"Kimin toya havayı, kimin pulla getdiyini öyrənmək çox asandır" - AKTUAL

Azərbaycan balaca bir ölkədir. Əslində Azərbaycan böyük bir kəndi xatırladır, hamı hər kəsi tanıyır



Vergidən yayınmaq üçün bizdə bir çox üsullardan istifadə etmək sanki dəb halı alıb. Hərə bir şəkildə vergidən yayınmağa çalışır. Ən maraqlısı isə odur ki, sadə vətəndaşların vergidən yayındığını demək çətindir. Kim daha çox pul qazanırsa, elə vergidən də məhz bu şəxslər yayınmağa çalışır. Vergidən yayınanlar arasında sənət adamları xüsusi üstünlük təşkil edirlər. 10-15 min manata toylara getməklə fəxr edən müğənnilər, sənət adamları vergiyə gələndə qəpik-quruş ödəyəndə də problem yaranır. Elə millət vəkili Qüdrət Həsənquliyev də Milli Məclisdə Vergi Məcəlləsinə dəyişikliklərin müzakirəsi zamanı bu problemə toxunub. Millət vəkilinin fikirləri müzakirələrə səbəb oldu. 

Şadlıq evlərində müğənnilərin, videoçəkənlərin, fotoqrafların sadələşdirilmiş vergiyə cəlb olunmasına etiraz edən millət vəkilinin sözlərinə görə,  bu gün elə müğənnilər var ki, onlar toya 10-14 min manata gedir. Belə olan halda onların da sadələşdirilmiş qaydada vergiyə cəlb olunaraq ayda 30 manat verilməsi nəzərdə tutulur. Hamımız toy etmişik. Videooperatorlar var ki, iki mindən aşağı video çəkmirlər. Fotoqraflar toydan sonra şadlıq sarayındakı administratora 500 manat pul verir. Bir toydan 10 min, 20 min, manata qazananda 30 manat vergi vergi versin, çəkməçilik edib gündə 5 manat qazanan da? Bu nə qədər ədalətli yanaşmadır? Bu ədalətsizlik aradan qaldırılmalıdır”- Q.Həsənquliyev deyib.



Baba Vəziroğlu: "Ucdantutma bütün müğənnilərdən eyni məbləğdə verginin tutulması ədalətsizlikdir"


Müğənnilərin vergidən yayınma məsələsinə münasibət bildirmək üçün Əməkdar incəsənət xadimi, şair Baba Vəziroğlu ilə əlaqə yaratdıq. O, açıqlamasında bunları «Şərq»ə bildirdi:

«Millət vəkilimiz çox doğru bir fikir səsləndirib. Haqlıdır, vergi məcəlləsində dəyişikliklərə də ehtiyac var. Qaldı müğənnilərin vergidən yayınması, çox qazanıb, dövlətə az  vergi ödəməsinə, həqiqətən bu məsələ yenidən müzakirə tələb edir. Loru dildə desək, bu, yağla şorun müqayisəsinə bənzəyir. Yəni anormal bir vəziyyət yaranıb. Yağın öz qiyməti var, şorun öz qiyməti. Ucdantutma hamıdan eyni məbləğdə vergi tutulması fikrimcə ədalətsizlikdi. Təxminən bu ona bənzəyir ki, böyük bir zavodla, istehsalat birliyi ilə qəzet köşkü eyni dərəcədə vergi ödəmiş olur. Bu həqiqətən müzakirəyə əsas verir. Ona görə də Qüdrət müəllimin fikirlərində böyük həqiqət var. Vergi məcəlləsində buna müvafiq düzəlişlər olmalıdır. Hər kəsdən qazancına, gəlirinə görə vergi tutulmalıdır. Vergini biz əcaib şəkildə təqdim edib, qəbul etməyə çalışırıq. Sanki vergini bizdən alıb, kimsə restoranda xərcləyir. Elə deyil axı. Ay bala, vergi nədir? Vergi bizim sosial həyatımızın yaxşılaşdırılması üçün istifadə olunan mənbədir.  Vergi abadlaşmış küçələrimiz, rahat parklarımızdı, işıqlandırılan şəhərimiz, qəsəbəmizdi, təhsilimiz, məktəblərimiz, regionların abadlaşdırılmasıdır. Dövlətin qazancı hardandı? Vergidən. Vergi verilməlidir ki, biz təmiz küçələrdə yeriyə bilək, təmirli məktəblərdə uşaqlarımızı oxuda bilək. Səhərdən axşama qədər şəhərin küçələrində işıqlarımız yanır. Bu hardan  gəlir? Bizdən parka daxil olmaq üçün pul almırlar ki? Əslində alırlar, sadəcə əvvəldən alınır, vergi şəklində biz bunu ödəmiş oluruq, o verginin də hesabına sosial həyatımızda lazım olan yerlərə vəsait xərclənir».

Baba Vəziroğlu müğənnilərin vergi məsələsinə də toxundu:

«Bu problemin həlli yolu monitorinqlərin keçirilməsidir. Vergidən yayınmanın yolu necə aşkarlanır? Onda hər bir zavod direktoru 1000 işçi işlətsin, vergiyə gələndə 100 işçinin vergisini ödəsin. Niyə buna nəzarət edə bilirlər, amma müğənnilərin ayda nə qədər toya getdiyini, hansı restoranlarda çıxış etdiklərini təyin edə bilmirlər? Qaldı müğənnilər bəhanə olaraq qeyd edirlər ki, toya qonaq qismində dəvət olunublar, yəni ordan gəlirləri yoxdur, dost, qohum toyuna gediblər. Bunu da təyin etmək çətin deyil. Əgər monitorinqlər şəffaf və mütəmadi aparılsa, müğənninin toya qonaq kimi gedib, ya qonorar hesabına orda iştirakını da təyin etmək çətin deyil. Müğənni qonaq kimi gedəndə kiminsə adı ilə çıxış edir, nə bilim, bir-iki mahnı oxuyub səhnəni tərk edir, filan. Pulla toya gələn müğənni isə yarım saat, ya başdan-ayağa toyu idarə edirsə, demək ki, bura qonorarla gəlib. Yəni bunu təyin etmək inanın çətin deyil. Amma monitorinq aparılmalıdır. Necə olur ki, zavod direktoru vergidən yayınmaq üçün işçi sayını az göstərəndə bunu Vergilər Nazirliyi tuta bilir, müğənninin toya qonorarla gedib, getmədiyini təyin edə bilmir? Buna qara mühasibat deyirlər də. Azərbaycan balaca bir ölkədir. Əslində Azərbaycan böyük bir kəndi xatırladır, hamı hər kəsi tanıyır. Bir də bir müddət bu məsələyə nəzarət oldu, sonra yenə unuduldu. Bizdə belədirdə, bir məsələnin üstünə düşürük, yekun isə nəticəsiz qalır. Vergi işçiləri aydan, başqa planetdən gəlməyiblər ki? Onlar da bu cəmiyyətin içində olanlardı. Bilmirlər ki, kim toya gedəndə havayı gedir, kim pulla oxuyur? Bir müddət verginin üzərinə düşdülər, sonra dayandı. Əgər vergidən yayınan müğənniyə böyük bir məbləğdə cərimə kəsilsə, bu onlara dərs olar, növbəti dəfə vergidən yayınmaqdan ehtiyat edərlər. Bir müddət öncə Lerikdə vergi işçilərinin döyülməsi faktı oldu, məşhur istirahət məkanlarının birində baş verən bu hadisənin axırı nə oldu? Bu barədə ictimaiyyətə məlumat verilsəydi, müğənni də bilərdi ki, vergidən yayınmağın sonu məsuliyyətə cəlb olunmaq ola bilər. Hər bir vergi ödəyicisi üzərində məsuliyyət hiss etməlidir. Cəzasızlıq mühitində bu anarxiya həmişə olacaq. Onlara qarşı ciddi cəzalar tətbiq olunsa, müğənni vergidən yayınmaqdan ehtiyat edər».