Lavrovun absurd və çeynənmiş təklifi: Rəsmi Bakı qətiyyətli mövqeyindən çəkilməyəcək

“Dağlıq Qarabağ münaqişəsinin həlli istiqamətində real və substantiv qərar qəbul etmək üçün münbit şərait Bratislavada keçiriləcək XİN başçılarının növbəti görüşündə formalaşa bilər”. Bunu Sherg.az-a açıqlamasında Vəhdət Partiyasının sədr müavini, politoloq Vasif Əfəndiyev deyib. 

Dekabr ayında baş tutacaq XİN rəhbərlərinin görüşünü şərh edən partiya rəsmisi bildirib ki, Nikol Paşinyan hakimiyyətə gəldikdən sonra mövcud durumu real olaraq dəyərləndirmək üçün zaman qazana bilib: 

“Bu ilin mart ayında danışıqları uzatmaq və pozmaq məqsədi ilə Paşinyan qondarma “DQR” rejiminin “tərəf” kimi iştirakını irəli sürdü. Bu, fikrin əsas müəllifi Rusiya XİN rəhbəri Sergey Lavrovdur. İrəvana iki günlük səfəri zamanı Lavrovun mətbuat konfransında separatçı rejimin "tərəf" kimi tanınması təklifini yenidən gündəmə gətirməsi bunun isbatıdır. Bununla yanaşı, Lavrovun tərəfləri kompromisə çağırması və indiyə qədər səslənməyən "yeni format çərçivəsi" təklifini irəli sürməsi müəyyən prosesdən xəbər verir. Bu yeni təklif  “Rusiya Azərbaycan və Ermənistan formatında milli keyfiyyət konteksti “ formatıdır. Azərbaycan tərəfi bu təkliflərin veriləcəyini bir növ gözləyirdi. Prezident İlham Əliyev “Valday” konfransında qabaqlayıcı manevr olaraq qəti və kəskin olaraq mövzuya toxundu.



Poliroloq: "İndidən deyim ki, bütün bu “intensivləşmə” danışıqların substantiv fazaya keçməsini əngəlləmək üçündür"


Sərt şəkildə Dağlıq Qarabağın separatçı rejiminin “tərəf” olaraq meydana çıxması təkilifinə etiraz etdi. Dövlət başçısı çıxışında Dağlıq Qarabağ xalqının olmadığını vurğulayaraq bölgənin erməni və azərbaycanlı əhalisinin olduğunu vurğuladı. Məsələyə 1992-ci ildə ATƏT-in Helsinski konfransında qəbul edilmiş “Dağlıq Qarabağın seçilmiş və digər nümayəndələri“ formatında yanaşma hüquqidir. Bu ifadədə “digər nümayəndələr” dedikdə Qarabağın yerli azərbaycanlı icması nəzərdə tutulur”.

Analitik fikrincə, Lavrovun ikinci və çeynənmiş təklifi tərəflərin kompromisə getmədən münaqişənin həllinin mümkün olmayacağı fikridir: 

“Anlamıram, Lavrov Azərbaycandan hansı kompromisi istəyə bilər?! İşğala məruz qalmış və əraziləri işğalçı dövlətin nəzatərində olan ölkədən hansı güzəşti və kompromisi tələb etmək olar. Bundan absurd fikir və təzyiq vasitəsi tanımıram. Azərbaycanın kompromis adına ata biləcəyi yeganə addım Dağlıq Qarabağ muxtariyətinin bərpa olunması ola bilər. Bu isə yalnız prosesin danışıqlar yolu ilə həll olunması variantından sonra mümkündür. Digər variantlarda isə nəinki status verilməsi, hətta ərazilərimizin təhlükəsizliyini təmin etmək üçün sərhədlərimizdən daha 20 kilometr məsafədə bufer zona yaradıla bilər. Lavrovun üçüncü təklifi isə yeni bir fikirdir. Lavrovun “Rusiya Azərbaycan və Ermənistan danışıqlarında milli keyfiyyət konteksi formatı” dedikdə nəyi nəzərdə tutduğunu yəqin ki, yaxınlarda açıqlayacaq. İndidən deyim ki, bütün bu “intensivləşmə” danışıqların substantiv fazaya keçməsini əngəlləmək üçündür”.