ABŞ yumşalmır: Vaşinqton Tehrana qarşı sanksiyaların müddətini uzadıb

“İran Amerika ilə razılaşmadığı müddətcə, təzyiqlər aradan qalxmayacaq”



ABŞ Prezidenti Donald Tramp İrana qarşı 40 il əvvəl qəbul olunmuş sanksiya haqqında fərmanın müddətini növbəti dəfə uzadıb. Bu barədə amerikalı liderin hökumət sənədləri bazasında dərc edilərək Konqresə göndərdiyi məktubda vurğulanıb. Tramp İranla münasibətlərin hələ də normallaşmadığını deyib. Sözügedən fərman ABŞ hakimiyyət orqanlarına sanksiyalar tətbiq etmək və digər addımlar atmaq, habelə İranla ticarəti tənzimləmək üçün geniş səlahiyyətlər verir.

Xüsusilə, ABŞ yurisdiksiyasında İranın istənilən dövlət əmlakını bloklaya bilir. Xatırladaq ki, İran Prezidenti Həsən Ruhani İranın son 40 ilin ən ağır günlərini yaşadığını söyləyib. Ruhani, həmçinin, vergilərin ölkənin idarə edilməsi üçün lazım olan vəsaitin yalnız 30 faizini təmin etdiyini və nefti sata bilməyəcəkləri halda qalan 70 faiz vəsaiti təmin edə bilmək üçün mənbə olmadığını vurğulayıb. Trampın bir müddət əvvəl İranla konkret müharibə tərəfdarı olan sabiq köməkçisini vəzifədən uzaqlaşdırması Ağ Ev rəhbərinin Tehranla savaş istəməməsi kimi dəyərləndirilirdi. Amma prezidentin sanksiyaları uzatması göstərir ki, o, İranın geri addım atmasına nail olmaqda israrlıdır. Lakin bəzi ekspertlər hesab edirlər ki, əgər Amerika sanksiyaları uzatmasaydı, Tehran hökuməti də yumşala bilərdi. Ancaq bu cür sanksiyalar tərəflər arasındakı qarşıdurmanın uzanmasına səbəb olur. 



Tərəflər arasında davam edən gərginliyi “Atlas” Araşdırmalar Mərkəzinin eksperti Kənan Paşayev isə hesab edir ki, ABŞ İrana qarşı 40 il əvvəl tətbiq etdiyi sanksiyaların vaxtını uzatmaqda haqlıdır:

“İrana tətbiq olunan sanksiyaların dayandırılması üçün Tehran mütləq ABŞ-ın ilkin təklifləri ilə razılaşmalıdır. Əks halda sanksiyaların dayandarılması, yaxud yumşaldılması mümkün deyil. İndiyədək Vaşinqton İran rejiminə kifayət qədər güzəşt edib, hər iki tərəfin maraqlarını nəzərə alaraq ortaq təkliflər irəli sürüb. Lakin Tehran bununla qətiyyən razılaşmayıb və mənasız israrını sürdürüb. Ona görə də Ağ Ev sanksiyalardan vaz keçə bilmir. Ümumiyyətlə, İran rejimi Amerika ilə razılaşmadığı müddətcə sanksiyalar aradan qaldırılmayacaq”.