İlham Əliyev: "Azərbaycanda bütün nəqliyyat infrastrukturu yeniləşir, müasirləşir"

"Son illər dəmir yolu infrastrukturuna böyük investisiyalar qoyulur. Bu investisiyalar hesabına dəmir yolu infrastrukturu böyük dərəcədə inkişaf etmişdir".

Bu sözləri Prezident İlham Əliyev “Azərbaycan Dəmir Yolları” Qapalı Səhmdar Cəmiyyətinin sədrini qəbul edərkən deyib. 

Ölkə başçısı bildirib: "Təsadüfi deyil ki, Davos Ümumdünya İqtisadi Forumunun son hesabatında dəmir yollarının səviyyəsinə və keyfiyyətinə görə Azərbaycan dünya miqyasında 34-cü yerdədir. Bu, kifayət qədər yüksək göstəricidir, son illərdə aparılan işlərin təzahürüdür. Onu da əlavə etməliyəm ki, nəqliyyat infrastrukturunun səviyyəsinə görə biz dünyada 31-ci yerdəyik. Yəni, Azərbaycanda bütün nəqliyyat infrastrukturu yeniləşir, müasirləşir, keçən il yeni dəniz ticarət limanı, 2017-ci ildə Bakı-Tbilisi-Qars tarixi dəmir yolu istifadəyə verilib, daxili dəmir yolları müasirləşir. Bir sözlə, Davos hesabatında bizim yüksək yerə malik olmağımız reallığı əks etdirir. Ancaq bununla paralel olaraq biz gələcəkdə bu sahəyə daha böyük diqqət göstərməliyik. Çünki ölkəmizin uğurlu inkişafı, o cümlədən nəqliyyat infrastrukturundan asılıdır".