İmkan yoxdu: Toy dəvətnamələri gəldi, insanların günü qara olur - AKTUAL

Bəlkə furşet məclislərin əsl zamanıdır? 



Toy biznesi əhalini “çökdürür”. Neçə illərdir toy məclisləri insanların xoş ovqatla, sevinərək getdiyi yer deyil. Birisinə, istər kiçik, istər böyük toy dəvətnaməsi gəldimi, günü qara olur. Toya salacağı nəməri düşünür. Hələ yas mərasimlərindən danışmırıq. Yaslar toylara nisbətən ucuz başa gəlir. Amma yenə də xərcdir. “İşdə məhəbbət macərası” kinofilminin qəhrəmanı bunlardan şikayət edirdi: “bu gün kimsə dünyaya gəlsə, ya dünyadan köçsə, naharsız qalacam”. Günümüzün reallığı da belədir. İnsanlar aylıq xərclərini toy dəvətnamələrinə görə hesablayırlar. Ayda 2-3 toy və ya yas oldumu, əmək haqqından geriyə demək olar, daha heç nə qalmır.

Bölgələrimizdə, kəndlərdə yemək-içmək toydan 1-2 gün əvvəl başlayıb, 1-2 gün də sonra başa çatır. Ciyər axşamı da xüsusi qeyd edilir. Binəva ev sahibinin qapısında dana-qoyunun axırına çıxırlar az qala. Hərdən düşünürsən ki, bəlkə təmtəraqlı toylar bizə nağıllar və dastanlardan qalan yadigardı. Nağıllarda, dastanlarda oxumuşuq “40 gün, 40 gecə toy elədilər”. Görünən budur ki, bəzimiz nağılları da reallıq sayır və 40 günün yeməyini bir gecədə masaya tökür. Bir toy məclisində masaya gətirilən yeməklərlə bir evi bəlkə də 40 gün dolandırmaq olar.

Özbəklər də bizdən irəli düşdü 


Görəsən, dünyada bizim xalq kimi təmtəraqlı toy məclisləri və yas mərasimləri keçirən ikinci xalq var? Kimsə çox düşünüb, məsələn, Orta Asiya ölkələrini, Hindistanı nümunə çəkə bilər. Amma, vallah da, billah da, oralarda bizdəki kimi təmtəraq, fısqırıq-həngamə olmur. Hindistanda sadəcə “rənglərin” bayramıdır. Hər yer al-əlvan və bizə gülməli görünən kiçik dəmir qablarda yeməklər. Toy yeməklərinin servis edildiyi qabları görən bizimkilər “bundan kim doyar?!” deyər əlbət. Orta Asiyaya gəlincə, orada toy və yas adətlərinə çəki-düzən verilib artıq.  

Özbəkistan parlamenti ölkədə toy və digər tədbirlərlə bağlı yeni qaydalar təsdiqləyib. Yeni qaydalara əsasən, toy mərasimləri yalnız 18:00-dan 23:00-a qədər baş tuta bilər. Həmçinin özbək hökuməti tədbirlərin bir neçə gün müddətə uzadılmasını da qadağan edib. Yəni, “40 gün, 40 gecə” toylar yoxdu daha. 
Məhdudiyyətlər təkcə tədbirlərlə bağlı yox, həmçinin qonaqlarla bağlı tətbiq edilib. Belə ki, toy tədbirində 200-dən çox şəxs iştirak edə bilməz, eləcə də ikili toy tədbirlərində (oğlan-qız toyu birgə olduqda) qonaqların sayının 250-yə yüksələ biləcəyi qeyd edilib. Eləcə də toy karvanında 3 yüngül avtomobildən çox minik vasitəsinin istifadəsi qadağan olunub. Toy sahiblərinin məclisə 2 müğənni və musiqi qrupundan çox ifaçı dəvət etməsi də qadağalar siyahısında yer alıb.



Bizim toylara baxaq. Kimin toyunda daha çox müğənni iştirak edib və kimlər iştirak edib, toy kortejində hansı avtomobillər olub və nə qədər, siqnal nə qədər yüksəkdən səslənib və hansı formalı siqnallar? Bizimkilərin toy təəssüratları masaya gətirilən yeməkləri saf-çürük etməkdən o yana getmir. “Filankəsin toyunda yaxşı yemək verildi... Əla araq idi, yaxşı yeyib-içdik...” Başqa söhbət yoxdu. Əlbəttə, qonaqların söhbəti bunlardır. Yazıq toy sahibininsə məclis başlanandan taki, şadlıq sarayının pulunu ödəyib evinə gedənədək ürəyi döyünür, təzyiq dərmanları içir. Görəsən, toyun xərci heç olmasa yığılan pulla başabaş olacaqmı? Toy sahibi nəmərlərdən əlavə pul qalacağını ağlına da gətirmir, “şadlıq sarayına borclu qalmayım”, bunu düşünür.     

Azərbaycan toylarının formasını dəyişmək mümkün deyilmi? Məsələn, Avropa ölkələrində olduğu kimi ayaqüstü məclislər – furşet təşkil etmək beləmi çətindir?

Furşet nədir? Azərbaycan dilinə tərcüməsi ayaqüstü ziyafətdir. Fransız dilindən "fourchette" çəngəl deməkdir. Bu da o deməkdir ki, çəngəl burda əsas qəhrəmandır. Ayaqüstü və çəngəllə yeyə biləcəyiniz hər şey masanızda yer ala bilər. Çox qonaqlarınız olacaqsa və yetəri qədər masa, oturacaqlarınız yoxdursa, furşet işi xeyli asanlaşdırır. Qab-qacaq problemi aradan qalxır, çünki az istifadə olunur. Hətta birdəfəlik qablardan da istifadə etmək olar. Həm də belə şəraitdə insanların fikri ancaq yeməkdə olmur, hər kəs özünə kampaniya seçir və söhbət edir. Masadakı kimi heç kim heç kimdən uzaq qalmır. Süfrədə soyuq qəlyanaltılar, salatlar olur. Və əlbəttə desert və içəcəklər. Kanape, porsion yeyəcəklər və s. Ət  yeməkləri sümüksüz və təkcə çəngəllə yeyilə biləcək halda olmalıdır. Bu o deməkdir ki, tikə kabab, “antrekot” – quzu qabırğası olmayacaq. Aş gətirilməyəcək... Görün, xərclər nə qədər azalır. 
Belə toy məclislərini biz xarici filmlərdə görmüşük. Evlənməyə hazırlaşan cütlüklər çəmənlik, yaşıllıq, təbii məkanlar seçir, bəzən yaxın dostlarının bağında, geniş həyət, bağça varsa, orada səma altında, təbiət qoynunda toylarını edirlər.  Görəsən, Azərbaycana nə zaman gəlib çıxacaq? Bizdə furşetlər hansısa beynəlxalq tədbirlərdə, konfranslarda olur. Amma toylarda furşet siftəsi edən olmayıb hələ. “El-oba nə deyər?!” stereotipi hələ də güclüdür. “Ölsək də, qalsaq da gərək adımıza layiq toy edək” deyir camaat. Daha geridə qalanın ölüb-qalacağı da kimsəni düşündürmür.    

“Bizim toylar həm mənəvi, həm də maddi sıxıntıdan başqa bir şey deyil”


Toylar furşet şəklində olarsa, yeməklər də xeyli azalar, qonaqlar dost-tanışla görüşüb söhbət edər, yüngülvari qidalanıb, bəylə-gəlini təbrik edər və çıxıb gedər. Toy evi də xərcə düşməz. Qonaqlar da rahat olar. Vətəndaşları soyub-soymalayan şadlıq sarayları da yeniliklə ayaqlaşmaq məcburiyyətində qalar. Toy əzab-əziyyət, borc-xərc deyil, xoş ovqat, xoşbəxt saatlarla yadda qalar. Cütlüklər də evlilik həyatları boyunca “filankəsin borcunu gərək qaytaraq” deyib aldığı məvacibi toylarına gələnlərə geri qaytarmaq kimi maddi sıxıntı yaşamazlar.



Həkim-qastroenteroloq Sevindik Arazov toy məclislərində masaya düzülən və yeyilən qidaların bir neçə saat ərzində həzm olunmasının mümkünsüz olduğunu dedi:

"Toyda qonaqlara çeşidli yeməklər təklif olunur. Nə qədər soyuq qəlyanaltılar, salatlar, kolbasa məmulatları, tərəvəz, meyvə, manqal yeməkləri, təndir yeməkləri... ardınca plov. Ardınca dondurma, çay, qəhvə... Bu, dəhşətdir. Bu qədər çeşidli qidanı bir neçə saat ərzində həzm etmək mədənin gücündən kənardır. Normal insanın mədəsi bu qədər qidanı həzm etmək gücündə deyil. İnsanlar toyda iştirak edir, yeyir-içir, kefləri yüksəlir və onlarda belə yanlış təsəvvür yaranır ki, hər şey yaxşıdır, heç bir problem yoxdur. Amma ümumilikdə orqanizmin hansı təsirlər altında çalışdığını və adi, normal vaxtlardan fərqli olaraq qat-qat artıq enerji sərf etdiyini bilmirlər. Biz orqanizmimizə zülm edirik. Toydan sonra baş da ağrıyır, mədə-bağırsaq sistemi pozulur, təzyiq qalxır. Ürək döyüntüləri artır. Şəkərin faizi çoxalır. O qədər patalogiyalar baş verir ki, sayıb qurtarmaqla bitmir. Azərbaycan toyları istirahət yeri deyil, əzab-əziyyətdir. İndiki toylarda dostlarla söhbət etmək mümkün deyil. Səs-küydən qulaq tutulur. Yüksək səs tembrinin insan səhhətinə ciddi ziyanları var. Kondisionerlər də bir tərəfdən insanları xəstə salır. Toylarımız əndazədən çıxıb. Yemək yeyilən yerdə insanların oynaması, toz-duman qalxması gigiyenik cəhətdən dəhşətdir. Oynayanların ayaq altından qalxan toz masanın üzərindəki yeməklərin üzərinə hopur. Bu gün bizim toy məclislərində yaşananların nə müasirliklə bir bağlantısı var, nə də Avropayla. Gözəl adət-ənənələrimizsə itir.