Millət vəkilindən etiraz: "Bir toya 15 minə gedirlər, 30 manat vergi ödəyirlər"

Milli Məclisdə Vergilər Məcəlləsinə dəyişiklik müzakirə olunur. Sherg.az-ın xəbərinə görə, iclasda Bütöv Azərbaycan Xalq Cəbhəsi Partiyasının sədri, deputat Qüdrət Həsənquliyev deyib ki, Azərbaycan iqtisadiyyatının güclənəcəyinə ümidlər böyükdür:

"Təkcə Prezidentin yox, xalqın da cənab İqtisadiyyat naziri Mikayıl Cabbarovdan gözləntisi böyükdür. İnanırıq ki, inkişaf sürətli olacaq. Mən bir neçə məsələyə toxunmaq istəyirəm. Rayonlarda sahibkarlığın inkişafı üçün addımlar atılmalıdır. Regionların iqtisadiyyatı inkişaf etməlidir, bu yöndə addımlar atılmalıdır".  

Millət vəkili onu da qeyd edib ki, bəzi ticarət mərkəzlərinin vergidən yayınma halları var: 

“Bəzi “talkoçkalar” var ki, onlar 100 milyon manatlarla vergidən yayınır. Buna nəzarət gücləndirilməlidir. Vergidən yayınma şou-biznes sahəsində də var. Bəzi müğənnilər 10-15 min manata toylara gedirlər. Buna görə də bu cür müğənnilərdən 30 manat vergi alınmasının nəzərdə tutulması düzgün deyil. Çəkməçidən isə 5 manat vergi alınır. Müğənnilərin vergidən yayınmasının qarşısı alınmalıdır".