Aqil Abbas Mirzə Cəlilin nəticəsinə məsləhət verdi: "Ağcabədiyə getsin..."

Yazıçı-dramaturq, ictimai xadim Cəlil Məmmədquluzadənin nəticəsi Martin Cavanşiri Azərbaycana gəlib. O, qeyd edib ki, Azərbaycana ilk dəfədir səfər edir və ölkəyə heyran olub:

“Azərbaycan haqqında təəssüratlarım belədir ki, Azərbaycan həm müasirdir, həm də ənənələrə, mədəniyyətə bağlı olan ölkədir. Ümid edirəm, səfərimiz davamlı olacaq. Babam Cəlil Məmmədquluzadə haqqında məlumatım olsa da, onun Azərbaycanda bu qədər əhəmiyyətli şəxs olduğundan xəbərdar deyildim”. 

C.Məmmədquluzadənin nəticəsi Martin Cavanşirinin Azərbaycana səfəri ilə bağlı fikirlərini Sherg.az-la bölüşən millət vəkili Aqil Abbas belə səfərin təqdirəlayiq olduğunu bildirib:

“Çox istərdim ki, Martin Cavanşiri Ağcabədiyə gedib nənəsinin evini, ulu babasının qəbrini  də ziyarət etsin. Ümumiyyətlə, görkəmli şəxsiyyətlərimizin soyundan olanların ölkəmizə gəlməsi çox xoşdur.  Martin Cavanşirinin Azərbaycana gəlməsinə çox sevindim. Başqa hansı görkəmli şəxsiyyətlərimizin nəvə-nəticələri Bakıya gələ bilər? Açığı, bunu deyə bilmərəm. Amma belə səfərlərin olması çox yaxşı haldır”.

Qeyd edək ki, bir müddət öncə məşhur xeyriyyəçimiz H.Z.Tağıyevin Fransada yaşayan nəticəsi Alban Klod da ölkəmizə səfər etmişdi. Bu, milyonçu Hacının ikinci oğlu Sadıxın nəvəsi olan Alban Klodun Azərbaycana ilk səfəri idi.