Lavrovun Yerevan səfəri: "Qarabağ tənzimlənməsində arxitektur dəyişikliklər baş verir"

"Rusiya Xarici İşlər naziri Sergey Lavrovun Ermənistana səfəri bir müddət gündəlikdə qalacaq. Ehtimal ki, Dağlıq Qarabağ tənzimlənməsində arxitektur dəyişikliklər baş verir. Bütün bunları anlamaq üçün müəyyən qədər vaxt lazımdır. Amma 3 məsələ aydındır". 

Sherg.az-ın xəbərinə görə, bunu  Siyasi İnnovasiya və Texnologiyalar Mərkəzinin direktoru, politoloq Mübariz Əhmədoğlu deyib. 

O bildirib ki, birincisi Sergey Lavrov Yerevanda "Dağlıq Qarabağ xalqı", "Dağlıq Qarabağ əhalisi" terminini işlətdi:

"Bu termin Lavrovun, ümumiyyətlə Rusiya rəsmilərinin dilində ilk dəfə idi səslənirdi. Çünki hazırda Dağlıq Qarabağın statusunu müəyyən edəcək subyektin kimliyi çox ciddi müzakirə mövzusudur. Ermənilərin də bütün özünü aldatmaları onun üzərində qurulub. S.Lavrov bu termini işlətməklə bəlli oldu ki, 25 il ərzində tənzimlənmə prosesində ermənilər "Dağlıq Qarabağ xalqını" təqdim edə bilməyiblərsə, bundan sonra da təqdim edə bilməyəcəklər. Amma Lavrovun "Dağlıq Qarabağ əhalisi" ifadəsindən əvvəl "Dağlıq Qarabağ xalqı" frazasını işlətməsi də təsadüfi hesab edilməməlidir. Dağlıq Qarabağ ermənilərinin separatizminin alovlanmasında dünya erməniliyinin bütün tərkib hissələri iştirak edib. Buna görə Lavrov eklektik mövqe-real həqiqətlə yanaşı, erməni arzusunu ifadə etməyə məcbur olub. "Dağlıq Qarabağ xalqı"nın qəbul etmədiyi sənədi Ermənistanın imzalamayacağını qürurla bəyan edən Lavrov ATƏT-in konsensus mexanizmini tənzimlənmənin əleyhinə olduğunu fəxrlə bildirir. Azərbaycanın alternativ vasitəçilik axtarışlarının mahiyyəti məhz bundadır.



Politoloq: "Dağlıq Qarabağ xalqı"nın qəbul etmədiyi sənədi Ermənistanın imzalamayacağını qürurla bəyan edən Lavrov ATƏT-in konsensus mexanizmini tənzimlənmənin əleyhinə olduğunu fəxrlə bildirir"


İkincisi Lavrovun Yerevanda səsləndirdiyi bəyanatlar Ermənistan rəhbərliyinə, xüsusən Paşinyan və Mnasakanyana ruh yüksəkliyi verdi. Başqa effekt yoxdur və yaxın gələcəkdə də Ermənistanda hamı Lavrovun səfərindən dərin peşmançılıq hissi keçirəcək:

"Üçüncüsü Lavrov erməni siyasətçilərinin arzusunu müəyyənləşdirdi və çox dəqiqliklə həmin arzunu həyata keçirtdi. Sən demə Ermənistan siyasətçilərinin, dövlət rəsmilərinin və politoloqlarının arzusu "dəvəquşu" olmaq imiş. S.Lavrov onların doğrudan da əsl "dəvəquşu" kimi görünməsinə imkan yaratdı.

S.Lavrov Yerevana bioloji laboratoriyalarla bağlı müqaviləni imzalamaq üçün gəlmişdi. Amma həmin müqavilə imzalanmadı və onun dalınca da Rusiya Təhlükəsizlik Şurasının katibi N.Patruşev MDB məkanındakı laboratoriyalarla bağlı kifayət qədər ciddi açıqlamalar verdi. Lavrovun bioloji laboratoriyalar haqqında müqaviləni imzalamamasının səbəbi və yaxud Ermənistanın guya həmin müqavilənin imzalanmasını təxirə salması isə bu tamam ayrı bir mövzudur. Ortada Ermənistanın razılıq verdiyi qat-qat ciddi məsələlər var. Tədricən yaxın vaxtlarda bunları izah etməyə çalışacağıq".