Oqtay ƏsədovcMDB Parlament Assambleyasının plenar iclasında iştirak edəcək


Milli Məclisin (MM) Sədri Oqtay Əsədovun başçılığı ilə parlament nümayəndə heyəti MDB Parlament Assambleyasının (PA) Şura və növbəti plenar iclasında iştirak etmək üçün noyabrın 20-dən 22-nə kimi Rusiya Federasiyasının Sankt-Peterburq şəhərində səfərdə olacaq.

MM-in Mətbuat Xidmətindən verilən məlumata görə, Milli Nümayəndə heyətinin tərkibinə deputatlardan Xanlar Fətiyev, Fəzail Ağamalı, Mirkazım Kazımov, Bəxtiyar Əliyev, Parlament Aparatının rəhbəri Səfa Mirzəyev və digər rəsmi şəxslər daxildilər.

MDB PA-ın Şura iclasında plenar sessiyada müzakirəyə çıxarılacaq məsələlər nəzərdən keçiriləcək. Toplantıda quruma üzv ölkələrdə seçkilərin müşahidəsinin təşkili, Qazaxstanda, Belarusda, Özbəkistanda bu sahədə görülmüş işlər, II Dünya müharibəsində Qələbənin 75 illiyinə həsr olunmuş tədbirlər, təşkilatın fəaliyyətinin maliyəşdirilməsi və digər məsələlər müzakirə olunacaq.

Qurumun plenar sessiyasında Normativ hüquqi aktlar, Ekoloji zərərin hesablanması, Sosial turizm, Reklam haqqında model qanunlar, Ekoloji təhlükəsizlik üzrə Milli mərkəzlərin yaradılması və MDB PA-ın növbəti il üçün fəaliyyət istiqamətləri barədə məsələlərə baxılacaq. Milli Məclisin Sədri MDB PA-ın Şura və plenar iclaslarında müzakirə olunacaq məsələlərə Azərbaycan tərəfinin münasibətini bildirəcək.

Nümayəndə heyətinin üzvləri təşkilatın Sankt-Peterburqun Tavriya sarayında keçiriləcək daimi komitələrinin iclaslarında iştirak edəcək, gündəlikdəki məsələlərlə bağlı öz fikirlərini ifadə edəcəklər. Parlamentin Sədri Oqtay Əsədov səfər çərçivəsində tədbirlərdə iştirak edən nümayəndə heyətlərinin rəhbərləri ilə bir sıra görüşlər keçirəcək.