Cəza yoxdursa, alınmayacaq: Dini kəbinlə evlənmiş qadınlar küçəyə atılır

Erkən nikaha qarşı aparılan mübarizə effektsizdir



Nikah yaşına çatmayan qadınlar tərəfindən 2018-ci ildə 2 129 uşaq dünyaya gətirilib. Bu rəqəm 15-17 yaş qruplarını əhatə edir.  Rəqəmin ötən illərə nisbətən azaldığı müşahidə edilsə də problem hələ də qalmaqdadır.  Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 152-ci maddəsinə görə 16 yaşına çatmayan şəxslə cinsi əlaqədə olmaq və ya seksual xarakterli digər hərəkətlər etmək 3 ilədək müddətə azadlıqdan məhrumetmə ilə cəzalandırılır.

Eyni əməllər 14 yaşına çatmayan şəxs barəsində törədildikdə 3 ildən 6 ilədək müddətə azadlıqdan məhrumetmə ilə cəzalandırılır. Həmçinin bu tip cinayətlərə görə məsuliyyət zərərçəkmiş şəxslə bu əməli törətmiş şəxsin yaş fərqi iki ildən çox olduqda yaranır.
Qanunla hər hansı razılığın olub-olmaması heç bir önəm daşımır. İstənilən halda 16 yaşınadək şəxslə cinsi əlaqədə olma cinayət məsuliyyəti yaradır.



Məsələ ilə bağlı “Şərq”ə danışan “Təmiz Dünya” Qadınlara Yardım Birliyinin sədri Mehriban Zeynalova bildirdi ki, qanunlara saymazyana münasibət bu gün erkən nikah probleminin çözülməsinin qarşısını alır: 

"Həmişə deyilir ki, kəbin kəsilərkən nikah şəhadətnaməsi tələb olunur. Neçə ildir bunu deyirlər, amma reallığa baxanda, fərqli situasiya görünür. Sənədsiz – doğum haqqında şəhadətnaməsi olmayan körpələrin sayı hər il artır. Səbəb də budur ki, valideynlərin nikah şəhadətnaməsi olmadığından körpə üçün hər hansı sənəd almaqda çətinlik çəkirlər. Bəzən ananın əlində yalnız kəbin kağızı olur. Bu sənədsə rəsmi hesab edilmədiyindən uşağa yaş kağızı verilmir. Düzdür, nikah şəhadətnaməsi olmadan kəbin kəsilməsinə bir qədər məhdudiyyətlər qoyulub. Bir az çəkingənlik var. Amma ümumiyyətlə, qadağalara saymazlıq daha çoxdur. Xüsusən də bölgələrdə. Belə olmasaydı, erkən nikahların sayı artmazdı. Nikah kağızı olmadan kəbin kəsilməsinin ən birinci sübutu erkən nikahlardır. Nikah yaşına çatmamış qızları məhz kəbinlə evləndirirlər. Rəsmi nikah olmadan kəbinə qoyulmuş qadağaya riayət edilsəydi, məhkəmələrə uşağın atasının müəyyənləşməsi, qeydiyyat, aliment, əmlak məsələləri ilə bağlı çoxsaylı şikayətlər daxil olmazdı. Amma bunlar hamısı var. Bizim təşkilata nə qədər qadınlar müraciət edir ki, ata uşağa soyadını vermir deyə, yaş kağızı ala bilmirik. Belədə uşağın şəxsiyyəti müəyyənləşməmiş qalır, uşaq nə bağçaya gedə bilir, nə də məktəbə. Tənha ana aliment də ala bilmir. Bəzən qadını evdən çölə atırlar, o isə əmlak üzərində hüquqlarını təsbit edə bilmir. Problemlər nə qədər desəndi. Şəxsən bizim təşkilata hüquqi yardım üçün müraciət edən qadınlar var ki, məhz kəbin kağızı təqdim edirlər. Nikah şəhadətnaməsi təqdim edilməmiş onların kəbinini kim kəsib? Problemi dərinləşdirən həm də bu amildir ki, qanunsuz olaraq kəbin kəsən din xadimləri məsuliyyətdən kənarda qalır. Axund, molla kəbini kəsir, bununla da işini bitmiş hesab edir. Sonrası necə olacaq, bu insanlar dini kəbin qaydalarına əməl edəcəkmi, daha bununla maraqlanan, məsuliyyəti üzərinə götürən yoxdur. İslam dininin qaydalarına görə, kəbin kəsilərkən qadına mehr verilməlidir. Hansısa məbləğdə qızıl, qiymətli əşya və s. Kəbinin də öz qayda-qanunları var, bildiyim qədər. Gəlin görək, boşanma olduqda dini kəbinlə evlənmiş kişi kəbin pozulması qaydalarına əməl edirmi? Bu insanın kəbinini kəsmiş axund onun qarşısına tələblərə riayət olunması şərtini qoyurmu? Kəbinlə evlənirlərsə, birincisi, kəbin qaydalarına uyğun evlənsinlər, boşananda, ayrılanda da yenə kəbin qaydalarına əməl etsinlər. Din xadimləri bunu təmin edə bilirmi? Reallıq göstərir ki, yox. Dini kəbinlə evlənmiş qadın kişi tərəfindən faktiki küçəyə atılır. Uşaq da atasız hesab edilir". 

M.Zeynalova qeyd etdi ki, nə qədər iş aparılsa da, maarifləndirici tədbirlər, toplantılar keçirilsə də, qanun pozucuları cinayət məsuliyyətinə cəlb edilmirsə, bunun qarşısını almaq mümkün olmayacaq:

"Qanunla erkən nikaha təşəbbüs və onun təbliği cinayət əməlidir. Cəzalanma yoxdursa, artıq cəmiyyətdə belə yanlış fikir formalaşır ki, qanunu pozmaq olar. Biri cəzalanmayıbsa, deməli, biz də eyni hərəkəti təkrarlaya bilərik. O zaman dövlətin və ictimai təşkilatların da erkən nikaha qarşı apardığı mübarizənin effektivliyindən danışa bilmirik".