Şirkət rəhbəri işləmək istəyən gənc qadına əxlaqsız təklif etdi - FOTOLAR

Bakıda bir şirkətin yerləşdirdiyi elandakı nömrəyə mesaj yazan gənc qadın əxlaqsız təkliflə üzləşib.

Özünü şirkətin rəhbəri kimi təqdim edən şəxs qadınla katibə işinin yerinə yetirməli olduğu "vəzifələri" izah edib. Bir qədər sonra yazışma təhqiramiz formaya keçib. Belə ki, müdir qadına katibə işləyəcəyi təqdirdə onunla intim münasibətdə olacaqlarını da əlavə edib. Onların "WhatsApp" yazışmalarının görüntüləri sosial mediada yayılıb.



Sosioloq: "Aidiyyəti orqanlar yuxudan ayılmalıdır"


Hadisəni dəyərləndirən sosioloq Əhməd Qəşəmoğlu Sherg.az-a bildirib ki, bu cür xoşagəlməz halların yaşanmasında əsas səbəb cəmiyyətdə əxlaqi dəyərlərin azalmasıdır:

“Mən artıq belə hadisələrdən xəbərdar olduqca əsəbləşirəm. Çünki neçə illərdir bildirirəm ki, ölkəmizdə mənəviyyət və əxlaqla bağlı məsələlər başlı-başına buraxılıb. Bu zaman eybəcər hallar günü-gündən artır. İnsanlar hər cür yollarla pis əməllərə əl atırlar. Həmin iş elanını verən şəxslər həmçinin, qızları evə çağırıb onların başına oyun açırlar. Cəmiyyətdə mənəvi-əxlaqi keyfiyyətlər öndə dayanmalıdır. Neçə dəfələrlə bildirsək də, bu problemlər həll olunmur. Aidiyyəti orqanlar yuxudan ayılmalıdır. Ölkədə mənəvi-əxalqi dəyərlərin öndə olması ilə bağlı işlər getməlidir. Amma bu işlər getmir. Hətta məsul orqanlara lazımlı tədbirlərin görülməsinin vacibliyini bildirəndə heç adama cavab yazmırlar. Ona görə də artıq mən belə məsələlərə, hətta bu mövzu ilə bağlı olan müsahibələrə qeyri-ciddi yanaşıram. Mənəvi dəyərlər yox olur deyə belə iyrəncliklər yaşanır. Əxlaqi keyfiyyətlər ön plana keçməsə, problem həll olan deyil”.