Tbilisidə müxalifət izdihamlı mitinq keçirib


Gürcüstan birləşmiş müxalifəti noyabrın 17-də paytaxt Tbilisidə, parlamentin binası qarşısında etiraz aksiyası keçirib.

AZƏRTAC xəbər verir ki, beş minə yaxın insanın iştirak etdiyi aksiyada növbədən kənar parlament seçkilərinin keçirilməsi, ölkədə proporsoinal seçki sisteminə keçid, müvəqqəti hökumətin yaradılması tələb olunub.

Tbilisidə Puşkin parkından başlayan yürüşün iştirakçıları da parlamentin binası qarşısında aksiyaya qoşulublar.

Gürcüstan Müstəqil Ekspertlər Klubunun prezidenti Soso Tsiskarisvili AZƏRTAC-a müsahibəsində deyib: “Biz ölkəmizdə demokratiyanın təmin olunması, hamının bərabər şəkildə, eyni hüquqlar çərçivəsində, qonşularla təmiz dostluq şəraitində yaşamasını istəyirik. Lakin indiki hakimiyyətdə bunu istəməyən qüvvələr var. Məqsədimiz onları hakimiyyətdən uzaqlaşdırıb, yeni, daha demokratik, Avropa dəyərlərinə sadiq dövlət qurmaqdır. İnanırıq ki, buna nail olacağıq”.

Siyasətşünas Simon Kopadze də aksiyadan böyük dəyişikliklər gözlədiyini bildirib: “Bu ilin iyununda indiki iqtidar proporsoinal seçki sisteminə keçidlə bağlı xalqa vəd verdi. Lakin bu vədə əməl etməyən iqtidar əslində bu addımı ilə bütün müxalifəti birləşdirdi. İnanıram ki, bu birlik çox şeyə nail olacaq”.