sosial büdcə adlandıra bilərik”.

Sherg.az xəbər verir ki, bunu Milli Məclisdə büdcə müzakirələri zamanı parlamentin İctimai birliklər və dini qurumlar komitəsinin sədri Siyavuş Novruzov səsləndirib.

Deputat qeyd edib ki, bəzi qüvvələrin ölkəmizin inkişafını gözü götürmür:

"Azərbaycanın digər ölkələr kimi ağır vəziyyətdə olmasını, başqa dövlətlərin əlinə baxmasını istəyirlər. Burada oturan deputatların hər biri büdcəni müzakirə edir, öz dairələri, təmsil olunduqları ərazidə problemlərin həllini təklif edirlər. Bir qrup isə Bakı Şəhər İcra Hakimiyyəti qarşısında piket edir. İndi soruşmaq lazımdır ki, onlar  xalqın problemləri ilə maraqlanır, yoxsa burada oturanlar?. İctimai qarışıqlıq yaratmaq, asayişi pozmaq, seçkilərə mane olmağın nəyə xidmət etdiyi bəllidir. Əgər onlar BMT-nin ofisi qarşısında belə piket keçirsəydilər, onu başa düşərdim. Çünki işğal altında olan torpaqların sakinləri bələdiyyə seçmək hüququndan məhrum olublar. Bir dəfə də olsun Qarabağın adını çəkməyən insanlar gedib piket keçirirlər. Onların piketi nəticəsində bütün nəqliyyat dayanıb, təhsil sistemi pozulub. Bu gün cənab Prezident, hökumət görülən işləri hərtərəfli təqdim edir. Əgər hər hansı məsələ ilə bağlı iradınız varsa, şikayət edin. Heç bir sahədə narazılığa səbəb olan heç nə tapa bilmirlər. Ortaya iqtisadçı çıxararaq, terminlərlə nəsə demək istəyirlər. Amma onların bücədən başları çıxmır”.