Nazir “uşaqpulu”ndan danışdı: "Bütün uşaqlara ödənilmir demək, düz deyil"

Əmək və Əhalinin Sosial Müdafiəsi naziri Sahil Babayev "uşaqpulu" məsələsindən danışıb. Sherg.az-ın xəbərinə görə, nazir Milli Məclisin iclasında qeyd edib ki, bu gün Azərbaycanda “uşaqpulu ödənilmir” demək düzgün deyil”. S.Babayev qeyd edib ki, “uşaqpulu” deyilən indiki anlayışdakı ödəniş 2006-cı ilə qədər tətbiq edilib:

“Bu ödəniş də bugünkü pulla 2 manat məbləğində olub. Orta hesabla 500-550 min uşağa görə ödəniş edilib.
Bu gün Azərbaycanda 600 min uşağa müxtəlif növ müavinət ödənilir. Təkcə sağlamlıq imkanı məhdud olan uşaqlara ödənilən vəsaitlərin aylıq məbləği özlərinə 150 manat, onların valideynlərinə, qəyyumlarına isə 50 manatdır. Yəni, o dövrdə ödənilən 2 manat hara, bu gün ödənilən 200 manat hara. Bu gün ünvanlı sosial yardım alan 280 min insanın 160 mini uşaqlardır. Bu gün ən həssas kateqoriyadan olan 600 minədək uşağa bu vəsait ödənilir və ödənilən orta məbləğin rəqəmi 100 manatın üzərindədir. Bu, kifayət qədər ciddi rəqəmdir”.

Sahil Babayev bildirib ki, müavinət bütün uşaqlara şamil edilə bilməz: “Halbuki, bəzən bunun bütün uşaqlara şamil edilməsinin vacibliyi səsləndirilir. Bu gün 18 yaşınadək Azərbaycanda 2 milyon 700 min, 15 yaşınadək 2 milyon 200 min, 6 yaşınadək 1 milyon 200 min uşaq var. Söylənilən məbləğ də 100 manatdır və 18 yaşınadək hər kəsə şamil edilsə 3,3 milyard manat vəsait edir. Uşaqpulu kimi proqramlar isə 1,2 illik olmur, ən azı 5 illik olur. Bu o deməkdir ki, bu işə 18,35 milyard manat vəsait xərclənməldir”.