Damı uçan yataqxanadakı köçkünlər hara köçürüləcək?

Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsi tərəfindən damı uçmuş yataqxanada məskunlaşmış məcburi köçkün ailələrinə yerləşdirilmələri ilə bağlı bir neçə yer təklif edilib.

Bu sözləri Axar.az-a komitənin mətbuat katibi İbrahim Mirzəyev Bakı şəhəri Nərimanov rayonu, Nazim Hacıyev küçəsi, 6 ünvanında yerləşən yataqxanadakı 11 noyabr tarixində baş verən uçqundan sonra orada məskunlaşmış məcburi köçkün ailələrinin taleyi ilə bağlı danışakən deyib.

İ.Mirzəyev bildirib ki, məcburi köçkünlərin öz fikirləri əsas götürüldüyü üçün hazırda onların verəcəyi qərarı gözləyirlər:

“Özləri harada yerləşdirilmələri ilə bağlı qərar verdikdən sonra bizə məlumat verəcəklər. Komitə də onların yerləşdirilməsini həyata keçirəcək”.

Bildirilib ki, komitə həmin ailələrin respublika ərazisində müxtəlif qəsəbələrdə, fövqəladə hallar üçün nəzərdə tutulmuş boş mənzil fondunda müvəqqəti yerləşdirilməsi istiqamətində iş aparır.

Xatırladaq ki, 11 noyabr tarixində 4-cü mərtəbəsinin damı uçan Bakı şəhəri Nərimanov rayonu, Nazim Hacıyev küçəsi, 6 ünvanında yerləşən yataqxanada 17 məcburi köçkün ailəsi məskunlaşıb.