"Unutmayaq ki, unudulmayaq" - Layihə çərçivəsində növbəti tədbir keçirildi - FOTOLAR

Tədbir igid döyüşçü Vəfa Dəmirçioğlu Mansurovaya həsr edilib


Qazaxda rayon icra hakimiyyətinin dəstəyi, İctimai-Siyasi Proseslər Beynəlxalq Araşdırmalar Mərkəzinin (İSBAM) təşkilatçılığı ilə “Unutmayaq ki, unudulmayaq” adlı layihə çərçivəsində növbəti tədbir keçirilib. Tədbir igid döyüşçü, “Şəhidlərin qız qardaşı” adını almış Vəfa Dəmirçioğlu Mansurovaya həsr edilib.

Tədbir iştirakçıları əvvəlcə şəhərin mərkəzində Vətən oğullarının əziz xatirəsini əbədiləşdirən Şəhidlər xiyabanında memorial önünə gül dəstəsi düzərək şəhidlərimizə olan ehtiramlarını bildiriblər. Sonra elə həmin müqəddəs məkanda qəhrəman döyüşçü Vəfa Dəmirçioğlu Mansurovanın xatirəsinə tikilmiş, üzərində “Şəhidlərin qız qardaşı” yazılmış bulağı ziyarət edərək önünə gül dəstəsi düzüb, əziz xatirəsini yad ediblər. Şəhidlərimizin ruhuna dualar oxunub.

Sonra tədbir Qazax Gənclər Mərkəzində davam etdirilib. Azərbaycan Respublikasının dövlət himninin səslənməsi ilə başlayan tədbirdə Vətən yolunda canından keçən igid oğul və qızlarımızın əziz xatirəsi bir dəqiqəlik sükutla bir daha yad olunub.

İSBAM sədrinin müavini, tədbirin aparıcısı İlhamə Qəsəbova Vəfa Dəmirçioğlu Mansurovanın keçdiyi döyüş yolunun, göstərdiyi qəhrəmanlığın, şücaətin gənc nəslə örnək olduğunu bildirib.



Daha sonra ideya və ssenari müəllifi Zərəngiz Dəmirçi Qayalı, direktorları Hidayət Möhnətov və Azadə Hüseynova olan “Avey Qəhrəmanı – Vəfa Dəmirçioğlu” adlı film nümayiş olunub.

Tədbirdə iştirak edən Qazax Rayon İcra Hakimiyyəti başçısının müavini Gulaya Həsənova çıxış edərək ölkəmizdə şəhidlərə, şəhid ailələrinə hər zaman yüksək diqqət və qayğı göstərildiyini qeyd edib.

Rayon rəhbərliyinin diqqət və qayğısı sayəsində Vəfa Dəmirçioğlunun da xatirəsinə şəhərin mərkəzində, müqəddəs bir məkanda adını daşıyan bulağın tikilməsini onun döyüş yoluna, göstərdiyi qəhrəmanlığa, ən əsası da şəhidlərimizə olan hörmət və ehtiramın əyani sübutu olduğunu bildirib. “Aslanın erkəyi, dişisi olmaz”, - deyən G.Həsənova filmdə bu deyimin bir daha öz əksini tapdığını, Vəfanın Vətənə olan borcunu hansı formada qaytardığının, Dəmirçi Qayalının qız övladı olaraq deyil, bir oğul kimi o yurdun adını ucaltdığının şahidi olduğumuzu diqqətə çatdırıb. G.Həsənova bu gün haqqında söhbət açdığımız, döyüş yolunu gənclərə örnək çəkdiyimiz Vəfanın təkcə Daş Salahlıların, qazaxlıların deyil, bütöv Azərbaycanın qəhrəman qızı kimi sevildiyini, hər kəsin yaddaşına yazıldığını bildirib.

Sonda vətənpərvərlik mövzusunda olan bu cür tədbirin Qazaxda keçirilməsinə görə, filmin ərsəyə gəlməsində əməyi keçən insanlara minnətdarlığını bildirən natiq Vəfa Dəmirçioğlunun hər zaman qəlblərdə yaşayacağını və onun döyüş yolunun gələcək nəsillərə örnək olacağını qeyd edib.

Tədbirdə İSBAM sədri Samir Adıgözəlli, Azərbaycan Yazıçılar Birliyi Qazax zona filialının sədri, Əməkdar incəsənət xadimi, şair Barat Vüsal, “Dövlət və Qanun” qəzetinin baş redaktoru, tədbirlərin təşkilatçısı Yasəmən Möhübbətqızı, “Qafqaz-Media” İctimai Birliyinin sədri, şairə Hacı Azadə-Taleh, Vəfa Dəmirçioğlunun döyüş yoldaşı, silahdaşı olmuş AYB Qazax zona filialının ədəbi məsləhətçisi, şair Mustafa Rasimoğlu, Qarabağ müharibəsi iştirakçısı, polis mayoru Aida Şirinova çıxış edərək bu cür tədbirlərin keçirilməsini yüksək qiymətləndiriblər.

Çıxışlarda Vəfa Dəmirçioğlunun döyüş yolundan, göstərdiyi şücaətdən, Vətənə, torpağa sonsuz sevgisindən söz açılıb. Bildirilib ki, onun döyük yolu gənc nəslin vətənpərvərlik ruhunda böyüməsi üçün əsl nümunədir. Vəfa Dəmirçioğlunun simasında bugünkü tədbirin də bir məqsədə - şəhidlərimizi, qəhrəman oğul və qızlarımızı tanıtmağa xidmət etdiyi vurğulanıb.



Natiqlər vurğulayıb ki, Vəfa Dəmirçioğlu ulu öndər Heydər Əliyevin xalqın təkidli tələbi ilə ikinci dəfə hakimiyyətə qayıdışından sonra ordu quruculuğunu alqışlayıb, “Daha ölkənin sahibi gəldi!” - deyə öz doğma ocağına qayıdıb. Onun qohumları, tanışları: “Get, öz qanuni haqqını-veteran vəsiqəni al!” - deyəndə isə sadəcə gülümsəyərək: “Mən vəsiqə üçün yox, Vətən üçün döyüşdüm!” - deyib... Vəfa Dəmirçioğlu səngərdə dəfələrlə yanında partlayan mərmilərdən beyin zədəsi aldığı üçün evlərində dünyasını dəyişib, 1998-ci il aprelin 23-də ailəsinin mənsub olduğu Qayalı nəslinin məzarlığında dəfn olunub.

Qeyd edilib ki, ilk könüllü döyüşçülərdən olan elin mərd qızı Vəfa Dəmirçioğlunun əziz xatirəsi ürəklərdə daim yaşayacaqdır. Onun haqqında oçerklər, əfsanələr, şeirlər, poemalar yazılıb və yazılmaqdadır. AYB-nin Qazax zona filialının sədri, Əməkdar incəsənət xadimi Barat Vüsal, yazıçı-publisist Hicranə Əhmədqızı, “Şərq” qəzetinin baş redaktoru Akif Aşırlı, şairlər Eyyub Paşa, Güləmail Murad və bir çox qələm adamları bədii əsərlər və oçerklər yazıblar.

Tədbirdə Bakı Dövlət Universiteti Qazax filialının tələbəsi Qənirə Musayeva, Qazax Dövlət Sosial-İqtisadi Kollecinin tələbəsi Fəridə Rəhimova qəhrəman el qızımıza həsr olunmuş şeirlər səsləndiriblər.



Sonda qəhrəmanın bacısı Zərəngiz Dəmirçi Qayalı çıxış edərək tədbirin təşkilində göstərdiyi dəstəyə, xüsusilə də bacısının adını əbədiləşdirən bulağın inşasına görə Qazax Rayon İcra Hakimiyyətinin başçısına minnətdarlığını bildirib. Bugünkü “Unutmayaq ki, unudulmayaq” adlı tədbirin məhz Vəfa Dəmirçioğluna həsr olunmasına görə İSBAM rəhbərliyinə təşəkkür edib.

Tədbir iştirakçılarına Hacı Azadə-Talehin baş redaktoru olduğu “Borçalı” qəzetinin Vəfa Dəmirçioğluna həsr etdiyi xüsusi buraxılışı təqdim olunub. Buraxılışda qəhrəman el qızımızın, həyatı, onun gələcək nəsillərə örnək olan döyüş yolu bir daha oxuculara çatdırılıb.