Nurlan Həsənli: "Yerli serialların senarisi bərbad vəziyyətdədir"

 "Bir də görürsən filmdə yalançı gülüşdən başqa bir şey tapmırsan"



Bir vaxtlar yerli serialların olmamasından, bədii filmlərin çəkilməməsindən gileylənirdik. Sonra yavaş-yavaş yerli seriallar da çəkilməyə başladı, filmlər kinoteatrlara yol tapdı. Daha sonra yerli serialların keyfiyyətini, çəkilən ekran işlərinin zəifliyini tənqid etməyə başladıq. Təbii ki, sadalanan iradların haqlı tərəflərinin olduğunu da danmaq haqsızlıq olar. Elə bu tənqidlərdən yola çıxıb gənc senarist  Nurlan Həsənli ilə söhbət etmək qərarına gəldik.

Müsahibimizin yerli ekran əsərləri ilə bağlı haqlı iradları, tənqidləri, fikirləri oldu. N.Həsənli ilə söhbətimizi «Şərq»in oxucularına təqdim edirik. 

- Son illər çəkilən filmlərin keyfiyyəti sizi qane edirmi?

- Etiraf edim ki,  yox, qane etmir. Sənət nöqteyi-nəzərdən heç qane etmir.  Bu gün çəkilən ekran əsərlərinin dramaturji yükü zəifdi. 

 - Qane etməyən tərəflər barədə danışaq.

- İlk əvvəl senarinin yazılışı doğru olmur. Yəni qrammatik məqamla bağlılığı yoxdu, dramaturji baxımdan qüsurlar çoxdu. Deyək ki, qısametrajlı film üçün uyğun bir senarini uzadıb tam bədii film olaraq çəkmək artıq keyfiyyət məsələsinə təsir etmiş  olur. İndi çəkilən filmlərin dramaturji bölgüsünün  olmamağı ən böyük problemlərdən sayılır. Hətta festivallara göndərilən filmlərin də senarisi zəif, bəsitdi.  Çəkilən, kinoteatrlarda nümayiş olunan kommersiya filmlərinin senariləri ümumiyyətlə bərbad vəziyyətdədir.

- Yəni kinoteatrlarda təqdim olunan filmlərin senarisi sizi qane etmir?

- Qane etmir. Çünki qüsurlar çoxdu. Komik filmlərdə o qədər bəsitliyə qaçırlar ki, tamaşaçı yorulur.  Deyək ki, filmdəki qəhrəmanın xarakterinə uyğun olmayan replikalar, nə bilim, o xarakteri tamamlamayan yersiz sözlər, ifadələr, jestikalar və digər məqamlar sıradan gülüş yaratmaq istəyindən xəbər verir. Xarakterin qoyduğu xüsusiyyətlər yandırılsa belə, yersiz elementlərdən, replikalardan istifadə olunur. Hekayə yazılsın, uzansın deyə senari  hazırlanır. Yalançı gülüşdən başqa bir şey tapmırsan. Filmlərin senarilərində yazıçıları həmin anda güldürə biləcək primitivlik var.  

- Hazırda hansı rejissorla çalışırsız?

- İndiyə qədər seriallarda çəkilmişəm. Ancaq ilk dəfə Emil Quliyevin filmində senarist olaraq çalışacam.

- Səbəb nə oldu ki, Emili seçdiniz? Axı o da peşəkar rejissor deyil.

- Onun filmlərində yüksələn xətti görə bilməyimdir. 3 filmin senarisi özünə aid olub. Bu dəfə birgə çalışmağa qərar verdik. Hələ ki, bilmirik nə çəkiləcək. Ancaq qərara gəlmişik ki, yaxın müddətdə onunla birgə işə başlayaq. Emin peşəkar rejissor  olmasa da, çəkdiyi ekran əsərləri maraq yaratdı. Onun çəkdiyi «Sonuncu pərdə»nin çəkilişlərinə mən də getmişəm. Məqsədim Emili çəkiliş meydançasında müşahidə etmək idi. Əgər məni qane edərsə, onunla işləməyə qərar verəcəkdim. Belə də alındı. Çəkiliş meydançasında mən Emilin nə qədər məsuliyyətli olduğunu, aktyorlarla işləmək bacarığını müşahidə etdim. «Sonuncu pərdə»nin çəkilişlərində gördüyüm o oldu ki, Emil aktyorlarla professional rejissorlardan da yaxşı çalışa bilir. İstəyini çox mükəmməl şəkildə izah edə bilir, aktyordan istədiyini ala bilir. Çox proqrasiv adamdı. Üzərində çalışır, qarşısında olan insandan öyrənməyə həvəsi olan bir gənc rejissordu. Rejissor olaraq eqoist deyil. Onun müşahidə qabiliyyəti var deyə, bu da senarist olaraq mənim üçün vacib amillər idi. O hekayələri yarada bilir. Hekayə ondan gəlir, mən o hekayəni senariləşdirib peşəkar bir iş qoymağa çalışıram.

- Seriallarda çalışmısız. Niyə yerli  seriallar hələ də tənqid olunur? Türk filmləri kimi maraq yarada bilmir? 

- Səbəbləri çoxdur. Yeni bir serialın çəkilişləri başlayacaq. İctimai televiziyada «Əks təsirlər» adlı serial çəkiləcək. Qaldı türk filmləri ilə yerli serialların fərqinə. İlk əvvəl seriallarda maddiyyat problemləri var. Zəif yazılan senarilər də ola bilər, güclü çəkilən seriallar da olur. Amma onlar çəkiliş meydançasına gedəndə maddi problemlərin üzündən  o ekran əsəri zəif alınır. Çünki senaridə olanların hamısını çəkmək mümkün olmur. İkinci ən böyük səbəb verilən vaxtın çox qısa müddətli olmasıdır, texnikanın zəifliyi, geyimə, texniki tərəflərə ayrılan pulun az olması da seriallarımızın süni görünməsinə gətirib çıxarır.

- Sizcə, yerli serialların süni görünməsi təkcə bu problemlərlə bağlıdırmı? Bəs aktyor oyunu?

- Bəli, razıyam, seriallarımızın süni olması həm də aktyor ifaları ilə bağlıdır. Aktyorlarımızda  süniliyi qıra bilmək çətinliyi var. Bəzi aktyorlar bu süniliyi qıra bilir. Amma bir çox aktyorlarımız var ki, çəkiliş meydançasında o süniliyi qıra bilmək potensialına sahib deyillər. Üstəlik, quruluşçu rəssamın işi, geyimlər, texniki məqamlar. Aktyor öz evindən gətirdiyi libasda filmə çəkilirsə, artıq bu, çətinlik yarada bilir. Çünki obraz, xarakter başqa geyim tələb edir, məcburiyyətdən aktyor öz qarderobundan geyinməli olursa, bu artıq filmin baxımlı və ya təbii olub-olmamasına təsirini göstərmiş olur. Yəni süniliyi qıra bilmirik. Xırda görünən problemlər sonda ciddi qüsurlara səbəb ola bilir. Film əvvəl kağız üzərində hazırlanır. Kağızdan keçəndən sonra çəkiliş meydançasına keçiddə digər məqamlar xırda görünsə belə, vacib amillərdi. Aktyorların içərisində süniliyi qıranlar çox az olur.  Bir də çəkilən seriallarımızın günlük olması da keyfiyyətə təsirsiz  ötüşmür. 200 bölümü qısa müddətdə çəkmək təkrarçılığı səbəb yarada bilir.