Prezident İrəvana bir daha Qarabağ mesajı verdi: Həm də TARİXİ FAKTLARLA

“Prezident İlham Əliyev bir daha Dağlıq Qarabağın həmişə Azərbaycanın ayrılmaz hissəsi olduğunu vurğuladı”. Bunu Sherg.az-a açıqlamasında Demokratik Azərbaycan Dünyası Partiyasının sədri Əlisahib Hüseynov deyib. 

Partiya rəhbəri bildirib ki, dövlət başçısı Ermənistanın “liberal-demokrat” qiyafəsinə bürünmüş, amma əsl həqiqətdə qatı millətçilik xəstəliyinə tutulmuş liderinə - Nikol Paşinyana Qarabağın tarixi keçmişi ilə bağlı mesajlar ünvanladı: 

“Prezident bəyan etdi ki, “Dağlıq Qarabağ qədimdən Azərbaycan ərazisi olub. Bütün qədim xəritələrdə və Çar Rusiyasının xəritələrində Dağlıq Qarabağdakı bütün toponimlər Azərbaycan mənşəli olub”. Ölkə rəhbəri vurğulayıb ki, XIX əsrdə ermənilərin Qarabağa köçürülməsinə başlanılıb ki, bu da XX əsrin əvvəllərində bu regionun milli tərkibinin dəyişməsinə səbəb olub. Əlbəttə, Prezident bu həqiqətləri sadəcə dünyanın hər yerindən Bakıya gəlmiş dini liderlərin deyil, eyni zamanda rəsmi İrəvanın siyasətini müəyyənləşdirən şəxslərin də eşitməsi üçün səsləndirib. Bu gün Ermənistanı idarə edən avantüristlər qulaqlarına pambıq tıxamağa son qoyaraq, tarixi həqiqətləri eşitməli və qəbul etməlidirlər”. 



Partiya sədri: “Paşinyan biraz da Qafqazın tarixi ilə bağlı kitabları vərəqləsin"


Ə.Hüseynovun sözlərinə görə, Parisdə “nağıl” danışan və Azərbaycana qarşı həyasız ittihamlar irəli sürən Nikol Paşinyan selfi çəkdirməkdən və tez-tez Feysbukda canlı yayımlar təşkil etməkdən əl çəkməlidir: 

“Qoy, biraz da Qafqazın tarixi ilə bağlı kitabları vərəqləsin. Hakimiyyətdə olduğu son 2 il ərzində hələ də vaxt tapıb “Madrid prinsipləri” ilə yaxından tanış olmayan və orada söhbətin konkret nədən getdiyini dərk etməyən Paşinyan bu gedişlə ermənilərin tarixinə qara ləkə kimi düşəcək. Təəssüf ki, Paşinyan kimi tarix bilgisi sıfırın altında olan populist erməni siyasətçilərinin ucbatından bu gün həm Azərbaycan xalqı, həm də ermənilərin özləri əziyyət çəkir”.

Qeyd edək ki, Prezident İlham Əliyev Bakıda Dünya dini liderlərinin II Sammitinin açılışındakı çıxışı zamanı deyib ki, “Dağlıq Qarabağ həmişə Azərbaycanın ayrılmaz hissəsi olub”. Dövlət başçısı vurğulayıb ki, Dağlıq Qarabağ qədimdən Azərbaycan ərazisi olub: “Bütün qədim xəritələrdə və Çar Rusiyasının xəritələrində Dağlıq Qarabağdakı bütün toponimlər Azərbaycan mənşəli olub”.