Duzumuzun tamı yoxdu: Qara və daş suxurları üyüdüb insanlara verirlər - PROBLEM

Son günlər ölkədə satışda olan duzların tərkibi ilə bağlı əhali arasında narazılıq müşahidə olunur. Bəzi duzların keyfiyyəti olduqca aşağıdır. Belə ki, yeməklərdə duzdan nə qədər istifadə olunsa da, heç bir tamı olmadığı üzə çıxır. 

Məsələ ilə bağlı Sherg.az-a açıqlama verən Azad İstehlakçılar İctimai Birliyinin sədri Eyyub Hüseynov bildirib ki, əhalinin duzla bağlı iddiaları əsassız deyil:

“Azad İstehlakçılar Birliyi olaraq UNİCEF-in dəstəyi ilə duzun yodlaşdırılmasına dair 5 layihə həyata keçirmişik. Hazırda bazarda 18 növ duz var. Bu duzların bir hissəsi xaricdən gətirilir, digər hissəsi isə yerli istehsal duzlarıdır. Yerli istehsal duzları normaldır, standartlara uyğundur və tərkibində natrium-xlorun miqdarı kifayət qədər var.



Ekspert: "Həmin duzun birbaşa yeməyə tökülməsi qətiyyən yolverilməzdir"


Həmçinin yerli isteshal duzları müasir təmizləmə üsullarından istifadə olunaraq ağır metallardan təmizlənir. Lakin ölkəmizdə azad bazar iqtisadiyyatı mövcuddur, xaricdən də bu məhsul gətirilir. Lakin qaçaqmal, saxta bankalanmış və yodsuz duzlar var. Hansı ki, bütün bunların satışı qanunla qadağan edilib. Yəni, əhalinin dedikləri əsassız deyil. Məsələn, Naxçıvan bölgəsi bizi çox narahat edir. Çünki orada qara suxurlarla zənginləşmiş duz var. Həmin duzun birbaşa yeməyə tökülməsi qətiyyən yolverilməzdir. Duzlar qara suxurlardan təmzilənməlidir, çünki bu suxurlar insan sağlamlığına ziyandır. Qara və daş suxurları üyüdüb insanlara verirlər. Ona görə də Naxçıvandakı bu durumdan narahatıq”. 

"Bizim əlaqə nömrəmizlə əlaqə saxlasınlar və konkret olaraq narazı olduqları duzları gətirsinlər"


E.Hüsyenovun sözlərinə görə, yeməkdə istifadə olunan duzun tamamilə ağ rəngdə olması lazımdır:

“Əhalinin söylədiklərində həqiqət var. Ola bilsin ki, marketlərdə olan duzlar mənfi hal müşahidə olunsun. Duzların yararlılıq müddəti var. Məsələn, yodlu duzun yararlılıq müddəti 1 ildən artıq deyil. Vətəndaşlar narazı olduqları məhsul ilə bağlı bizə nümunə gətirə bilərlər. Bizim əlaqə nömrəmizlə əlaqə saxlasınlar və konkret olaraq narazı olduqları duzları gətirsinlər. Həmin duzları xarici ölkədə analiz elətdirə bilərik. Daha sonra isə ictiamiyyətə analizin nəticələrini açıqlamağa hazırıq”.