Prezidentlərin dostluğu Rusiya-Azərbaycan münasibətlərinin inkişafına təkan verir - RƏY

Prezident İlham Əliyev Qafqazda təhlükəsizliyin daha da möhkəmlənməsi və əməkdaşlığın inkişafı üçün Rusiya-Azərbaycan münasibətlərinin həlledici rol oynadığını bildirib. Ölkə başçısı qeyd edib ki,  Rusiya-Azərbaycan münasibətləri Qafqazda sülhün, təhlükəsizliyin və əməkdaşlığın möhkəmlənməsi üçün çox böyük əhəmiyyət kəsb edir:

“Əlbəttə ki, bizim görüşlər və sıx qarşılıqlı əlaqələr çox uğurla inkişaf edən və artıq çoxdan bəri strateji tərəfdaşlıq səviyyəsinə çatmış Rusiya-Azərbaycan münasibətlərinin mühüm amilidir.
Rusiya Prezidenti Vladimir Vladimiroviç Putinlə mənim çoxsaylı görüşlərim bizim dostluq, mehriban qonşuluq əlaqələrimizin daha da möhkəmlənməsində çox mühüm rol oynayır. Bu yaxınlarda - ötən ay mən Rusiya Prezidentinin dəvəti ilə Soçidə “Valday” Diskussiya Klubunun işində iştirak etdim və həmin səfər çərçivəsində Rusiya Prezidenti ilə də görüşümüz oldu. Biz münasibətlərimizin çox geniş gündəliyinə bir daha nəzər saldıq və əlaqələrimizin bütün istiqamətlər üzrə durmadan inkişaf etdiyini bir daha gördük.



Kənan Paşayev: "İki ölkə arasındakı münasibət iqtisadi cəhətdən də önəmli rola malikdir"


Prezidentin çıxışını Sherg.az-a dəyərləndirən “Atlas” Araşdırmalar Mərkəzinin eksperti  Kənan Paşayev bildirib ki, bu gün Azərbaycan Cənubi Qafqazda Rusiyanın əməkdaşlıqdan ən çox xeyir əldə etdiyi dövlətdir:

“Hansı ki Azərbaycanla olan əməkdaşlıq digər dövlətlərdən fərqli olaraq Rusiya üçün heç bir təhlükə kəsb etmir. Azərbaycan prezidenti İlham Əliyev Rusiya prezidenti Vladimir Putinin beynəlxalq arenadakı ən yaxın dostudur. Prezidentlər arası bu yaxın münasibət, ölkələrimiz arasındakı münasibətlərin inkişafına əsaslı təkan verir. Bu gün Cənubi Qafqaz regionunda var olan bir sıra münaqişə ocaqlarının əksinə, Azərbaycanla Rusiya arasındakı sıx dostluq münasibətləri regionun təhlükəsizliyi və inkişafı üçün çox önəmlidir. Azərbaycan Rusiya bazarlarının ən vacib alıcılarından sayıldığı kimi, hazırda Rusiya da Azərbaycan bazarlarının əsas alıcı qüvvəsidir. Bu səbəbdən iki ölkə arasındakı münasibət iqtisadi cəhətdən də önəmli rola malikdir”.