Türkiyə Hava Yolları təyyarədə doğulmuş şəxsi işə götürdü - VİDEO

Türkiyənin milli aviadaşıyıcısı - "Türk Hava Yolları" (THY) şirkəti 29 il bundan əvvəl təyyarədə doğulmuş şəxsi işə götürüb.

Report xəbər verir ki, bu barədə Bakıda keçirilən sayca 5-ci “HR Summit Baku 2019” beynəlxalq tədbirində THY-nin Baş direktorunun insan resursları üzrə müşaviri Abdulkərim Çay məlumat verib.

Belə ki, həmin şəxs 1990-cı il sentyabrın 9-da THY-nin İzmir-Frankfurt reysini yerinə yetirən “Boinq 727” markalı sərnişin təyyarəsində dünyaya gəlmiş Erkan Geldidir. Uşağa həmin təyyarənin kapitanı Erkan Süzerin adı verilib.

Türkiyə mediasına açıqlama verən E.Gəldi bildirib ki, bilet almaq üçün THY-nin internet səhifəsinə daxil olub, orada iş elanı görərək şirkətə müraciət edib və hazırda təyyarələrdən birinin heyət üzvlərindən biridir. O, ötən il THY-nin 85 illiyi ilə bağlı çəkilmiş çarxda da yer alıb.